Muğan (əsər)
Muğan — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun müəllifi olduğu poema. Əsər 1948-ci ildə yazılıb.[1] Poemanın süjet xəttini Muğan düzündə böyük tikinti təşkil edir. Əsər lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Əsər romantika ilə dolu nəğmələr şəklində yazılıb. On doqquz nəğmədən ibarətdir.[2]
"Muğan" poeması | |
---|---|
Muğan | |
Janr | Poema |
Müəllif | Səməd Vurğun |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1948 |
Məzmunu
Səməd Vurğunun "Muğan" poeması Azərbaycanın təbiətinə həsr olunmuş ən gözəl poemalarından biridir. Muğan" poeması gecə-gündüz çalışan insanları tərənnüm edir. Ötən əsrin 20–30-cu illərində Muğanda başlanan təsərrüfat işləri, 40-cı illərdə Bozdağan ətəyinin yarılaraq Kür üzərində Mingəçevir su anbarının tikilməsi, buradan Muğana kanalın çəkilməsi, Muğanda pambıqçılığın inkişafı, kəndlərin abadlaşması əsərdə Vurğun ruhu ilə təsvir olunub. Hər nə qədər dövrün siyasi-ideoloji rənglərini daşısa da, şair ömrünün iki ilinə (1948–49) başa gələn poema Muğana həsr olunmuş poetik abidədir.[3]
Əsər böyük tikintiyə həsr olunsa da, lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Poemada sosializm quruculuğu mədh edilir. Əsər romantika ilə dolu nəğmələr şəklində yazılıb. On doqquz nəğmədən ibarət olan bu əsər şairin Muğana, Kür sahillərinə səyahətinin təsviri ilə başlanır. Azərbaycan təbiətini dərindən duyan və sevən şair üçün Muğan və Kür doğma, müqəddəs adlardır. Hələ poemanın "Təbiət ilhama çağırır məni" leytmotivi ilə açılan proloqunda şair öz poetik niyyətini açır: "Muğan" Azərbaycan təbiəti haqqında bir dastandır və bu dastanın baş qəhrəmanı Muğan təbiətinin özüdür. Burada tərənnüm olunan ilk obrazlardan biri Muğan düzünün gözəli olan qaragöz ceyrandır:[4]
Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran.
On addım kənarda yatmayır təkə,
Gəzinir oylağa baş çəkə-çəkə,
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran.
Şairin dillər əzbəri olan "Nə gözəl yaraşır Muğana ceyran" misralı "gözəlləməsi" isə poemanın ən lirik nəğməsidir. Poema boyu isə şair özü əsərin əsas obrazlarından birinə çevrilir. O, gah sürücüsü, gah qoca çobanla, bəzən hətta kosmopolit tənqidçilərlə söhbət və polemika edir. Səməd Vurğun təbiətin hər üzünü görmüş çobanın dediyi sözlərlə Muğanı belə təsvir edir:
Muğan Muğan olsa, biri üç elər.
Muğan tufan olsa, üçü heç elər…
İstinadlar
- Очерк истории азербайджанской советской литературы. Москва: Издательство Академии наук СССР. 1963. 302.
- "Səməd Vurğunun anadan olmasının 105 illiyi münasibətilə Metodiki vəsait" (PDF). 2022-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-17.
- "Muğanımız — tariximiz, sərvətimiz". 2017-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-17.
- Габиб Бабаев. Самед Вургун. Очерк творчества. Советский писатель. 1981. 163.