Mostar körpüsü

Mostar körpüsü (bosn. Stari most; türk. Mostar Köprüsü) — Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində Memar Sinanın şagirdi Memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilən körpüdür.[1] Bu körpü Bosniya müharibəsi zamanı Xorvat hərbi qüvvələri tərəfindən 1993-cü ilin noyabrın 9-da dağıdılıb.[2] Sonralar körpünün yenidən tikilməsi üçün layihə hazırlandı. Körpü 23 iyul 2004-cü ildə—yenidən bərpa olunduqdan sonra açıldı.[3]

Mostar körpüsü
Stari Most
43°20′14″ şm. e. 17°48′54″ ş. u.
Ölkə  Bosniya və Herseqovina
Şəhər Mostar
Yerləşir Neretva çayı üzərində
Aidiyyatı Osmanlı imperiyası
Memar Memar Xeyrəddin
Əsas tarixlər 2004-bərpadan sonra açılışı olmuşdur.
Tikilmə tarixi 1566-1567
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 24 m
Uzunluğu 29 metr
Eni 4 metr
Sahəsi
  • 0,5 ha
Material daş[d], Əhəng daşı, mərmər
Vəziyyəti Bərpa olunub.
Rəsmi adı: Old Bridge Area of the Old City of Mostar
TipiMədəni
Kriteriyavi
Təyin edilib2005
İstinad nöm.946
DövlətBosniya və Herseqovina
RegionAvropa
Mostar körpüsü (Bosniya və Herseqovina)
Mostar körpüsü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu körpü ölkənin ən çox tanınan görməli yerlərindən biri kimi, həmçinin Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır.

Xüsusiyyətləri

Neretva çayından 24 metr yüksəklikdə, 30 metr uzunluğunda və 4 metr enində olan Mostar Körpüsü, dövrünə görə inkişaf etmiş bir texnologiyayla inşa edilib. Körpünün tikintisində 456 qəlib daş istifadə edilib. Körpünün tağları tenelija kimi tanınan yerli daşdan tikilib. Körpü inşa edildikdən sonra adını yaxınlıqdakı şəhərdən götürmüşdür. Körpünün inşası şəhərdə ticarəti canlandırmış və zənginləşdirmişdir. Beləliklə, Mostar Herseqovina bölgəsinin mühüm bir şəhərinə çevrilmişdir.

1968-ci ildən bəri hər il iyul ayında Mostar Körpüsündən suya tullanma yarışları keçirilir. Dünyanın bir çox yerindən iştirakçılar bu tədbir üçün Mostara gəlir. Körpünün ən yüksək nöqtəsindən edilən suya tullanma sınaqları minlərlə insan tərəfindən izlənilir.[4]

Tarixi

Orijinal körpü 1557-ci ildə Sultan Süleyman Qanuni tərəfindən daha qədim taxta asma körpünün əvəz edilməsi tapşırığına əsasən tikilib. Tikinti işləri 1557-ci ildə başlayıb və doqquz il davam edib. Yazılı mənbələrdə verilən məlumata görə, körpü 974-cü ildə (Hicri tarixinə görə) başa çatıb. Körpünün tikilməsində yumurtanın ağından, əhəng və metal sıxaclardan istifadə edilib.[5][6][7] Körpünün tikintisinə 300,000 gümüş pul xərclənib.[8]

29 metr uzunluğunda və 20 metr hündürlüyündə olan körpü öz zamanında tez məşhurlaşdı. Məşhur səyahətçi Övliya Çələbi XVII əsrdə yazır: körpü sıldırım bir qayadan digər bir qayaya uzadılan, səmaya doğru yüksəlmiş göy qurşağı qövsünə oxşayır. …Mən — Allahın yazıq və məzlum qulu 16 ölkədən keçmişəm, amma heç vaxt belə yüksək körpü görməmişəm. Bu körpü səma kimi yüksək qayadan—qayaya atılıb.[9]

