Musa Haşımov
Hacı Hacıyev (tam adı: Musa Əli oğlu Haşımov; 18 avqust 1905, Tiflis – 4 yanvar 1985) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor.
Musa Haşımov | |
---|---|
Musa Əli oğlu Haşımov | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (79 yaşında) |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Leninqrad Texnologiya İnstitutu |
Mükafatları | "Şərəf nişanı" ordeni, SSRİ-nin fəxri ixtiraçısı, Əmək veteranı |
Həyatı
Musa Əli oğlu Haşımov 1905-ci il avqustun 18-də Tiflis şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta təhsilini 1921-1925-ci illərdə komsomol məktəbində almışdır. 1925-1928-ci illərdə Bakı Əczaçılıq Texnikumunda əczaçı ixtisasına yiyələnmişdir. 1928-1933-cü illərdə Leninqrad Texnologiya İnstitutunun (LTİ) kimya-texnologiya fakültəsində kimyaçı-mühəndis ixtisasını almışdır. Tələbəlik illərində Leninqrad şəhərində laborant vəzifəsində işləmişdir. 1928-1933-cü illərdə eyni zamanda LTİ əczaçılıq fakültəsinin 4-cü kursunu bitirmişdir. 1933-cü ildə Bakıya qayıdıb 1935-ci ilədək Sintetik Kauçuk təcrübə zavodunda kimyaçı-mühəndis vəzifəsində çalışmışdır. 1935-1937-ci illərdə o, Frunze adına Neftqovma və 1937-1938-ci illərdə isə Vano Strua zavodunun direktoru olmuşdur. 1938-1947-ci illərdə pedaqoji işə keçərək Azərbaycan Sənaye İnstitutunda müəllim, dosent, prorektor vəzifələrində çalışmışdır. 1942-1943-cü illərdə II Dünya müharibəsi cəbhələrində batalyon komissarı olmuşdur.
Professor M.Ə.Haşımov 1985-ci il yanvar ayının 4-də vəfat etmişdir.
Elmi fəaliyyəti
1947-ci ildə Azərbaycan Elmlər Akademiyası Neft İnstitutununda (Nİ) mühəndis və böyük elmi işçi vəzifəsində işləmişdir. M.Ə.Haşımov 1947-ci ildə “Seçilmiş Suraxanı neft kerosinindən aromatik karbohidrogenlərin ekstraksiya edilməsi və onların katalik çevrilmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1948-1956-cı illərdə Nİ-də elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. O, 1947-1959-cu illər Azərbaycan EA Nİ-də, 1959-1965-ci illərdə Azərbaycan EA NKPİ-də və 1965-1974-cü illər isə NKPİ-nin Sumqayıt Filialında “Səthi-aktiv maddələr” laboratoriyasına rəhbərlik etmişdir. 1962-ci ildə neft emalının ikinci məhsulları əsasında səthi-aktiv maddələrin və Azolyat-A, Azoylat-B və s.yuyucu maddələrinin sintezi və texnologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1964-cü ildə isə “Kimya texnologiyası” ixtisası üzrə professor adına layiq görülmüşdür.
1974-1982-ci illərdə o, Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Elmi-Tədqiqat Layihə İnstitutunda “Səthi-aktiv maddələr” laboratoriyasının müdiri, 1982-1985-ci illərdə isə orada böyük elmi işçi və məsləhətçi olmuşdur.
Professor M.Ə.Haşımovun elmi işləri səthi-aktiv maddələr, o, cümlədən yuyucu maddələr, deemulqator, emulqator, flotasiyaedici və köpüksöndürücü maddələr istehsalına aiddir. Onun rəhbərliyi ilə işlənib hazıralnan texnologiya əsasında neft-qazın çıxarılması və nəql edilməsində parafin çökməsinin, duzlaşma və hidratlaşmanın qarşısını alan “Azolyot-30” maddəsi istehsal edilmiş və Orenburq, Şadlıq qaz yataqlarında və s.-də tətbiq edilmişdir. O, neft məhsullarının krekinq məhsullarının yüksək fraksiyasından, pentan və amilendən Azolyat-A, Azərbaycanın aromatik karbohidrogen ilə zəngin olan neftləri əsasında Azolyot-B, aromatik karbohidrogenlərin alkilləşməsindən SB-1 kimi səthi-aktiv birləşmələr almış və onların yuyucu xassələrini tədqiq etmişdir. Onun rəhbərliyi ilə Azolyat-A yuyucu maddəsinin hazırlanmış və sənaye qurğusunda istehsal edilmişdir. Həmçinin, neft emulsiyalarının deemulqatoru kimi Arzu, Arzu-1, Arzu-2 və Arzu-3 yaradılmış və onların sinergetik qarışıqları hazırlamışdır. O, neft məhsulları əsasında polimetal filizlərini zənginləşdirmək üçün Azolyat-5 flotoreagentini işləyib hazırlamış və Gəncə Alüminium zavoduna təqdim etmişdir.
Elmi tədqiqatları
Professor M.Ə.Haşımovun coxcəhətli elmi-tədqiqat işləri 1 monoqrafiya, 250-dən çox elmi əsərdə, o cümlədən 45 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 10 elmlər namizədi hazırlanmışdır.
Təltif və mükafatları
- O, iki dəfə “SSRİ-nin fəxri ixtiraçısı” adına layiq görülmüşdür.
- 1982-ci ildə təbii qazın nəqli sahəsindəki nailiyyətlərinə görə SSRİ Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.
- Elmin inkişafındakı və elmi kadrlar hazırlanması sahəsindəki əməyini yüksək qiymətləndirərək “Şərəf nişanı” ordeni,
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı,
- “Əmək veteranı” və digər medallarla təltif etmişdir.
İstinadlar
Mənbə
Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. “Müəllim” nəşriyyatı. Bakı 2019. s.57-58.