Namiq Əliyev (səfir)
Namiq Əliyev (Namiq Həsən oğlu Əliyev; 19 may 1956, Bakı) — Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri.
Namiq Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 may 1956 (67 yaş) |
Doğum yeri | |
Təhsili |
Həyatı
Namiq Həsən oğlu Əliyev 1956-cı il mayın 19-da Bakı şəhərində anadan olub. Valideynləri Tiflis şəhərindəndir. 1963–1973-cü illərdə Bakıdakı 160 saylı orta məktəbdə təhsil alıb. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan nəqliyyat prokurorluğunun müstəntiqi kimi başlayıb. 1989-cu ildə aspirantura yolu ilə Moskvada dissertasiya müdafiə edib, hüquq elmləri namizədi elmi dərəcəsi alıb.
1979–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində kiçik elmi işçi, müəllim, baş müəllim, dosent, dekan, dövlət quruculuğu və hüquq kafedrasının müdiri, 1992-ci il yanvarın 10-dan Azərbaycan Respublikası Ali Soveti Katibliyinin hüquq-mühafizə orqanları və müdafiə məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.
1993-cü il dekabrın 1-də Milli Məclis Katibliyinin Konstitusiya qanunvericiliyi şöbəsinin, 1996-cı il fevralın 27-də isə Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifələrinə təyin olunub.
2000-ci il dekabrın 20-dən bir müddət Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı vəzifəsində çalışıb.
2002–2003-cü illərdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsində çalışıb. Sonralar Milli Məclis aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri olub və Gürcüstana səfir təyin edilənədək bu vəzifədə işləyib.
1996-cı ildə Azərbaycan Respublikasının Fəxri ovçusu adına layiq görülüb.
1999-cu ildə ABŞ-nin Nebraska və Linkoln ştatlarının fəxri vətəndaşı seçilib.
2006-cı ildə Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın "Hüquq və Siyasi elmlər" üzrə redaksiya heyətinin üzvüdür.[1]
İstinadlar
- ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.