Bülbül (müğənni)

Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı.

Bülbül
Murtuza Məşədi Rza oğlu Məmmədov
Ümumi məlumatlar
Doğum adı Murtuza Məmmədov[1]
Doğum tarixi
Doğum yeri Xanbağı, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri I Fəxri Xiyaban
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1916–1961
Janr opera
Səs tembri lirik-dramatik tenor
Təhsili
Mükafatları "SSRİ xalq artisti" fəxri adı  — 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1934 "Stalin" mükafatı  — 1950
"Lenin" ordeni  — 1959 "Lenin" ordeni  — 1946 "Qırmızı əmək bayrağı" ordeni  — 1958 "Qırmızı əmək bayrağı" ordeni  — 1936 "Şərəf nişanı" ordeni  — 1938 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı  — 1945 "Qafqazın müdafiəsinə görə" medalı  — 1944 "Moskvanın 800 illik xatirəsinə" medalı  — 1949
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Professor Bülbül (solda) və Cabbar Qaryağdıoğlu (sağda)

Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı.[2] 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.[3]

1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır.[4][5]

1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşqul olmuşdu. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranmışdı. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.

1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirildi. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış etmişdir.

Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938–1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir. Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Bülbül parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçırılməsinin təşəbbüskarıdır.

Bülbül 1940-cı ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfrasında maraqlı məruzə ilə çıxış etmiş və bir sıra mühüm məsələlər irəli sürmüşdür: "Vokal kafedrasında elmi tədqiqat və elmi-metodiki iş aparmağın zəruriliyi, milli müğənnilərin hazırlanması, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin təşkili, SSRİ xalqları yaradıcılığının öyrənilməsi üzrə Mərkəzi İnstitutun yaradılması".

1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.

1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi.[6][7]

26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.

Ailəsi

  • Birinci həyat yoldaşı — Zeynəbxanım (1917-ci ildən — 1936-cı ilə qədər)
  • İkinci həyat yoldaşı- Gülarə İskəndərova (1911–2010)[8]
    • Oğlu Emin Məmmədov (1933–1999)
  • Üçüncü həyat yoldaşı — Adelaida Məmmədova (1922–2015) — Bakıda Bülbül Memorial Muzeyinin direktoru (2013-cü ilədək).
    • Oğlu — Çingiz (d. 1938)
    • Oğlu — Polad (d. 1945) Azərbaycan bəstəkarı, müğənnisi və aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006–h.h.)
      • Nəvəsi — Teymur Polad oğlu Bülbül (d. 1975) — musiqiçi, Rusiya Federasiyasının əməkdar artisti (2005), biznesmen.

Oynadığı əsas partiyalar

Bülbül (Əsgər), Sona Mustafayeva (Gülçöhrə). "Arşın mal alan" operettası

İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər

  • "Sənsiz" – Üzeyir Hacıbəyov
  • "Sevgili canan" – Üzeyir Hacıbəyov
  • "Ölkəm" – Asəf Zeynallı
  • "Süsən sünbül" – xalq mahnısı
  • "Yaxan düymələ" – xalq mahnısı
  • "Qara gözlər" – xalq mahnısı
  • "Çal-oyna" – xalq mahnısı
  • "Segah təsnifləri"
  • "Xumar oldum" – xalq mahnısı Niyazinin işləməsində

Təltif və mükafatları

Bülbül xatirə muzeyində ekspozisiyada olan medallar

Xatirəsinin əbədiləşdirilməsi

Müğənninin vətənində, Şuşada, Bülbülün bürünc büstü quraşdırılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (NatəvanÜzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılmışdır[9] və sonralar Azərbaycan hakimiyyəti tərəfindən alınıb. Uzun illər büst Bakıda İncəsənət Muzeyində saxlanılmışdır. Şuşa 2020-ci ildə azad olunduqdan sonra prezident İlham Əliyev Şuşaya ilk səfəri zamanı büstün yenidən Şuşada açılışını etmişdir.

