Murad darvazası
Murad darvazası — Şirvanşahlar saray kompleksinin orta həyətinin Şərq divarında yerləşən böyük portal. Murad darvazası Şirvanşahlar saray kompleksi ərazisində XVI əsrə aid olan yeganə tikilidir. Darvaza portalının yuxarı çərçivəsində olan iki medalyon arasındakı kitabədə onun "994-cü ildə (miladi 1585–1586) böyük və ədalətli Sultan III Muradın dövründə" memar Əmirşah Təbrizi tərəfindən inşa edilməsi göstərilib.
Murad darvazası | |
---|---|
40°21′58″ şm. e. 49°50′13″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Qala döngəsi 76 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Əmirşah Təbrizi |
Sifarişçi | Rəcəb Bakuvi |
Tikilmə tarixi | 1585 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | yaxşı |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 3.6 |
Kateqoriya | Portal |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Portal öz xarakteri etibarilə Divanxana və Şirvanşahlar türbəsinin portallarına oxşasa da, həm işlənmə keyfiyyəti, həm də bəzəyi baxımından onlardan geri qalır.
Tarixi
Tarixi mühit
1576-cı ildə I Şah Təhmasibin ölümündən sonra Səfəvi taxtına onun varisi II Şah İsmayıl keçir. II İsmayıl 1555-ci ildə bağlanmış[1] Amasiya müqaviləsinin şərtlərinə əməl etməyərək Osmanlı əmirlərini öz tərəfinə çəkməyə çalışır. Buna görə də Osmanlı sultanı III Murad Van bəylərbəyinə bölgədə sabitliyin təmin edilməsini tapşırır. Səfəvilərin Luristan valisinin Osmanlılara sığınması ilə münasibətlər daha da gərginləşir.[2] 1578-ci ildə gənc şah II İsmayılın zəhərlənərək öldürülməsindən sonra Səfəvilər sarayında taxt uğrunda mübarizə başlayır. Ölkənin belə mürəkkəb siyasi vəziyyətində Sultan III Murad Səfəvilərə qarşı müharibə elan edir.[3]
1578–1590-cı illəri əhatə edən müharibə Şimalda Qafqaz cəbhəsində, cənubda isə İraq cəbhəsində aparılır. 1578-ci ildə Səfəvi taxtına Məhəmməd Xudabəndə oturur. 9 avqust 1578-ci ildə Osmanlı tərəfindən Lala Mustafa paşa, Səfəvi tərəfindən isə Toxmaq xanın rəhbərlik etdiyi ordular arasında baş vermiş Çıldır döyüşündə məğlub olan Səfəvilər Tiflis də daxil olmaqla bütün Gürcüstan üzərində nəzarəti itirirlər.[4] 1583-cü ildə Osmanlı tərəfdən Özdəmiroğlu Osman paşa, Səfəvi tərəfdən İmamqulu xanın rəhbərlik etdiyi ordular arasında baş vermiş Məşəl döyüşü nəticəsində Dağıstan və Şirvan Osmanlıların hakimiyyətinə keçmiş, Osmanlı sərhəddləri Şərqdə ən geniş formasını almış, Osmanlılar ilk dəfə Xəzər dənizinə çıxış əldə etmişdilər.[5] 1590-cı ildə Osmanlı və Səfəvilər arasında bağlanmış İstanbul müqaviləsinin şərtlərinə görə Talış bölgəsi istisna olmaqla bütün Şimali Azərbaycan, Qarabağdan Marağaya qədər Cənubi Azərbaycan ərazisinin Osmanlıların hakimiyyətinə keçməsi tanınmışdır.[6]
Tikilməsi
Murad darvazası Şirvanşahlar saray kompleksi ərazisində XVI əsrə aid olan yeganə tikilidir.[7] Darvaza portalının yuxarı çərçivəsində olan iki medalyon arasındakı kitabədə aşağıdakılar yazılıb:
Bu bina Ulu Rəcəb Bakuvinin sifarişi əsasında 994-cü ildə (miladi 1585-1586) böyük və ədalətli Sultan III Muradın dövründə tikdirilib.[7] |
Portalın divar oyuqlarının yanındakı yazılardan onun, Təbrizli memar Əmirşah tərəfindən inşa edilməsi məlum olur.[7]
Funksiyası
Saray kompleksinin baş planı nəzərdən keçirildikdə aydın olur ki, həyətin bu hissəsində saray binasına girmək üçün bir qapı belə yoxdur. Buna görə də portal bir növ tək qalmış və hətta ona bitişən divarla da əlaqələndirilməmişdir. Belə ki, portal yaxşı yonulmuş və bir-birinin üzərinə kip oturan daşlardan tikilərək düz cəgələrlə doğranmış, divar isə kobud yonulmuş daşlardan hörülmüşdür.[8] O, nə daşların ölçüsü, nə də dərzlərin qabalığı ilə portalın hörgüsünə uyğun gəlmir. S. Dadaşov və M. Hüseynov qeyd edir ki, ola bilsin ki, hökmdarlardan biri burada bir bina tikdirmək istəmiş, lakin nə isə ona imkan verməmişdir. Portal üzərindəki kitabədə də göstərilir ki, qapı deyil, "bina tikmək əmr olundu".[9]
Memarlıq xüsusiyyətləri
Böyük portal olan Murad darvazası Şirvanşahlar saray kompleksinin orta həyətinin Şərq divarında yerləşir. Portal öz xarakteri etibarilə Divanxana və Şirvanşahlar türbəsinin portallarına oxşasa da, həm işlənmə keyfiyyəti, həm də bəzəyi baxımından onlardan geri qalır.[8]
Divanxana və Şirvanşahlar türbəsinin portallarının alçaq, lakin gözəl rəsmlərlə bəzədilmiş qapıları bir növ miqyas vəzifəsini yerinə yetirir, bunun da sayəsində portalın özü abidəvi və çox əzəmətli görünür, lakin Murad darvazasının giriş hissəsindəki enli, alçaq və qeyri-mütənasib qapı ümumi təsiri xeyli zəiflədir.[8]
İstinadlar
- Parry, V.J. The Reign of Suleiman the Magnificent, 1520-1566 ('A History of the Ottoman Empire to 1730). ed. M.A. Cook (Cambridge University Press, ). 1976. 94.
- "3. Murad Dönemi Fetihler". osmanlipadisahlari.gen.tr. 2015-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2017.
- Ga ́bor A ́goston, Bruce Alan Masters. Encyclopedia of the Ottoman Empire Arxivləşdirilib 2018-09-07 at the Wayback Machine Infobase Publishing, 1 jan. 2009 ISBN 1438110251 p 282
- Joseph von Hammer. Osmanlı Tarihi Vol II. İstanbul: (condensation: Abdülkadir Karahan), Milliyet yayınları. 96.
- Mitchell, Colin P. [books New Perspectives on Safavid Iran: Empire and Society] (#bad_url). 68.
- Yaşar Yücel, Ali Sevim. Türkiye Tarihi III. AKDTYKTTK Yayınları. 1991. ISBN 21-23, 43-44.
- Fərhadoğlu, 2006. səh. 126
- Dadaşov, Useynov, 1955. səh. 23
- Dadaşov, Useynov, 1955. səh. 24
Ədəbiyyat
- Fərhadoğlu, Kamil. İçərişəhər. Bakı: Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006. səh. 256.
- S. Dadaşov, M. Useynov. Bakının memarlıq abidələri. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1955. səh. 42.
Həmçinin bax
- Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
- Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
- Şirvan-Abşeron memarlıq məktəbi
- Şirvanşahlar dövləti