Nadir Şah (tarixi roman)
Nadir Şah (tarixi roman) — Yunus Oğuz (Yunus İsaxan oğlu Əliyev) tərəfindən tarixi roman janrında yazılmış roman.[1]
"Nadir Şah (tarixi roman)" | |
---|---|
Nadir Şah (tarixi roman) | |
| |
Müəllif | Yunus Oğuz |
Janr | Tarixi roman |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 2010 |
Nəşriyyat | "Apostrof " nəşriyyatı |
Səhifə | 560 |
Növ | kitab |
Tiraj | 1000 |
Haqqında
Nadir Şah (tarixi roman) 2010-cu ildə Bakıda azərbaycan dilində "Apostrof" nəşriyyatında çap olunub. Kitabın ön sözünün müəllifi Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərovdur. Əsər böyük Azərbaycan hökmdarı Nadir şah Avşarın fəaliyyətindən bəhs edir! "Nadir Şah" romanı müxtəlif dillərə tərcümə olunub. 2014-cü il Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Yunus Oğuzun "Nadir şah" romanı əsasında səhnələşdirilən "Nadir şah" tamaşasının premyerası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilən "Nadir şah" tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, bəstəkarı Sərdar Fərəcov, rəssamı isə İlham Elxanoğludur.
Məzmun
1501-ci ildə qurulmuş Azərbaycan Səfəvilər dövlətinin süquta uğradığı, Nadir şahın siyasi səhnəyə çıxdığı dövrü təsvir edən əsər böyük sərkərdənin hakimiyyətə gəlməsindən, apardığı müharibələrdən, Azərbaycanı, türk dünyasını birləşdirmək istəyindən danışır. Müəllif əsərdə o dövrdə baş verən hadisələri müfəssəl təfsilatla verir, saray münaqişələrinin mahiyyətini ustalıqla açır, tarixin məişətinə daxil olmağı bacarır. Romanla Nadir şahı qanuni xanədanı-Səfəviləri devirməkdə suçlandıranlara cavab verən Yunus Oğuz böyük sərkərdənin hakimiyyətə gəlməsini tarixi qanunauyğunluq kimi səciyyələndirir. Oxucuya aydın olur ki, Nadir şahın hakimiyyətə gəlməsi tarixin ziddinə olan proses yox, Azərbaycanın tarixində müsbət hadisə idi. Əsər böyük Azərbaycan hökmdarına sevgi ilə yazılsa da, tarixə obyektiv yanaşması ilə seçilir. Romanda Nadir şahın təkcə döyüşçü-sərkərdə deyil, diplomat bacarığı da qabarıq görsənir. Kitabın öz sözündə N. Cəfərov yazır: "Nadir şah" xalqımızın tarixinin ən məsuliyyətli və ən orta əsrlərdən qopub yeni dövrə keçdiyi dövrün tarixi hadisələri, buradan çıxan nəticələri kifayət qədər mükəmməl şəkildə təqdim bir əsərdir. Tarixə həm tarixin, dövrün öz gözü, həm keçmişindən, həm də gələcəkdən baxmağın nümunəsini verən bir əsərdir".[2]