Nəhəcir yaşayış yeri
Nəhəcir yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Naxçıvan şəhərindən 30 km şimal-şərqdə yerləşir.
Yaşayış yeri Nəhəcir dağının ətəyi boyunca cənub-şərq istiqamətində uzanır. Yerüstü materiallar içərisində Orta Tunc dövrünə aid boz və çəhrayı rəngli keramika ilə bərabər, bu dövrə aid boyalı qablar, həmçinin Orta əsr materialları da tapılmışdır. Təbii aşınma nəticəsində Nəhəcir yaşayış yerində meydana gələn kəsiklərdə daşdan hörülmüş tikinti qalıqları, boyalı qablar, əmək alətləri və osteoloji qalıqlar aşkara çıxmışdır.
Yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 metrdən artıqdır. Abidənin üzərindən toplanan materiallar həvənglər, dəstələr, dən daşları, oraq dişləri, monoxrom boyalı qablardan ibarətdir.
İstinadlar
Mənbə
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007