Nadir Məmmədli (nazir)
Nadir Cəlil oğlu Məmmədli (mart 1897, Yelizavetpol – 1937, Kirovabad) — Naxçıvan MSSR Xalq Səhiyyə Komissarı, Azərbaycan Tibb Universitetin rektoru.
Nadir Məmmədli | |
---|---|
Nadir Cəlil oğlu Məmmədli | |
Naxçıvan Diyar Xalq Səhiyyə Komissarı | |
1931 – 1937 | |
Əvvəlki | Rüfətpaşa Səfərov |
Sonrakı | Aslan Tahirov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Tibb |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Həyatı
1916-cı ildə Gəncədə səkkiz illik klassik gimnaziyanı bitirib. N.Məmmədli 1916-1917-ci illərdə Gəncə şəhərində müəllim, 1918-1919-cu illərdə isə Gəncə şəhər bələdiyyə idarəsində müvəkkil işləmişdir. 1920-ci ildə o, Bakı şəhərinə köçmüş və həmin ildən ömrünün axırına kimi əmək fəaliyyətini səhiyyə işi ilə bağlamışdır. Məmmədli 1920-1925-ci illərdə Azərbaycan Xalq səhiyyə komissarlığında əvvəl inzibati şöbənin böyük kargüzarı, sonra isə işlər müdiri vəzifəsində çalışmışdır. N.Məmmədli 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunmuş və oranı bitirmişdir. 1930-cu ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini Azərbaycan Dövlət Tibb institutuna çevirmək haqqında qərar qəbul edir. Institutun ilk direktoru N.C.Məmmədli təyin olunur. O, institutda işlədiyi vaxtlarda respublikada ixtisaslı tibb kadrları hazırlamaq üçün Tibb institutunun nəzdində yeni fakültələrin açılması, ucqar rayonlar üçün həkimlərin hazırlanması, tədris bazalarının genişləndirilməsi və möhkəmləndirilməsi kimi məsələlərin həllində böyük təşkilatçılıq işi görür. Tibb institutu təşkil olunduqdan sonra bu yeni elm ocağı Milli tibb kadrlarının yetişdirilməsində böyük rol oynadı və N.Məmmədlinin bu işdə böyük xidməti xüsusi təqdirə layiqdir. O dövrdə əhali arasında geniş yayılmış malyariya xəstəliyinə qarşı mübarizə işi artıq dövlət əhəmiyyəti kəsb edir. Buna görə də Azərbaycan Xalq Komissarları Soveti yanında malyariya komitəsi təşkil olunur və Xalq Komissarları Sovetinin sədri Dadaş Bünyadzadə eyni zamanda bu komitənin sədri təyin edilir. N.Məmmədli isə komitəyə üzv seçilir. N.Məmmədli malyariyaya qarşı mübarizəyə öz bilik və bacarığını sərf edir. «Malyariya əleyhinə idarələrin işinə aid təlimat», Azərbaycan Tibb institutu nəzdində tropik fakültə təşkil edilməsi, 1932-ci ildə «Ikinci beşillikdə respublikada malyariya xəstəliyinin ləğv edilməsi və ona qarşı tədbirlərin baş planı»nın hazırlanmasında fəal iştirak edir.
Naxçıvan MSSR-də səhiyyə işlərini qaldırmaq və əhalinin sağlamlığını qorumaq üçün həyata keçirilən tədbirləri gücləndirmək məqsədilə N.Məmmədli Naxçıvana göndərilir və Muxtar Respublikanın Xalq Səhiyyə komissarı təyin olunur. N.Məmmədli Naxçıvanda xalq səhiyyəsinin inkişafı üçün böyük işlər görür. 1934-1937-ci illərdə səhiyyə sahəsində əldə edilən nailiyyətlər – yeni xəstəxanaların açılması, çarpayıların sayının artırılması, respublika sanitar epidemioloji və Naxçıvan şəhər Təcili yardım stansiyasının yaradılması, doğum və körpələr evinin, tibb məntəqələrinin təşkil edilməsi, tibb müəssisələri üçün yeni binaların tikilməsi, epidemik xəstəliklərə qarşı aparılan kompleks tədbirlər və s. N.Məmmədlinin adı ilə bağlıdır. 1931-ci ildə ilk dəfə Naxçıvan şəhərində tibb məktəbi açılmışdır. Bu vacib işin təşəbbüskarı N.Məmmədli olmuşdur. Həmin məktəb yerli əhalidən orta tibb işçisi kadrları hazırlamağa imkan vermişdir.[1]
1934-1936-cı illərdə Naxçıvanda mineral suların tədqiq edilməsi işində N.Məmmədlinin əməyi daha böyükdür. 1933-cü ildə Məmmədlinin təşəbbüsü ilə Azərbaycan Xalq Səhiyyə Komissarlığının xüsusi qərarı ilə ilk dəfə Naxçıvandakı mədən sularını elmi şəkildə öyrənmək məqsədi ilə Bakıdan mütəxəssis ekspedisiyası göndərilmişdir[2]. Onun təklifi ilə Bakıdan göndərilən ekspedisiyalar Sirab, Badamlı, Darıdağ və Nəhəcir mineral sularının fiziki-kimyəvi xassəsini və onların müalicə əhəmiyyətini öyrənmişlər.
N.Məmmədli nəinki bacarıqlı təşkilatçı, təşəbbüskar həkim, fəal ictimaiyyətçi olmuşdur, o, həm də layiqli elmi işçi kimi tanınmış, bir çox elmi əsərin müəllifi olmuşdur.
Nadir Cəlil oğlu Məmmədli 1937-ci ildə Gəncə şəhərində vəfat etmişdir.
Arvadı - Məmmədli Serafima İosifovna 1937-ci ildə represiya qurbanı oldu.[3]
İstinadlar
- Adil Nifti oğlu Məmmədov. Naxçivan MSSR-də Səhiyyənin tarixi və mərhələli inkişafi (1826 – 1966). Bakı, “Nurlan”, 2006.- 190 səh.
- "Arxivlənmiş surət" (PDF). 2017-10-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
- "https://ru.openlist.wiki/Мамедли_Серафима_Иосифовна_(1909)". 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.