Moskva Dövlət Elektron Texnika İnstitutu
Moskva Dövlət Elektron Texnika İnstitutu (rus. Национа́льный иссле́довательский университе́т «МИЭТ») — Rusiyada universitet; mikroelektronika sahəsində yüksək ixtisaslı mütəxəssislər yetişdirən ali təhsil müəssisələrindən biri.
Moskva Dövlət Elektron Texnika İnstitutu | |
---|---|
55°59′00″ şm. e. 37°12′30″ ş. u. | |
Əsası qoyulub | 1965 |
Tip | dövlət ali məktəbi |
Ölkə | |
Ünvan | Rusiya, Moskva şəhəri, Zelenoqrad |
Sayt | miet.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və fəaliyyəti
Moskva Dövlət Elektron Texnika İnstitutu 1965-ci ildə mikroelektronika sahəsində yüksək ixtisaslı mütəxəssislər yetişdirmək məqsədilə Zelenoqradda yaradılıb. İlk tədris ilindən ali məktəb öz fəaliyyətində təhsilin proqressiv metodlarını tətbiq etməyə başladı. Konkret elmi araşdırmalarda müəllimlərin əksəriyyətinin iştirakı, elmi mərkəzin mütəxəssislərinin maarifləndirici fəaliyyətə cəlb olunması qısa müddətdə mikroelektronika sahəsində təlim üçün yeni kurslar, proqramlar, tədris planları və dərsliklər yaratmağa və yeni biliklərin "real vaxt" rejimində tələbələrə çatdırılmasına imkan yaratdı.
Artıq 1970-ci illərdə institut qazanılmış təcrübə nəzərə alınmaqla, mikroelektronika sahəsində əsas və baza rolunu oynayan təhsil müəssisəsi kimi müəyyən edilmişdi. 1984-cü ildə kadrların hazırlanmasının işində və xüsusi texnikanın yaradılmasında xidmətlərə görə ali təhsil ocağı Qırmızı Əmək Bayrağı ordeni ilə mükafatlandırıldı.
1992-ci ildə institut texniki universitetin statusu aldı.
Ötən dövr ərzində ali məktəb tərəfindən 25 mindən çox mütəxəssis, 1200-dən çox elmlər doktoru və namizədi hazırlanıb. Bunun sayəsində Rusiyanın bir çox regionlarında elektronika müəssisələri lazımi kadrlarla təmin edilib. Universitetin məzunları bu gün ölkənin elektronika müəssisələrinin əsas kadr və elmi potensialını təşkil edirlər.
1998-ci ildə ali təhsil ocağının nəzdində yeni texnologiyalar üzrə İnnovasiya Mərkəzi, 2000-ci ildə Zelenoqrad İnnovasiya Texnologiya Mərkəzi yaradılıb. 2007-ci ildə universitet "2008–2010 illərdə Rusiya Federasiyasında nanosənaye infrastrukturunun İnkişafı" federal məqsədli proqramda "Nanomühəndislik" tematik istiqaməti üzrə baş təşkilat kimi müəyyən edilib. 2007-ci ildə bu proqram çərçivəsində universitetdə "Elektronikada Nanotexnologiya" elmi-maarifləndirici mərkəz, 2008-ci ildə "Nano və mikrosistem texnologiyası" elmi-texnoloji mərkəz qurulub.
İnnovasiya strukturunun inkişafının, miqyasın və yerinə yetirilən kompleks innovasiya layihələrinin məzmununun yüksək səviyyəsinə görə ali məktəbin milli tədqiqat universitetinin əsas meyarlarına uyğunluğu müəyyən edilib. Nəticə etibarilə, 2010-cu ilin aprelində ali məktəb universitetlərin inkişaf proqramları müsabiqəsində qalib olub və Rusiya Hökumətinin sərəncamı ilə "Milli tədqiqat universiteti" kateqoriyasını əldə edib.
Təhsil strukturu
Ali təhsil ocağında tədris prosesi elm, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyası şəklində qurulub. Universitetdə 13 fakültə, 35 əsas və 20 baza kafedraları, aspirantura və doktorantura, Yeni İnformasiya Texnologiyaları Moskva vilayəti Mərkəzi fəaliyyət göstərir. Ali məktəbdə 650 elmi-pedaqoji işçi, həmçinin 3 akademik və Rusiya Elmlər Akademiyasının 3 müxbir üzvü, 130 professor və elmlər doktoru, 340 elmlər namizədi çalışır, 6500 tələbə, 320-dən çox aspirant və doktorant təhsil alır.
Ali təhsil müəssisəsində Mikro cihaz və texniki kibernetika, Elektronika və kompüter texnologiyaları, Elektron texnologiyalar, materiallar və avadanlıq, Tətbiqi informasiya texnologiyaları, İqtisadiyyat, idarəetmə və hüquq, Xarici dillər, Dizayn, Hərbi hazırlıq, Elektronika və informatika, Axşam, Əlavə və distant təlim, Ali məktəbə qədər hazırlıq və Xarici vətəndaşların təlimi fakültələri fəaliyyət göstərir.
