Muncuqlutəpə nekropolu
Muncuqlutəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndləri yaxınlığında Dəmir dövrünə aid arxeoloji abidə.
Muncuqlutəpə nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndləri |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Tədqiqatlar
Burada 1979–1982-ci illərdə aparılmış tədqiqatlar zamanı təqribən 1600–1700 m² sahədə 33 sərdabə tipli qəbir kompleksi tədqiq edilmişdir. Qəbirlər müxtəlif həcmli dağ daşları ilə səliqəli işlənmiş, üstləri sal daşlarla örtülmüşdür. Kameraların ətrafına 1,5 metrə qədər sahədə sal daşlar döşənmişdir. Uzunluğu 3 metrə, eni 1,6 metrə çatan sərdabələr vardır. Dərinlikləri 1,3 metrə qədərdir. Muncuqlutəpə qəbirləri quruluşuna görə üç hissədən ibarətdir:
- qəbrin kamerası;
- giriş yolu;
- ayrıca işlənmiş qurbangah.
Giriş yolu qəbrin kamerasına qərb və ya şərq tərəfdən daşla işlənmiş, üstü sal daşlarla örtülmüşdür. Onların daş düzülmüş döşəməsi qəbir kameralarının döşəməsinə nisbətən hündürdədir. Qəbrin kamerasına giriş yolu dikinə qoyulmuş bir ədəd sal daşla örtülmüşdür ki, bu da növbəti dəfn zamanı qəbrin kamerasına daxil olmağı asanlaşdırırdı.[1]
Qəbirlərin quruluşu
Muncuqlutəpə nekropolunun 33 sərdabə sindən yalnız birində kamera dikinə qoyulmuş yastı daşlarla iki hissəyə bölünmüşdü. Nekropoldakı sərdabələrin hamısı az və ya çox dərəcədə qarət olundu ğun dan skeletlərin anatomik vəziyyəti pozulmuş və sümüklər kameranın içərisinə səpələnmişdir. Bunun bir səbəbi də növbəti dəfn zamanı əvvəlki skeletlərin arxa tərəfə itələnməsi olmuşdur. Təsadüfən toxunul mamış bir neçə skeletin vəziyyətinə görə dəfn olunanların qəbrə bükülü vəziyyət də, yanı üstdə qoyulduğu müəyyən olunmuşdur.
E.ə III–II minilliklərdə qəbirlərə bitişik işlənən qurbangahlardan fərqli olaraq Muncuqlutəpə sərdabələrinin qurbangahları qəbrin giriş yolunun qarşısında ayrıca işlən mişdir. Qurbangahlar dördbucaqlı, kvadrat və dairəvi planda qurulmuşdur. Muncuqlutəpə nekropolunda bir neçə toxunulmamış qurbangah aşkar edilmişdir. Bu qurbangahlara süfrə qablarının bütün dəsti (28 ədəd gil qab) qoyulmuşdur. Qurban gahlarda çox təsadüfi hallarda bəzək əşyalarına rast gəlmək olur. Qurbangahlardakı gil qablara, ehtimal ki, bitki mənşəli quru və duru ərzaqlar qoyulmuşdur. Belə ki, indiyədək gil qablarda nə bir heyvan, nə də quş sümüyü aşkar edilmişdir. Buna baxmayaraq bir qabda aşkar edilmiş gil qoyun fiqurları qurbankəsmə adətinin məcazi mənada yerinə yetirildiyini söyləməyə əsas verir. Muncuq lutəpədə rast gəlinən dəfn adətinin bir cəhətini xüsusilə qeyd etmək lazımdır. Belə ki, sərdabələrin kameralarına hər dəfə təzə ölü basdırarkən onun yanına yeni gil qablar qoyulurdusa, bu zaman qurbangahlara toxunulmurdu. Yaxud, ehtimal olunur ki, qurbangahlardakı gil qablar oradan götürülür, təmizlənib ərzaqla doldurulduqdan sonra yenidən qurbangaha qoyulurdu.[2]
Qazıntılarda əldə edilmiş materiallar
