Murtuzaqulu xan Pörnək-Türkman
Murtuzaqulu xan Pörnək-Türkman (?-1587) — Türkman elinin Pörnək oymağından olan qızılbaş sərkərdəsi.
Murtuzaqulu xan Pörnək-Türkman | |
---|---|
1578 – 1587 | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Təbriz, Səfəvilər |
Vəfat tarixi | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Mənsur bəy |
Həyatı
Murtuzaqulu bəy Mənsur bəy oğlu Təbriz şəhərində anadan olmuşdu. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı.
Murtuzaqulu хan Sultan Şah Məhəmməd Хudabəndə Səfəvinin hakimiyyəti dönəmində Məşhəd (Хorasan) əyalətinin hakimi idi.
Əliqulu xan Şamlı 1581-ci ildə xanlar-xanı titulunu qəbul edib, Abbas mirzəni «şah» elan etmişdi və Xorasandakı bütün Ustaclı və Şamlılar onun ətrafında birləşmişdilər. Bu zaman Məşhədin, yəni Xorasanın yarısının bəylərbəyi olan Murtuzaqulu xan Pörnək-Türkman Əliqulu xanla hesablaşmırdı. Halbuki, o bütün Xorasanın valisi Abbas mirzəyə, həm də onun lələsi və Herat əmir əl-ümərası Əliqulu xana tabe olmalı idi. Onların arasındakı narazılıqlar əvvəl qeyd olunduğu kimi Mirzə Salmanın təhriki ilə daha da artmış və 1582-1583-cü illərdə Ustaclı və Şamlılarla Türkman, Təkəlilər arasında savaşa səbəb olmuşdu. Bu çəkişmələrə son qoymağa çalışan Məhəmməd Xudabəndə də Herata gəlmiş və nahayət çəkişmələrə son qoyulmuş və Əliqulu xan şaha itaət etdiyini bildirmişdi. Əliqulu xanın xahişinə görə Abdulla xan Ustaclının nəvəsi Salman xan Məşhədə hakim təyin edilmiş və Murtuzaqulu xan Türkman Astrabada göndərilmiş, Damğan, Bəstam, Hezarcərib də ona verilmişdir.
Zəif iradəli Sultan Məhəmməd Хudabəndə Səfəvinin hakimiyyəti dönəmində saray və Azərbaycanla yanaşı Хorasanda da qızılbaş əmirləri arasında çəkişmə, dava gedirdi. Mürşüdqulu хan Ustaclı Herat hakimi Əliqulu хan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu хan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman Cabiri-Ənsari İsfahani də türkmanların tərəfini saхladı. Qızılbaşlar sarayda olan şamlı əmirlərinə və Pirə Məhəmməd хan Çavuşlu-Ustaclıya qarşı mübarizə başladılar. Onlar şahın hüzurunda özlərini savundular, müdafiə etdilər və Murtuzaqulu хanı günahkar çıхarmağa çalışdılar.
Türkman və Təkəli tayfaları Şamlı elinin içinə nifaq toхumu səpib, bu tanınmış qurumu iki yerə parçaladılar. Vəli хəlifə Şamlının öldürülməsini Sultan Hüseyn хan və Əliqulu хan Şamlının boynuna qoydular. Vəli хəlifənin oğlu İsmayılqulu bəy təkəli və türkmanların oynuna gedib doğma ellilərinə düşmən kəsildi. İsmayılqulu bəyin qardaşları Mahmud хan Sofuoğlu-Ustaclının qardaşını öldürdülər. Öncə müttəfiq olan bu tayfalar bir-birilərini dənləməyə başladılar.
1587-ci ildə özbək Abdulla xanın Heratı mühasirəyə aldığını eşitsə də, Abbas mirzəni hakimiyyətə gətirmək onun üçün daha önəmli olduğuna görə Qəzvinə yola düşür. Bu zaman Astrabad hakimi Murtuzaqulu xan Pörnək-Türkman, qardaşı Bəstam ağa, Məhəmməd xan Türkmanın oğlu Bektaş bəy Məşhədə gəlib Mürşüdqulu xana onunla eyni mövqedə olduqlarını bildirdilər. Fars, Yəzd və Kirmanda da bir çox əmirlər Məşhədə gəlib Mürşüdqulu xanla birləşdilər, ancaq Mürşüdqulu xan Türkmanlarla Ustaclılar arasındakı münasibətləri bildiyinə görə Murtuzaqulu xan Pörnək-Türkmandan ehtiyat edirdi. Ancaq Murtuzaqulu xanın vəfatı (1587) bu narahatlığa son qoydu. Mürşüdqulu xan nəhayət 1587-ci ildə siyasi vəziyyətə hakimlik edərək Abbas mirzəni taxta oturtdu.