Fakültələr universitetin əsas struktur vahididir. Hər fakültə işə nəzarət edən və tədris planlarını təsdiq edən Elmi Şuraya malikdir.
Moskva Dövlət Elektron Texnika İnstitutunda 25 bakalavriatura və 30 magistratura maarifləndirici proqramları üzrə hazırlıq həyata keçirilir. Ali təhsil ocağında son illər ərzində "Elektronikada nanotexnologiya", "Mikrosistem texnika", "Telekommunikasiya", "Rabitə sistemləri", "Keyfiyyəti idarəetmə", "Tərcümə və tərcüməşünaslıq", "Dizayn" və digər yeni maarifləndirici proqramlar açılıb.
"Microsoft", "Cisco systems", "Cadence", "Synopsys", "Freescale Semiconductor", "Mentor Graphics" və "Motorola" kimi aparıcı xarici şirkətlərin cəlb edilməsi ilə ali məktəbdə yüksək texnologiyalar sahəsində mütəxəssislərin elit hazırlıq proqramları reallaşdırılıb, elektronika və informatika Kolleci yaradılıb. Ali məktəb hazırlığın yeni istiqamətlərini inkişaf etdirərək texniki universitet statusunu qoruyub saxlayır. Təhsil və Elm Nazirliyinin rəsmi reytinqində son illər universitet stabil olaraq ölkənin 160 texniki ali məktəbi arasında ilk beşlikdə yer alır.
Moskva Elektron Texnika Universiteti Zelenoqradın elm, təhsil və ictimai-mədəni həyatının mərkəzidir. Universitetin nəzdində fizika-riyaziyyat məktəb yaradılmaqla yanaşı 13 məktəbdə profil sinifləri fəaliyyət göstərir.
Universitetdə həyata keçirilən tədris prosesində mühazirə multimedia auditoriyaları fəal istifadə edilir. Laboratoriya işləri və praktik məşğələlərin əksəriyyəti müasir multimedia avadanlıqları ilə təchiz olunan 20 kompüter sinfində aparılır. Davamlı olaraq tədrisə və tələbələrin yekun attestasiyasına elm və sənayenin aparıcı əməkdaşları cəlb edilirlər.
Ali məktəbdə yaradılmış informasiya resursları sistemi tələbələrə təhsildə və vaxta qənaətdə böyük kömək göstərir. Tədris və informasiya resurslarına tələbələrin kompleks semestr planları, nəşrlərin elektron versiyaları, tədris portallarına istinadlar daxildir. Tələbələrin fərdi iş elektron modulları mühazirənin və videoçarxların mətninin elektron versiyası şəklində nəzəri materialları, test materialı və sərbəst iş üçün tapşırıqları əhatə edir.
Universitet ən yeni nəşrlərlə zəngin geniş kitabxanaya malikdir. Kitabxana tələbələri, aspirantları, doktorantları və ali məktəbin əməkdaşlarını tədris və elmi ədəbiyyatla və ən yeni dövri mətbuatla tamamilə təmin edir.
Beynəlxalq əlaqələri
Moskva Elektron Texnika Universiteti Avropanın, Asiyanın və ABŞ-nin aparıcı ali məktəbləri ilə əməkdaşlıq edir, tələbələrin aspirantların və müəllimlərin mübadilə proqramlarında iştirak edir. Universitetdə məşhur əcnəbi professorların və böyük beynəlxalq şirkətlərin nümayəndələrinin mühazirələri təşkil olunur. Magistrlər üçün ayrıca kurslar əcnəbi müəliimlər tərəfindən ingilis dilində keçirilir.
Hər il Zelenoqradda JASS (joint advanced student school) "Nanotexnologiya", "Tibbi təsvirlər və kompüter modelləşdirməsi", "Telekommunikasiya" və digər bu kimi istiqamətlər üzrə moskva-bavariya tələbə məktəbi təşkil olunur. Məktəbin təşkilatçıları qismində Moskva Elektron Texnika Universiteti və Avropanın aparıcı texniki ali məktəblərindən biri olan Münhen Texniki Universiteti çıxış edir.
Universitetdə ən perspektivli beynəlxalq mərkəzlərdən biri 2002-ci ildə yaradılan MİET-Cadence cihazların və sistemlərin planlaşdırılması İnstitutudur. Mərkəz analoq və qarışıq siqnal mikrosxemlərinin planlaşdırılması sahəsində yüksək ixtisaslı kadrları hazırlayır.
Universitetin bütün beynəlxalq mərkəzlərinin işi oxşar prinsiplərə əsaslanır. Ali təhsil ocağının xarici partnyorları ən yeni aparat və proqram təminatını verir, bu da ali məktəbə yeni texnologiyalarla işləyə bilən unikal mütəxəssisləri hazırlamağa imkan yaradır.
Mənbə
- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. (az.)