Nəcəf Nəcəfov (jurnalist)

Nəcəfov Nəcəf Adil oğlu (24 iyun 1955, Bakı17 dekabr 1999, Bakı) — Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri.

Nəcəf Nəcəfov
Doğum tarixi 24 iyun 1955(1955-06-24)
Doğum yeri
Vəfat tarixi 17 dekabr 1999(1999-12-17) (44 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti jurnalist
Partiyası
Mükafatları "Şöhrət" ordeni  — 2005
İmza

Həyatı

Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərüffatı İnstitutunu bitirib.

1980-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirib. Həmin il "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1986–1989-cu illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Respublikanın mərkəzi qəzetinə çevrilib. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib.

N. Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Həmin vaxtdan başlayaraq N. Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. Müstəqil "Azadlıq" qəzetini təsis edən (1989-cu il) N. Nəcəfov, respublikanın suverenliyinə və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda, AXC liderlərindən biri kimi, siyasətlə daha fəal məşğul olmağa başlayıb.

1990-cı ilin qanlı 20 Yanvar hadisələrində Biləcəri yoxuşunda Sovet qəsbkarlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində olub. Həmin faciənin zərbələrini ilk dadanlardan biri də N. Nəcəfov idi. Əsgər dəyənəyindən ağır zədə alan N. Nəcəfov səhərə kimi huşsuz halda yıxılıb qalıb.

Sonralar ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycanda Demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizəni davam etdirib. 1990-cı ilin yazında N. Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentlyini təsis edib.

1990–1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992–1993-cü illərdə N. Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib. 1993–1995-ci illərdə o, AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışıb. Ömrünün son illərində Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.

1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bakı şəhərində Köhnə qəbiristanlıqda dəfn olunub.

Karyerası

1990–1995

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[1].

Mükafatları

Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərancamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi munasibətilə Azərbaycan jurnalistikasının inkişafindaki xidmətlərinə görə Nəcəf Nəcəfov "Şöhrət" ordeni ilə təltif olunub (ölümündən sonra).

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.