Şarl Lui Monteskyö
Şarl Lui Monteskyö (fr. Charles-Louis de Seconda, Baron de La Brède et de Montesquieu; 18 yanvar 1689[1][2][…] – 10 fevral 1755[1][3][…], Paris, Fransa krallığı[3]) — fransız yazıçı, maarifçi filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi.
Şarl Lui Monteskyö | |
---|---|
fr. Montesquieu | |
Doğum tarixi | 18 yanvar 1689[1][2][…] |
Vəfat tarixi | 10 fevral 1755[1][3][…] (66 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
XVIII əsr fransız filosofu, maarifçi, yazıçı, tarixçi, iqtisadçı və hüquqşünas olan Şarl de Monteskyo 18 yanvar 1689-cu ildə, Böyük Fransa burjua inqilabından 100 il əvvəl, Fransanın Bordo şəhəri yaxınlığında atalarının malikanəsi olan Le Brede qalasında orta səviyyəli hərbçi aristokrat ailəsində dünyaya gəlmişdir. O, Kalvinist-protestant kilsəsi rahibləri məktəbində oxumuş, latın və yunan dillərini öyrənmişdir. Monteskyo tibb və hüquq elmlərini dərindən öyrənmiş, fəlsəfə və ilahiyyat ilə də məşğul olmuşdur. O, 1714-cü ildə, hələ 25 yaşı olarkən, Bordo Ali Məhkəməsinə üzv təyin edilmiş, 1716-cı ildə isə əmisinin ölümündən sonra onun yerinə həmin məhkəmənin rəyasətinə gətirilmişdir. Monteskyo 12 il fasiləsiz olaraq öz doğma Bordo şəhərində "parlament"ə-yerli şuraya və məhkəməyə rəhbərlik etmişdir. Onun siyasi elmlərə marağı məhz bu illərdə yaranmışdır. Monteskyo 1712-ci ildə yaradılan Bordo Akademiyasının üzvü olmuşdur. Mütəfəkkir müxtəlif illərdə "Təfəkkür sistemi" (1716), "Düha fərqləri" (1717) və "İran Məktubları" (1721) əsərlərini nəşr etdirmişdir. "İran мəktubları" əsəri Hollandiyanın Amsterdam şəhərində nəşr edilmişdir. Əsərin ilk nəşrində müəllifin adı gizli saxlanılmışdır. Çünki belə cəsarətlə yazılmış tənqidi bir əsər qəddar XIV Lüdoviqin (1638–1715) ölümündən 6 il sonra yenə də davam edən dəhşətli istibdad dövründə çap olunmuşdur. Ayrı-ayrı şəxslər arasında məktublaşma formasında roman janrında yazılmış bu əsərdə Fransanın XIV Lüdoviq dövrü, o zamankı Iran dövlətinin vəziyyəti kəskin, ifşaedici tənqid atəşinə tutulmuşdur. Monteskyo bu əsərdə şərq despotizmi və Avropa mütləq monarxiyasına mənfi münasibətini bildirmiş, bundan əlavə, filosof, əsərdə o dövrün Avropa siyasəti, İslam və Xristian dini, müxtəlif dünya ölkələrində əhalinin artma və azalma səbəbləri, monarxiya və respublika idarəçilik formaları və onların tarixi haqqında, eləcə də fəlsəfə və hüquq elminə dair maraqlı və dəyərli fikirlər irəli sürmüşdür. 161 məktubdan ibarət olan iki cildlik "İran Məktubları" əsəri Monteskyonu məşhurlaşdırdı və ona böyük şöhrət gətirdi. Müəllif bu əsərinin ikinci nəşrini yenə 1721-ci ildə, üçüncü nəşrini isə ölümündən bir il əvvəl, yəni 1754-cü ildə bəzi əlavələrlə nəşr etdirdi. Vəfatından sonra isə əsər dəfələrlə 1758, 1897, 1929 və 1954-cü illərdə yenidən nəşr edilmişdir. Həyatının Paris dövrünədək "Iran Məktubları"ndan sonra Monteskyo aşağıdakı əsərləri yazmışdır:
Dialoque de Sylla et d’Eucrate (1722), De La Politique (1723), Reflexions Sur La Monarchie Universelle (1724).
1726-cı ildə Monteskyo Parisə köçmüş və iki ildən sonra Fransa Akademiyasına üzv seçilmişdir. 1729-cu ildə İngiltərəyə gedərək Lord Chesterfieldin iki il qonağı olmuşdur. Monteskyo İngiltərədə olarkən London Kral Cəmiyyəti üzvlüyünə qəbul olunmuşdur. 1731-ci ildə təkrar Fransaya dönərək Bordo Akademiyasında bir çox mühazirələr oxumuşdur. 1734-cü ildə "Romalıların yüksəliş və süqutunun səbəblərinə dair düşüncələr" adlı məşhur əsərini nəşr etdirmişdir. O, bu əsərində despotizmin yaranma səbəblərini izah edərək Romanın tarixi nümunəsində sübut etməyə çalışırdı ki, harada vətəndaşlar azaddırlarsa, ədalətli qayda-qanunlar hökm sürürsə, orada normal cəmiyyət olar.
