Morfologiya
Morfologiya (yun. morphe – forma, logos – təlim) — hər hansı bir dildə söz formalarının dəyişməsi sistemi, habelə qrammatikanın sözlərin formalarını öyrənən şöbəsi. Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir.[1]
Morfologiyanın növləri
Morfologiya şöbəsi sözün morfoloji-qrammatik xüsusiyyətlərini müxtəlif istiqamətdə tədqiq edib öyrənir. Buna görə də morfologiyanın müxtəlif növləri meydana çıxır. Bu baxımdan morfologiyanın növləri, əsasən, aşağıdakılardır.
Təsviri morfologiya
Təsviri morfologiya dilin müasir səviyyəsində sözlərin morfoloji-qrammatik xüsusiyyətlərini öyrənir. Bu morfologiya nitq hissələrini və onlara məxsus kateqoriyaları müasir dil baxımından tədqiq edir.
Tarixi morfologiya
Dil yarandığı gündən inkişaf edir, təkmilləşir. Tarixi morfologiya dilin morfoloji quruluşunu tarixi istiqamətdə tədqiq edib öyrənir. Eyni zamanda nitq hissələrini və onlara məxsus morfoloji göstəriciləri, kateqoriyaları tarixi baxımdan araşdırır. Məlumdur ki, dövrümüzə gəlib çatan dil nümunələrinə əsaslanmaqla Azərbaycan yazılı ədəbi dilinin tarixi Xlll əsrdən başlanır. Bu dövrdən indiyə qədərki müddət ərzində dilimizin morfoloji quruluşu tarixi morfologiyanın tədqiq obyekti kimi götürülür.
Müqayisəli morfologiya
Müqayisəli morfologiya dilin morfoloji quruluşunu, nitq hissələrini və morfoloji kateqoriyaları müqayisə etmək yolu ilə öyrənir. Müqayisəli morfologiyanın əsasını müqayisəli metod təşkil edir. Dilçilik elmində müqayisəli metodun iki növü daha məqbul hesab olunur: Müqayisəli tarixi metod və müqayisəli tutuşdurma metodu Müqayisəli-tarixi metodla daha çox qohum dillərin morfologiyasının tarixi öyrənilir. Müqayisəli-tutuşdurma metodu ilə həm qohum, həm də qohum olmayan dillərin morfoloji sistemində oxşar və fərqli xüsusiyyətlər müəyyənləşdirilir.
Müqayisəli-tarixi metodu tarixi-müqayisəli metod, muqayisəli-tutuşdurma metodunu isə müqayisəli-tipoloji tədqiqat metodları adlandırmaq olar. Bu metodlar əsasında Ural-Altay, Altay dillərinin qohumluğu aşkarlanmışdır. Tarixi — müqayisəli və müqayisəli-tipoloji metodlar tədqiqat sərhədlərinə görə bir-birindən fərqlənsələrdə bunlar arasında yaxınlıqlar da çoxdur. Hər iki metod müqayisə yolu ilə dillərin oxşar, fərqli, fərdi cəhətlərini üzə çıxarmaqda müqayisə üsulundan geniş şəkildə istifadə edir. Tarixi-müqayisəli metodun inkişafında Aleksandr Vostokovun, Frans Boppun, Rasmus Raskın və başqalarının rolu daha böyükdür. Müqayisəli-tipoloji metodun banisi isə V. Humbold hesab olunur.
Xarici keçidlər
Virtual məktəb Arxivləşdirilib 2013-04-07 at the Wayback Machine
Mənbə
- Buludxan Xəlilov, Müasir Azərbaycan dilinin morfologiyası, I hissə, Bakı-2016, səh.41–43
- "Morfologiya" (az.). kayzen.az/blog. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.