1976-cı ildən Bakıda Bülbülün xatirə ev-muzeyi fəaliyyət göstərir. Həmçinin Şuşa şəhərində 1992-ci ilə qədər yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi.[10]

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Azərbaycan Dövlət Opera və Balet Teatrının foyesində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində büstlər quraşdırılıb. 1992-ci ildən Sumqayıt Uşaq İncəsənət Məktəbi Bülbülün adını daşıyır.

Hər iki ildən bir Bakıda Bülbül adına vokalistlərin Beynəlxalq müsabiqəsi keçirilir.

1998-ci ildə Bülbülün 100 illiyi ilə əlaqədar olaraq, Azərbaycan poçt markası və 2008-ci ildə 110 illik yubileyi münasibətilə xatirə sikkəsi buraxılıb.

2012-ci ildə Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində tuncdan hazırlanan abidə ucaldılmışdır. Abidənin müəllifi heykəltaraş Akif Əsgərovdur.[11]

Bülbülün xatirəsinə həsr olunmuş qızıl sikkə

Haqqında çəkilən filmlər

1963-cü ildə Bülbül Məmmədovun həyat və yaradıcılığına Kamil Rüstəmbəyov tərəfindən Xalq nəğməkarı adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

Əsərləri

  • Bülbül. Seçilmiş məqalə və məruzələri. Bakı: EA-nın nəşriyyatı, 1968, 227 s.

Filmoqrafiya

Həyat və yaradıcılığı haqqında kitablar

  • "Бюль-Бюль" — Мамедова Аделаида Рза кызы,Баку: Азернешр,1964
  • "Bülbül" — Adelaida Məmmədova, Bakı: Azərnəşr,1967
  • "SSRİ Xalq artisti Bülbülün həyat və yaradıcılığı"- İsazadə Əhməd, Bakı: Az. SSR EA,1967
  • "Cоловей из Шушы"- Заболотских Б, Москва:1987
  • "Parlament tribunası-Bülbülün səsi"- Musayev M, Bakı: Ağrıdağ,2000
  • "Bizim Bülbül- dünyanın Bülbülü"- Bakı: Nurlan,2004
  • "Бюль-Бюль-вершина вокального искусства"-Баку,2006
  • "Bülbül-vokal sənətinin zirvəsidir" — Bülbülün Memorial Muzeyinin kollektivi, Bakı: Çaşıoğlu,2006
  • "Маэстро Бюль-Бюль" — Мамедова Аделаида Рза кызы, Баку:2007
  • "Бюль-Бюль-вокалист мирового класса" — Мамедова Аделаида Рза кызы, Баку, 2010
  • "Bizim Bülbül-dünyanın Bülbülü"-Adelaida Məmmədova, Bakı:Nağıl evi, 2011
  • "Bülbül"- Çəmənli M, Bakı: Çağdaş, 2012
  • "Bülbül-bütün zamanların nəğməkarı"-Adelaida Məmmədova, Bakı:Nağıl evi,2012
  • "Bülbül sənəti (Искусство Бюль-Бюль)" — Bakı:Gilan Holdinq,2015

İstinadlar

  1. Mədəniyyət TV. "Bülbülün doğum günü Bakıdakı ev muzeyində qeyd olunub" (az.). Youtube.com. 23.06.2023. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-26.
  2. "Bülbül musiqi ensiklopediyasında". 2014-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  3. "Мамедова А. Азербайджанское гос. изд-во. -Баку. 1964". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  4. Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 4. Большой Кавказ — Великий канал. — М.: Большая Российская энциклопедия, 2006. — 751 с.: ил.: карт.
  5. "Bülbül". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  6. Сафарова З. "Шуша — храм нашей музыки". Музыкалная академия. 2002 год
  7. Шушинский Ф. "Народные певцы и музыканты Азербайджана" Москва. Советский композитор. 1979 год
  8. "Bülbülün oğlanları - Poladın qardaşları". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
  9. "Том де Ваал. "Черный сад". Глава 12. Шуша. Последняя цитадель". 2009-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  10. "Bülbülün xatirə muzeyi". 2018-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  11. "İlham Əliyev Bakıda görkəmli müğənni Bülbülün abidəsinin açılışında iştirak etmişdir". president.az. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 31 oktyabr 2012. 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.