Nə? Harada? Nə zaman?

Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda RusiyadaMDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır.

Tarixi

Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır. Belə ki, o, hal-hazırda 20-dən çox ölkədə yayılan intellektual oyunlar hərəkatına çevrilmişdir. NHN-in inkişafına və yarışların təşkilinə 1989-cu ildə Mariupol şəhərində təsis edilmiş "Nə? Harada? Nə zaman? Klublarının Beynəlxalq Assosiasiyası" rəhbərlik edir və intellektual oyunlar hərəkatının fəaliyyətini əlaqələndirir. Assosiasiya tərəfindən mütəmadi olaraq NHN üzrə Dünya Çempionatı, Dünya Kuboku və s. turnirlər təşkil edilir. Məşhur bilicilər sırasında Aleksandr Druz, Maksim Potaşov, Boris Burda və başqalarının adını çəkmək olar.

Azərbaycanda

NHN Azərbaycanda da geniş inkişaf etmişdir. Ölkədə mütamadi olaraq Azərbaycan Çempionatı və yüksək səviyyəli beynəlxalq yarışlar təşkil edilir. NHN üzrə ilk üç Dünya Çempionatı və Millətlər Kuboku məhz Bakıda təşkil edilmişdir. Prezident Heydər Əliyev Bakıda keçirilən beynəlxalq yarış iştirakçılarını qəbul etmiş, prezident İlham Əliyev isə Bakıda keçirilən Dünya Çempionatlarında şəxsən iştirak etmişdir. Klubların Beynəlxalq Assosiasiyasının qərarına əsasən intellektual oyunların inkişafındakı xidmətlərinə görə İlham Əliyev "Büllur bayquş" mükafatı ilə təltif edilmişdir.

Ölkədə NHN üzrə ixtisaslaşmış cəmiyyətlər vardır. Onlardan ən qocamanı və təcrübəlisi olan Atəşgah İntellektual Oyunlar Klubu 1989-cu ildən etibarən fəaliyyət göstərir. Atəşgah Klubu "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının təsisçilərindən biridir. Klubun üzvlərindən ibarət komandalar müxtəlif beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil edirlər. Klubun komandaları (Balakişi Qasımov və Faiq Hüseynovun komandaları) dəfələrlə Cənubi Qafqaz Çempionatında qalib gəlmiş, Balakişi Qasımovun kapitanı olduğu bilicilər komandası isə yüksək nəticə göstərərək 2004-cü ildə Bakıda keçirilən III Dünya Çempionatının qalibi olmuşdur. Azərbaycanlı bilici Rövşən Əsgərov NHN üzrə ali mükafat olan "Büllur bayquş" mükafatına layiq görülmüşdür. Bundan əlavə Bakıda təşkil edilmiş Millətlər Kuboku Klubların Beynəlxalq Assosiasiyası tərəfindən "İlin turniri", Atəşgah Klubu isə "İlin klubu" mükafatı ilə təltif edilmişdir.

Ölkədə ilk azərbaycandilli klub olan "Xəzər İntellektual Gənclər Klubu" İctimai Birliyi, Turan İntellektual Oyunlar Klubu və müxtəlif ali təhsil müəssisələrinin nəzdində olan intellektual oyunlar üzrə klublar fəaliyyət göstərir.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.