Muxtar İmanov
Muxtar İmanov (İmanov Muxtar Kazım oğlu; 28 may 1955, Axura, Noraşen rayonu) — folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü (2017).[1]
Muxtar İmanov | |
---|---|
Muxtar Kazım oğlu İmanov | |
Doğum tarixi | 28 may 1955 (68 yaş) |
Doğum yeri | |
Elm sahələri | filologiya, folklorşünaslıq |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Həyatı
Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. M. K. İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977–80). Aspirantura təhsilindən sonra, 1983–1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1992–2000-ci illərdə "Yazıçı" nəşriyyatının baş redaktoru olmuşdur. 1999-cu ildə Bələdiyyə seçkilərində iştirak etmiş və Bakı şəhəri Məhəmməd Əmin Rəsulzadə Bələdiyyəsinə üzv seçilmişdir.
2000–2003-cü illərdə Məhəmməd Əmin Rəsulzadə Bələdiyyəsində Sosial və ekoloji məsələlər daimi komissiyasının sədri olmuşdur. 2001–2003-cü illərdə AMEA "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzində böyük elmi işçı kimi çalışmış, Mərkəz 2003-cü ildə Folklor İnstitutuna çevrildikdən sonra Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən AMEA Folklor İnstitutunun direktorudur.
M. K. İmanov 2011-ci ildən "Folklorşünaslıq" ixtisası üzrə Dissertasiya Şurasının və Folklor İnstitutu Elmi Şurasının sədridir. 2011–2015-ci illərdə folklorşünaslıq sahəsi üzrə Azərbaycanda nüfuzlu elmi məcmuə olan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" jurnalının baş redaktoru olmuşdur. Hazırda "Türkologiya" beynəlxalq elmi jurnalının redaktor müavini, Azərbaycanda və Türkiyədə nəşr olunan bir sıra başqa elmi jurnalların redaksiya heyətinin üzvüdür.
2011–2019-cu illərdə M. K. İmanov Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) Ədəbiyyat fənni üzrə Elmi-metodiki seminarın rəhbəri və Ekspert şurasının sədri kimi fəaliyyət göstərmişdir. 2012-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmişdir. 2017-ci ildən həmin şuranın sədridir.
Yaradıcılığı
M. K. İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı dəyərli əsərlərin müəllifidir. Onun Azərbaycan nəsrində psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, eləcə də folklorşünaslığın bir sıra aktual problemlərinə həsr edilən 10 monoqrafiyası (Müasir Azərbaycan nəsrində psixologizm. Bakı, Elm, 1991; Gülüşün arxaik kökləri. Bakı, Elm, 2005; Xalq gülüşünün poetikası. Bakı, Elm, 2006; Folklorda obrazın ikiləşməsi. Bakı, Elm, 2011; Epos. Nəsr. Problemlər. Bakı, Elm və təhsil, 2011; Portretlər. Bakı, Nurlan, 2013; Folklor həm keçmiş, həm də bu gündür. Bakı, Elm və təhsil, 2014; Sənət qayğıları. Bakı, Elm və təhsil, 2015; Azərbaycan folklorunda gülüşün genezisi və poetikası. Bakı, Elm və təhsil, 2017 (rus dilində); Söz haqqında söz. Bakı, Elm və təhsil, 2020), 200-dən artıq elmi məqaləsi, eləcə də çoxsaylı publisistik yazıları nəşr olunmuşdur. Onun Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyası humanitar-filoloji elmimizdə böyük rezonans doğurmuşdur.
Folklorun toplanması, tərtib və nəşr olunması ilə də ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların, o cümlədən "Bu yurd bayquşa qalmaz" (Bakı, Yazıçı, 1995), "Zəngəzur folkloru" (Azərbaycan folkloru antologiyası. VII kitab. Bakı, Səda, 2005), "Şərur folklor örnəkləri" (I kitab, Bakı, Elm və təhsil, 2016), "Gədəbəy folklor örnəkləri" (I kitab, Bakı, Elm və təhsil, 2016), 10 cildlik "Qarabağ: folklor da bir tarixdir" (Bakı, Zərdabi LTD, 2012–2017) və 10 cildlik "Güney Azərbaycan folkoru" (Bakı, Elm və təhsil, 2013–2020) toplularının layihə rəhbəri və tərtibçilərindən biridir.
