Mustafa Hüseynov (kimyaçı)

Mustafa Hüseynov (22 mart 1928, Muğancıq Mehrab, Naxçıvan MSSR3 fevral 1991, Bakı) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1963). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980).[1]

Mustafa Hüseynov
Mustafa Məmməd oğlu Hüseynov
Doğum tarixi 22 mart 1928(1928-03-22)
Doğum yeri
Vəfat tarixi 3 fevral 1991(1991-02-03) (62 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi kimya elmləri doktoru (1963)
Təhsili Bakı Dövlət Universiteti (1948-1952)
Üzvlüyü AMEA-nın müxbir üzvü (1980)
Mükafatları "Əmək veteranı" medalı
"SSRİ ixtiraçısı" döş nişanı Azərbaycan SSR əməkdar elm xadimi

Həyatı

Mustafa Hüseynov 22 mart 1928-ci ildə Şərur rayonunun Mehrab kəndində anadan olub. İbtidai təhsilini Qarxun kəndində, orta təhsilini isə Yenigcə kəndində alıb. 1948-1952-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində ali təhsilini başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının (EA) Kimya İnstitutunun aspiranturasına daxil olub.[1]

Fəaliyyəti

Əmək fəaliyyəti

Mustafa Hüseynov aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan EA-nın Neft İnstitutunda böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1959-1968-ci illərdə Azərbaycan EA Y.Məmmədəliyev adına Neft-Kimya Priosesləri İnstitutunda, (NKPİ) 1968-1973-cü illərdə həmin institutun Sumqayıt filialında Xlorüzvi birləşmələrin sintezi laboratoriyasına rəhbərlik edib.[1]

1973-1978-ci illər Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Sumqayıt filialının və 1978-1986-cı illərdə həmin filial əsasında yaranmış Azərbaycan EA-nın Xlor Üzvi Sintez İnstitutunun direktoru olub. Mustafa Hüseynov 1986-cı ildən ömrünün sonuna qədər Azərbaycan EA-nın Y.Məmmədəliyev adına NKPİ-də Zərif üzvi sintez laboratoriyasına rəhbərlik edib.[1]

Elmi fəaliyyəti

Mustafa Hüseynov 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə "Xlorkarbohidrogenlərinin sintezi və çevrilmələri sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmlər doktoru elmi dərəcəsini alıb. 1966-cı ildə isə Üzvi kimya ixtisası üzrə professor elmi adını qazanıb. 1980-cı ildə Azərbaycan EA-nın müxbir üzvi seçilib.[1]

Professor M.Hüseynovun əsas elmi işləri "qaynar" layda xlorüzvi birləşmələrin sintezi və onların əsasında yüksək istiliyə və odadavamlı polimer maddələrin alınması və onların xalq təsərrüfatının müxtəlif sahəsində tətbiqi problemlərinə həsr edilib. Onun rəhbərliyi ilə bir sıra orijinal proseslər həyata keçirilib. Belə ki, ilk dəfə olaraq C1–C8 karbohidrogenlərin tam xlorlaşması həyata keçirilib. C3–C7 karbohidrogenlərinin və onların xlorlu törəmələrinin birbaşa oksixlorlaşdırılması aparılıb və bu proseslərin mexanizmi irəli sürülüb: alkoksitörəməli diolefinlərlə aromatik karbohidrogenlər alkilləşdirilib; naftollar turşu katalizatorları iştirak ilə olefinlərlə alkilləşdirilib və alınan birləşmələr əsasında kükürdlü və fosforlu antioksidant xassə daşıyan çoxfunksiyalı törəmələr alınıb; yüksək doymamışlığa malik doymamış əlaqələri olan, aktivləşmiş elektroakseptor funksional qrupları ilə qoşulub dienofilləri dien sintezi reaksiyasına daxil edərək (4+2) tsiklobirləşmə reaksiyalarının yeni perspektivli istiqamətinin elmi əsaslarını işləyib hazırlayıb; heksaxlortsiklopentadien ilə malein və tsikloheksendikarbon anhidridləri arasındakı reaksiyalar əsasında odadavamlı poliefir plastik kütləsi hazırlanıb. Onun rəhbərliyi altında dien sintezi adduktlarının, 1,2,3-üçəvəzli tsikloheksanların konformasiyası hərtərəfli tədqiq edilərək Azərbaycanda stereokimya məktəbi yaradılıb.

Mustafa Hüseynov öz tədqiqat işlərində tullantısız texnoloji proseslərin yaradılması və sənaye tullantılarından korroziya əleyhinə örtüklər, səthi-aktiv maddələr, neftçıxarmaya kömək edən maddələrin və s. alınmasına xüsusi diqqət yetirib. Onun rəhbərliyi ilə 10 proses sənayedə tətbiq edilib. Professor M.Hüseynov öz yetirmələri ilə birlikdə 1 monoqrafiyanın, 500-dən çox elmi əsərin, o cümlədən 260 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 90 elmlər namizədi hazırlanıb.[1]

Pedaqoji fəaliyyəti

Mustafa Hüseynov elmi-tədqiqat işlərini pedaqoji fəaliyyətlə uzlaşdıraraq 1960-cı ildən ömrünün axırınadək Azərbaycan Dövlət Neft Akademiyası Kimya texnologiyası fakültəsinin professoru olub. Professor M.Hüseynov dəfələrlə Beynəlxalq və Ümumittifaq simpozium, konfrans və konqreslərdə respublika elmini təmsil edib.[1]

İctimai fəlaiyyəti

Mustafa Hüseynov elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai işlərdə də fəal iştirak edib. O, 1973-cü ildə Sumqayıt Şəhər Sovetinin deputatı seçilib. Azərbaycan EA Kimya Elmləri Bölməsinin və bir neçə İxtisaslaşdırılmış Elmi Şuranın üzvü olub.[1]

Vəfatı

Mustafa Hüseynov 1991-ci il fevral ayının 3-də vəfat edib.[1]

Mükafatları

Mustafa Hüseynov elmdə əldə etdiyi nailiyyətlərə və elmi kadrların hazırlanmasına görə 1979-cu ildə Azərbaycan SSR "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Həmçinin "SSRİ ixtiraçısı" döş nişanı, "Əmək veteranı" və bir neçə medalla təltif olunub.[1]

İstinadlar

  1. "Hüseynov Mustafa Məmməd oğlu" (Azərbaycan). science.gov.az. 21-09-2021 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.