Nambarın Enxbayar
Nambarın Enxbayar (monq. Намбарын Энхбаяр; d. 1 iyun 1958, Ulan-Bator, Monqolustan) — Monqolustan prezidenti (2005-2009).
Nambarın Enxbayar | |
---|---|
monq. Намбарын Энхбаяр | |
Monqolustan baş naziri | |
26 iyul 2000 – 20 avqust 2004 | |
Monqolustan prezidenti | |
24 iyun 2005 – 18 iyun 2009 | |
Əvvəlki | Natsagiin Bagabandi |
Sonrakı | Tsaxia Elbeqdorj |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ulan-Bator, Monqolustan |
Partiya | Monqolustan Xalq İnqilabı Partiyası |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, yazıçı |
Həyat yoldaşı | Onongiin Tsolmon |
Uşağı | 4 |
Dini | buddizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nambarın Enxbayar 1 iyun 1958-ci ildə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində anadan olmuşdur.
Təhsili
İlk təhsilini Ulan-Batordakı rus dili təmayüllü orta məktəbdə almış, oranı bitirdikdən sonra 1975-ci ildə göndəriş ilə Moskva şəhərindəki Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur[1]. 1980-ci ildə ali məktəbdən filoloq-tərcüməçi ixtisası ilə məzun olmuşdur. 1985-1986-cı illərdə Böyük Britaniyanın Lids Universitetində ingilis dili və ədəbiyyatı üzrə təhsil kurslarında təhsil almışdır.
Karyerası
1980-1990-cı illərdə Monqolustan Yazıçılar Birliyində tərcüməçi, redaktor, xarici əlaqələr şöbəsinin müdiri, İcraçı Katib vəzifələrində çalışmış, Monqolustan Tərcüməçilər İttifaqının vitse-prezidenti olmuşdur[1].
Siyasi karyerası
1990-1992-ci illərdə Mədəniyyət və İncəsənətin İnkişafı üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır[1].
1992-ci ildə ilk dəfə olaraq ölkə parlamenti olan Monqolustan Dövlət Böyük Xuralının üzvü seçilmişdir[1].
1992-1996-ci illərdə Monqolustanın mədəniyyət naziri vəzifəsində çalışmışdır[1].
1996-1997-ci illərdə Monqolustan Xalq İnqilabı Partiyasının Baş Katibi və Parlament fraksiyasının rəhbəri olmuşdur. 1997-ci ildən 2005-ci ilə qədər Monqolustan Xalq İnqilabı Partiyasına rəhbərlik etmişdir[2]. Qeyd olunan illər ərazində özünün son 75 ildə çətin dövrünü yaşayan Monqolustan Xalq İnqilabı Partiyası müxalifətdə olan siyasi qurum idi[1].
Nambarın Enxbayar 1997-2000-ci illərdə Parlamentin azlıq fraksiyasına da rəhbərlik etmiş və 2000-ci ildə keçirilmiş Parlament seçkilərində 76 deputat yerindən 72-nə sahib olmaqla partiyası qələbə qazanmışdır. Bundan sonra Nambarın Enxbayar Monqolustanın baş naziri seçilmişdir. O, baş nazir olduğu müddətdə o üç dəfə ardıcıl olaraq ilin adamı nominasiyasının qalibi olmuşdur[1].
2004-2005-ci illərdə Monqolustan Dövlət Böyük Xuralının spikeri seçilmişdir. 22 may 2005-ci ildə isə ölkə Prezidenti seçildikdən sonra və partiya sədrliyindən istefa vermişdir[1]. 18 iyun 2009-cu ilə qədər bu vəzifədə olmuşdur.
Şəxsi həyatı
Rus və ingilis dillərini mükəmməl bilən Nambarın Enxbayar Plexanov adına Rusiya İqtisadi Akademiyasının Fəxri doktorudur. Monqolustanın ilk siyasi xadimidir ki, xarici ölkələrin rəhbərləri ilə rus və ingilis dillərində tərcüməçinin iştirakı olmadan danışır[1].
Ailəsi
Onongiin Tsolmon ilə ailəlidir. Onların bu nikahdan dörd övladı vardır. Övladlarının ikisi – 15 yaşlı qızı və 13 yaşlı oğlu Rusiya Federasiyasının Monqolustandakı səfirliyinin nəzdində fəaliyyət göstərən orta məktəbdə təhsil alırlar[1].
İstinadlar
- Rəsmi şəxslərin tərcümeyi-halları: Monqolustanın prezidenti Nambarın Enxbayar. mfa.gov.az, 20.06.2008 (az.)
- "Nambaryn Enkhbayar". britannica.com. 10 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2013.