M. K. İmanovun bir çox əsərləri xarici ölkələrdə çap edilmişdir. O, Almaniya, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Kipr və digər ölkələrdə keçirilən çox sayda beynəlxalq elmi simpozium, konfrans və konqreslərdə məruzə ilə çıxış etmişdir.
M. K. İmanov Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci "Şuşa qrantı" birgə müsabiqəsinin (2013) qaliblərindən olmuşdur. Onun rəhbəri olduğu "Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi" layihəsi (2015–2016) AMEA Rəyasət Heyətinin 21 fevral 2015-ci il tarixli, 5/3 saylı qərarı ilə elmi-tədqiqat proqramları sırasına daxil edilmiş və uğurla icra olunmuşdur. M. K. İmanovun rəhbərliyi altında 10 fəlsəfə doktoru, 1 elmlər doktoru yetişmişdir.
M. K. İmanov Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası sahəsində AMEA-da həyata keçirilən bir çox tədbirlərin təşkilatçısıdır.
M. K. İmanovun ictimai, elmi və elmi-təşkilati fəaliyyəti dövlət qurumlarının, eləcə də elmi və ictimai təşkilatarın (o cümlədən AMEA Rəyasət Heyətinin) fəxri fərmanları, diplom, mükafat, təşəkkür və tərifnamələri ilə qeyd edilmişdir. M. K. İmanov elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna (2015) və AMEA Rəyasət Heyətinin Fəxri fərmanına (2015) layiq görülmüşdür. Mahmud Kaşğari adına Beynəlxalq Fondun "Mahmud Kaşğari" medalı (2018), Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin yubiley medalı (2018), "Bakı Dövlət Universitetinin 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (2019), "Aşıq Ələsgər 200" yubiley medalı[2] (2021) ilə təltif edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.[3]
Kitabları
- "Müasir Azərbaycan nəsrində psixologizm" Bakı, Elm, 1991. 116 səh.
- Bu yurd bayquşa qalmaz. Folklor nümunələri. Toplama və tərtib işi. (V. Nəbioğlu və Ə. Əsgərlə birlikdə) Bakı, Yazıçı, 1995. 240 səh.
- Azərbaycan folkloru antologiyası. VII kitab. Zəngəzur folkloru. Toplama və tərtib işi. (Ə. Əsgərlə birlikdə) Bakı, Səda, 2005. 463 səh.
- Gülüşün arxaik kökləri (monoqrafiya). Bakı, Elm, 2005. 186 səh.
- Xalq gülüşünün poetikası (monoqrafiya). Bakı, Elm, 2006. 266 səh.
- Ədəbiyyat. Dərs vəsaiti. Bakı. "Abituriyent". 2010, 680 səh. (Kollektivlə birlikdə)
- Folklorda obrazın ikiləşməsi (monoqrafiya). Bakı, Elm, 2011. 228 səh.]
- Epos. Nəsr. Problemlər. Bakı, Elm, 2011.]
- Portretlər / Kazımoğlu-İmanov M.; məqalələr toplusu; redaktoru İsayeva S. – Bakı: Nurlan, 2013. – 184 s.]
- Folklor həm keçmiş, həm də bu gündür / Kazımoğlu-İmanov M.; məqalələr toplusu; elmi redaktoru İsayeva S. – Bakı: Elm və təhsil, 2014. − 194 s.]
- Sənət qayğıları / Kazımoğlu-İmanov M.; məqalələr toplusu; redaktoru İsgəndərova V. – Bakı: Elm və təhsil, 2015. − 192 s.]
- http://www.mukhtar-kazimoglu.com/kitab/Muxtar-Kazimoglu-genezis...pdf Генезис и поэтика смеха в азербайджанском фольклоре] / Казымоглы-Иманов М. − Баку, Элм ве техсил, 2016. − 360 с.]
- Söz haqqında söz. Bakı. Elm və təhsil, 2020.
İstinadlar
- "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- Yubiley medalı Arxivləşdirilib 2022-08-01 at the Wayback Machine Aşıq Ələsgər 200
- İnstitutu, AMEA Folklor. "Akademik Muxtar İmanov "Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb". folklor.az (az.). İstifadə tarixi: 2024-04-07.