Monteskyo Avropa ölkələrinə bir çox səyahətlər etmiş, müxtəlif ölkələrin dövlət hakimiyyəti quruluşunun fərqli formalarını (respublika və monarxiya) müqayisə edərək təhlillər aparmış və belə nəticəyə gəlmişdir ki, digər dövlət idarə formaları ilə müqayisədə respublika idarəçilik forması əhalinin böyük əksəriyyəti üçün azadlıq və hüquq bərabərliyini daha da çox təmin edir. Monteskyo tarixdə ilk dəfə olaraq siyasi proseslərin inkişafı qanunauyğunluqları ilə bağlı ümumiləşdirilmiş nəticələr çıxarmaq üçün müxtəlif ölkə hüquqlarının müqayisəli öyrənilməsindən şüurlu və sistemli şəkildə istifadə etmişdir. O, hesab edirdi ki, dövlət idarəçilik formaları dövlət ərazisinin sahəsi ilə əlaqədardır. Belə ki, ərazisi kiçik olan dövlət respublika, orta ölçülü ərazisi olan dövlət monarxiya, geniş əraziyə malik olan dövlət isə despotiya olmalıdır. Buna baxmayaraq, o, geniş əraziyə malik olan dövlətlərdə də respublika yaratmağın mümkünlüyünü inkar etmirdi, yalnız o halda ki, bu respublika federativ şəkildə qurulmuş olsun.
Monteskyonun 1748-ci ildə Cenevrədə məşhur iki cildlik şah əsəri- "Qanunların ruhu" çap edilmişdir. Müəllif bu əsər üzərində 20 il işləmişdir. O, əsərdə Lokkun ənənələrini davam etdirərək liberal demokratik quruluşun prinsiplərini müəyyənləşdirmişdir. Monteskyo Avropada mütləq monarxiyaları müşahidə edib təhlillər apararaq kral hakimiyyətinin vətəndaşlara qarşı özbaşınalığını aradan qaldırmaq üçün əlverişli yollar axtarırdı. Bu məqsədlə o, "Qanunların ruhu" əsərində hüquqi dövlət və hakimiyyətin bölgü prinsipi konsepsiyasını irəli sürmüşdür. Monteskyo hesab edirdi ki, vətəndaş cəmiyyətində siyasi azadlıq hüquqi dövlətin qurulmasında əsas rol oynayır. O, konkret olaraq siyasi azadlıq haqqında iki növ qanun olduğunu göstərirdi: 1) Dövlət quruluşuna münasibətdə siyasi azadlıq yaradan qanunlar; 2) Vətəndaşa münasibətdə siyasi azadlıq yaradan qanunlar. Monteskyonun siyasi azadlıq ideyası vətəndaş azadlığı ideyası ilə əlaqədar idi ki, bunun da əsasını ölkə vətəndaşlarının təhlükəsizliyi təşkil edirdi. O yazırdı: "Azadlıq odur ki, qanunlarla icazə verilən şeyi edə biləsən. Əgər vətəndaş bu qanunlarla qadağan olunmuş şeyi edə bilərsə, onda onun azadlığı olmazdı, belə ki, həmin şeyi digər vətəndaşlar da edə bilər". Monteskyo siyasi azadlıq deyərkən, qanunçuluğun və təhlükəsizliyin bərqərar olmasını nəzərdə tuturdu. Buna nail olmaq üçün isə o, hakimiyyətin bölgü prinsipi konsepsiyasını işləyib hazırlamışdır. Bu konsepsiyaya görə dövlət hakimiyyəti müxtəlif orqanlarda cəmləşən və bir-birini qarşılıqlı surətdə məhdudlaşdıran və tarazlaşdıran qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünür və bunlar içərisində qanun-vericilik hakimiyyəti aparıcı və müəyyənedici mövqeyə malikdir. Monteskyonun bu konsepsiyası sonralar dövlət hüququ nəzəriyyəsində böyük əks-səda doğurdu. Öncə Böyük Britaniyada konstitusyon inkişafa təsir edən, habelə ABŞ Konstitusiyasında öz əksini tapan bu konsepsiya, sonralar müasir dünyanın bütün demokratik dövlətlərinin konstitusiyasında təsbit edilmişdir.