Dağıdılması

Bosniya Herseqovinada başlayan vətəndaş müharibəsi zamanı Mostar körpüsünə ilk hücumu 1992-ci ilde Bosniyalı Serblər təşkil etdi. 1993-cü ilin noyabrın 9-da Bosniya müharibəsi zamanı Xorvat tankları körpüyə daha böyük bir zərər verən hücumlara başladı.[10] Noyabr ayının sonunda körpü tamamilə dağıldı. Mostar körpüsü dağıdılana kimi əsrlər boyu Bosniyada tolerantlıq və müxtəlif mədəniyyətlərin simvolu kimi 427 il idi ki, davam gətirirdi.

Müharibədən sonra körpünün yerində müvəqqəti olaraq, dəmir körpü düzəldildi. Dəmir körpü Mostar ətrafındakı digər körpülər də məhv edildiyindən, çayın iki sahilini birləşdirən yeganə körpü idi.

Yenidən inşa olunması

Müharibə bitdikdən sonra, körpünün yenidən inşa olunması üçün müxtəlif planlar hazırlandı. Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESCO), Mədəniyyət üzrə Ağa Xan Qəyyum təşkilatı və Dünya Abidələri Fondu Mostar körpüsünün və Mostar şəhərinin tarixi mərkəzini bərpa etmək üçün nəzarət koalisiyası formalaşdırdı. Əlavə maliyyələşdirmə İtaliya, Hollandiya, Türkiyə, Xorvatiya və Avropa Şurası İnkişaf Bankının, eləcə də Bosniya hökuməti tərəfindən edilmişdir. 1998-ci ilin oktyabrında YUNESKO-nun dizayn və yenidənqurma işləri izləmək üçün beynəlxalq ekspertlər komitəsi yaradılıb. Körpü Osmanlı tikinti üsullarından istifadə edilərək, Türkiyə tikinti şirkəti tərəfindən yerli materiallarla yenidən qurulub.[11] Yenidənqurma işləri 2001-ci ilin iyunun 7-də başlayıb. Yenidən qurulan körpünün 23 iyul 2004-cü ildə təntənəli açılış mərasimi olmuşdur.[12][13]

Mostar körpüsü qədim Mostar şəhəri ilə birlikdə 2005-ci ildə Ümumdünya irsi siyahısına əlavə edilmişdir.[14]

Qalereya

İstinadlar

  1. "Stari Most" (ingilis). www.greatbuildings.com. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr,2014.
  2. "Mostar Köprüsü" (türk). yoldaolmak.com. 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr,2014.
  3. "Mostar köprüsü açıldı" (türk). 23 iyul, 2004. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr,2014.
  4. "Mostar Köprüsü" (türk). gezipgordum.com. 13 may, 2014. 2016-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr,2014.
  5. "Croats destroy Mostar's historic bridge" (ingilis). www.independent.co.uk. 2014-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr,2014.
  6. "Mostar Köprüsü" (türk). www.turkcebilgi.com. 2013-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr,2014.
  7. "Get the Mostar bridge all to yourself" (ingilis). www.simonseeks.com. 2015-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr,2014.
  8. "The Old Bridge (Stari Most)" (ingilis). dominicus.malleotus.free.fr. 2014-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr,2014.
  9. "Hearts and Stones" (ingilis). www.saudiaramcoworld.com. 2012-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr,2014.
  10. "Old Bridge Area of the Old City of Mostar - UNESCO World Heritage List" (ingilis). www.vthawaii.com. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr,2014.
  11. "Mostar Bridge is standing up" (ingilis). www.nato.int. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr,2014.
  12. "Bridge opens but Mostar remains a divided city" (ingilis). www.theguardian.com. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr,2014.
  13. "Symbolic Mostar bridge reopens" (ingilis). edition.cnn.com. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr,2014.
  14. "MOSTAR" (ingilis). www.worldheritagesite.org. 2014-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr,2014.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.