Mustafa Topçubaşov
Mustafa Ağabəy oğlu Topçubaşov (5 (17) avqust 1895, İrəvan[1] – 20 noyabr 1981, Bakı) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri.[2] Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940),[3] Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputat.[4]
Mustafa Topçubaşov | |
---|---|
| |
18 aprel 1953 – 25 mart 1955 | |
Əvvəlki | Ağamirzə Əhmədov |
Sonrakı | Abdulla Bayramov |
5 aprel 1967 – 1 iyul 1971 | |
Əvvəlki | Məmməd Arif |
Sonrakı | Süleyman Rüstəm |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 (17) avqust 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1981 (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | həkim, cərrah |
Həyat yoldaşı | |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.
1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə İrəvan kişi gimnaziyasını bitirib.[5] Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub.[6] Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. O, bu dövrdə Kiyevdə qalaraq dövlət imtahanlarına hazırlaşıb.[7]
- Reyhan Topçubaşovanın həyat yoldaşıdır.
- İbrahim Topçubaşovun atasıdır.
Əmək fəaliyyəti
1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir.[4] 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M. Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının (indi — III cərrahi xəstəliklər kafedrası[8]) müdiri seçilir.[9]
Elmi fəaliyyəti
M. Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu — injeksion efir-yağ narkozunu — analgeziya üsulunu kəşf etdi.[10] Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi.[11] 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.[7]
Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. O, SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.
Müharibədən sonra professor M. Topçubaşov 1945–1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur.[12] 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945–1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951–1956 və 1969–1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.
1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir.
Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir.[13] O, 1943-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.[14]
1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat etmişdir.
Xatirəsi
Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq akademik Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sərəncam vermişdir[15][16].
Bakı şəhərindəki "Elmi Cərrahiyyə Mərkəzi" M. A. Topçubaşovun adını daşıyır.
Rejissor Yalçın Əfəndiyev "Mustafa Topçubaşov. Əsrin fonunda portret" adlı sənədli filmi çəkmişdir.[17]
Təltif və mükafatları
- Sosialist Əməyi Qəhrəmanı — 4 avqust 1975 ("Lenin" ordeni və "Oraq və Çəkic" medalı təqdim edilməklə)
- "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 23 aprel 1940
- "Stalin" mükafatı (2-ci dərəcə) — 22 mart 1943
- 4 dəfə "Lenin" ordeni — 4 noyabr 1944, 6 noyabr 1951, 4 sentyabr 1954, 4 avqust 1975
- "Oktyabr inqilabı" ordeni — 20 iyul 1971
- "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946
- "Qırmızı Ulduz" ordeni — 3 mart 1942
- "Şərəf nişanı" ordeni — 27 yanvar 1936
Mənbə
- Əsgər Zeynalov. "İrəvan ziyalıları". Bakı. "Oğuz eli", 1999. səh.154
İstinadlar
- Топчибашев Мустафа Агабек оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- CBC. "Музей медицины Азербайджана" (rus). Youtube.com. 21.04.2016. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
- "Топчибашев Мустафа Агабек оглы". 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
- Azərbaycan Sovet Ensiklopediyası, IX cild, Bakı-1986, səh. 317
- Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 190. ISBN 978-9952-5455-010.
- "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
- "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
- Azərbaycan Tibb Universiteti — 80. Bakı, 2010. səh. 24
- "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
- "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
- "Arxivlənmiş surət". 2014-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
- М. А. Топчибашев. Библиография. Баky-1965, səh. 16
- Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası // Tərtib edəni: S. Əsədov; Elmi red. B. Budaqov, Q. Qeybullayev. Bakı: "Gənclik", 1995. ISBN 5-8020-0852-0
- http://nizami.libmks.az/1305-mustafa-topgubaeov.html%5B%5D
- Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 1995-ci il tarixli, 200 nömrəli Sərəncamı
- Akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1995-ci il tarixli Sərəncamı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- Akademik Topçubaşov haqqında sənədli film çəkilib: [rejissor Yalçın Əfəndiyevin "Mustafa Topçubaşov. Əsrin fonunda portret." filmi haqqında] //Ayna.- 2011.- 19 noyabr.- S.20.