Nüşabə Ələsgərli
Nüşabə Ələsgər qızı Hümmətova (Nüşabə Ələsgərli) (21 dekabr 1967, Nuxa) — Azərbaycan müğənnisi və aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
Nüşabə Ələsgərli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Nüşabə Ələsgər qızı Hümmətova |
Doğum tarixi | 21 dekabr 1967 (56 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa |
Musiqi aləti | piano |
Təhsili | Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası |
Elmi dərəcəsi |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hümmətova Nüşabə Ələsgər qızı (Nüşabə Ələsgərli) 21 dekabr 1967-ci ildə Şəkidə anadan olmuşdur. Atası Hümmətov Ələsgər Xəlil oğlu həkim, anası Hümmətova Solmaz Qaffar qızı müəllimə olmuşdur. Uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənmişdir. 1974-cü ildə 1-ci sinifə getmiş, lakin 1976-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etmiş və eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır. 1982-ci ildə 8-ci sinfi bitirib Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsinə daxil olmuşdur. 1986-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuşdur.[1] Həm məktəbdə, həm texnikumda, həm də Konservatoriyada təhsil illərində Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyevdən dərs almışdır. Məktəbdə xorda oxuyarkən, təhsil məkanlarında isə bir müəllim kimi Fazil Əliyevin tələbəsi olmuşdur.
1995-ci ildə ailə qurmuşdur. İki övladı var.[2]
Fəaliyyəti
Nüşabə Ələsgərli 1990-cı ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına işə daxil olmuş və 1995-ci ilə qədər orada xor kollektivində çalışmışdır. Bədii rəhbər Xalq artisti, professor Ramiz Mirişli və Əməkdar incəsənət xadimi, dirijor Ziya Bağırov olmuşdur. Bu kollektivdə işləyərkən həm xorun üzvü, həm də solist kimi bir çox xarici ölkələrdə — Türkiyə, Misir, Norveç, İsveç, Danimarka, Almaniyada konsert proqramları ilə çıxış etmişdir. Mahnı və Rəqs ansamblında işləyərkən eyni zamanda solo ifaçılıq karyerasına başlamışdır. Rafiq Babayevin rəhbərlik etdiyi kollektivlə bir sıra mahnıları lentə almışdır. Eyni zamanda Əməkdar artist, "Koroğlu" instrumental ansamblının rəhbəri Etibar Qasımovun dəvəti ilə bu ansamblda da çalışmış və ansamblın tərkibində ilk dəfə Azərbaycan Dövlət Filarmoniyası səhnəsində 1991-ci ildə konsert vermişdir. Niyaməddin Musayevin "Röya" qrupu ilə bərabər Şri-Lankada və başqa səhnələrdə konsert proqramı ilə çıxış etmişdir. İlk dəfə 1994-cü ildə AzTv Gənclik redaksiyasının çəkdiyi "Yeni il" gecəsində (baş redaktor Bəxtiyar Qaraca) Cahangir Cahangirovun "Ay qız" mahnısı ilə solo olaraq efirə çıxmışdır. 1998-ci ildən Azərbaycan Teleradio şirkətinə solist olaraq işləməyə başlamışdır. Televiziyada çalışdığı dövrdə bir çox verilişlərdə, bayram proqramlarında, tamaşalarda çıxış etmişdir. Əhməd Orucoğlunun "Qaynana əməliyyatı"nda (qızıl fonddadır) baş rollardan birinə çəkilmişdir. Eyni zamanda 24 seriyalı "Yanmış körpülər" serialında baş rolda çəkilmişdir. Televiziyada çalışdığı dövrlərdə bir çox bəstəkarlarla işləmiş, Şəfiqə Axundova, Eldar Mansurov, Nadir Əzimov, Ramiz Mirişli, Aygün Səmədzadə, Elçin İmanov və başqa bəstəkarların bir çox mahnılarını lentə almışdır. Eyni zamanda 24 disk hazırlamış, 30-a yaxın klip çəkdirmişdir. 1998-ci ildə özünün rəhbərlik etdiyi "Mətin" instrumental ansamblı ilə Azərbaycanın bir çox bölgələrində — Goranboy, Ağcabədi, Quba, Xaçmaz, Şəki, Qax, Balakən, Zaqatala və s. konsert proqramı ilə çıxış etmişdir. Həmin ildə də yeni il ərəfəsində Respublika Sarayında solo konsert proqramı ilə cixiş etmişdir. Konsert AzTv ilə nümayiş edilmişdir.[1]
2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyətinə başlayan Nüşabə Ələsgərli 2018-ci ildə "Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri" adlı elmi işini müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.[3] Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim işləyir. 1999-cu ildə AzTv-də səhər proqramında yemək rubrikasının aparıcısı olmuşdur. 2001-ci ildə STV-də "Qonaq otağı" və 2004-cü ildə Space TV-də "Göz dəyməsin" müəllif proqramı olmuşdur.
Mükafatları
- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 10 dekabr 2013[4]
Filmoqrafiya
- "Qayınana" əməliyyatı (film, 1999)
- Yanmış körpülər (film, 2007)
- Yol yoldaşları (film, 2003)
- Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film) (rol: Nüşabə)
İstinadlar
- Əsgərzadə, Q. "Nəğmələrlə dolu ürək". modern.az. 26 sentyabr 2017. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
- "Bu gün Azərbaycan Respublikasının əməkdar artisti, müğənni, gözəl və mehriban xanım Nüşabə Ələsgərlinin doğum günüdür". incesenet.az. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
- "Nüşabə Ələsgərli fəlsəfə üzrə elmlər doktoru oldu". manevr.az. 30 aprel 2018. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
- "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". prezident.az. 10 dekabr 2013. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.