Bir qurban gahın kamerası ikiyə bölünmüş və hər iki hissəyə eyni qablardan düzülmüşdür. Bu qurbangah ehtimal ki, iki nəfərin bir vaxtda öldüyü zaman qurulmuşdur. Qurban gahlar üçün dibində deşiyi olan bir ədəd küp, "çaynik" tipli lüləyən, konus formalı ayağı olan vaza, üstü düz üçayaq altlıq, müxtəlif kasalar, boşqablar və kuboklar xarakterik hesab olunur. Bir sıra boşqab və kasaların ağzının kənarında və ya çiynində şaquli və ya üfiqi vəziyyətdə yerləşmiş deşiyi olan qulp əvəzi yapmalar vardır. Qurbangahlarda aşkar edilmiş qabların böyük əksəriyyəti texniki qüsurlarla, əyri və səliqəsiz hazırlanmışdır. Bəzi qabların qulp əvəzi qulaqcıqlarına, bəzi "çaynik" tipli qabların isə axımına deşik açılmamışdır. Bu qablar odda pis bişirilmiş, az bir qismi naxışlanmışdır. Ümumiyyətlə, Muncuqlutəpə keramikasını təhlil edərkən belə bir təsəvvür yaranır ki, qurbangahlara qoyulan gil qablar xüsusi olaraq dəfn üçün hazırlanırmış. Bunlardan fərqli olaraq qəbrə, ölünün yanına qoyulan qablar keyfiyyətlə hazırlanmış və bir çoxunun üzəri oyma üsulu ilə naxışlanmış, bəzilərinin üzərinə isə qırmızı boya ilə həndəsi ornamentlər salınmışdır. Sərdabələrdən aşkar edilmiş metal əşyalar əsasən tuncdan hazırlanmış qolbaqlardan, üzüklərdən, sancaqlardan, sırğalardan, arxasında həlqəsi olan müxtəlif düymələrdən və silahlardan ibarətdir. Cəmi iki xəncər və beş ox ucu tapılmışdır. Muncuqlutəpə sərdabələrindən dəmirdən hazırlanmış tunc zəncirdən asılan bəzək əşyası, bir ədəd küplü nizə ucu, bıçaq fraqmentləri və bəzən formasını müəyyənləş dirmək mümkün olmayan dəmir parçaları aşkar edilmişdir. Sərdabələrdən külli miqdarda əqiq, pasta, travertin, sürmə və tuncdan hazırlanmış muncuqlar tapılmışdır. Tuncdan hazırlanmış bəzək əşyaları içərisində dairəvi formada, şəbəkəli və asmaq üçün halqası olan amuleti və quş fiqurlarını xüsusilə qeyd etmək lazımdır. Hələ tunc dövründən məlum olan bu bəzək əşyaları e.ə. I minilliyin əvvəllərində Cənubi Qafqazda geniş yayılmışdı. Gümüşdən hazırlanmış cəmi iki həlqəvarı üzük aşkar edilmişdir. Bəzək əşyaları içərisində əqiqdən hazırlanmış muncuqlar çoxluq təşkil edir.[3]
Onların əksəriyyəti kobud hazırlansa da, içərisində yaxşı hamarlanmış nümunələr də vardır. Ağ daşdan hazırlanmış muncuqlar içərisində yastı, dördbucaqlı formada, üzərində bucaqlara yaxın oyma üsulu ilə konsentrik dairələr şəklində naxışları olan muncuqları xüsusi qeyd etmək lazımdır. Belə muncuqlar ən çox Trialetidə (e.ə. VII–VI əsrlər) aşkar edilmişdir. Muncuqlarla birlikdə sərdabələrdə silindrik formalı möhürlər də tapılmışdır. Bunlardan ikisi ağ rəngli yumşaq daşdan hazırlanmış üzəri şam ağacı formasında oyma üsulu ilə naxışlanmışdır. Birinin üzərinə açıq qəhvəyi fonda dörd cərgə konsentrik dairələr və ortasında nöqtə olan dairələr oyma üsulu ilə elə salınmışdır ki, nəticədə açıq qəhvəyi fonda ağ rəngdə ornament alınmışdır. Təsvir aydın deyil. Belə silindrik möhürlər Mərlik abidəsindən məlumdur. Ümumiyyətlə, Muncuqlutəpə nekropolu tapıntılarına analoji materiallara ən çox Urmiya gölü hövzəsi abidələrində və Şərqi Anadoluda (Qara qunduz nekropolu) rast gəlinir. Muncuqlutəpə nekropolu e.ə. VIII–VI əsrlərə aiddir.[4]
Həmçinin bax
İstinadlar
- Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.311 (az.)
- Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.312 (az.)
- Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.313 (az.)
- Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.314 (az.)
Ədəbiyyat
- Aslanov Q., İbrahimov B., Qaşqay S. Xaraba-Gilanın qədim nekropolları. Bakı: 2002