Monteskyo "Qanunların ruhu" əsərində göstərirdi ki, təbiətin və cəmiyyətin vəhdəti faktından belə nəticəyə gəlmək olar ki, təbiət hadisələri kimi ictimai hadisələr də daimi fəaliyyət göstərən qanunlara tabedir. O, hesab edirdi ki, məhz qanun bu ya digər münasibətləri şərtləndirən, müəyyənləşdirən, canlandıran əqli başlanğıcdır, başqa sözlə, bu münasibətlərdə insan ağlının və şüurunun birbaşa iştirak etməsidir. Monteskyonun fikrincə, qanunun ümumi anlayışı, bütün qanunları-yəni, həm dünyada mövcud olan dəyişməz təbii qanunları, həm də şüurlu varlıq dünyasında fəaliyyət göstərən dəyişkən qanunları ehtiva edir. O, göstərirdi ki, hər bir qanunun mövcud olmasının səbəbi vardır. Çünki hər bir qanun fiziki, mənəvi və sosial gerçəkliyin bir elementi ilə əlaqədardır. O, qanunu "Əşyanın təbiətindən doğan zəruri əlaqələr" adlandırırdı. Monteskyo orta əsr despotik qanunvericiliyinin amansızlığını və qəddarlığını, onun xalqa zidd xarakterini kəskin ifşa edirdi. Bu baxımdan o yazırdı ki, despotik dövlətdə qanun ola bilməz. Monteskyoya görə qanunun qəddar olması onun həyata keçməsinə maneçilik törədir. O, yazırdı: "Qanunçuluğun kölgəsində və ədalət bayrağı altında çıxış edən istibdad daha qəddardır". Monteskyo, "qanunlar xalqın ruhuna uyğun gəlməlidir" fikrini irəli sürürdü. Bu münasibətlə o, yazırdı ki, qanun hazırlanarkən və qəbul olunarkən xalqın idrak səviyyəsi, onu xalqın qəbul etməyə hazır olma vəziyyəti mütləq nəzərə alınmalıdır. Filosofun fikrincə, qanunlar yaradılarkən onun daha təsirli olması üçün xalqın adət və ənənələri də nəzərə alınmalıdır. Monteskyo yazırdı ki, qanun xalqın şüur səviyyəsindən çox irəli getməməlidir, əks təqdirdə, onun həyatdan təcrid olunması təhlükəsi yaranar. Monteskyo bu fikirlərində haqlı idi. Həqiqətən də tarixi təcrübə göstərir ki, qanunların düzgün başa düşülmə-məsindən ölkədə özbaşınalıqlar yarana bilər.
Monteskyoya görə xalqlar arasındakı əlaqələr dövlət hüququ ilə, idarə edənlərlə idarə olunanlar arasındakı münasibətlər isə mədəni hüquq vasitəsilə nizama salınır. O, qeyd edirdi ki, qanun geniş anlamda insan ağlının məhsuludur, hər cəmiyyətin, xalqın siyasi və mədəni qanunları ağlın gerçəkləşməsidir. Bu qanunlar içərisində yarandığı cəmiyyətin, xalqın ruhuna uyğun olmalıdır.
Monteskyo insanların təbii mahiyyətindən doğan təbii qanunların qanunvericilər tərəfindən hazırlanan "pozitiv" (müsbət) qanunlardan fərqləndirirdi və pozitiv qanunların özlərini də üç növə-beynəlxalq qanunlar, ictimai-siyasi qanunlar və vətəndaşlıq qanunlarına bölürdü.
Monteskyo, təbii mühitin və iqlimin ictimai inkişafa təsirini mütləqləşdirirdi. Belə ki, onun fikrincə, mühitin fiziki xassəsi həm "qanunun ruhu"nu, həm də hakimiyyətin formalarını müəyyən edir. Monteskyonun təbii mühitin və iqlimin müxtəlif növ ictimai münasibətlərə təsiri fikri, onun digər görüşlərində, xüsusən aşağıda şərh ediləcək cinayət və cinayətkarlığın səbəblərinə dair görüşlərində də öz təsirini göstərmişdir.
Monteskyo "Qanunların ruhu" əsərində cinayət, cəza və cinayət prosesi məsələlərinə də toxunmuş, bu barədə dəyərli fikirlər irəli sürmüşdür. Monteskyonun bu əsərində onun cinayət-hüquqi proqramını əks etdirən fəsillər (cəzanın gücü haqqında, Yapon qanunlarının gücsüzlüyü, roman qanunvericiliyində cəza haqqında, cinayət və cəza arasında dəqiq mütənasiblik haqqında, puı və cismani cəzalar haqqında) vardır. O, cinayət hesab edilən əməllər dairəsinin (xüsusilə də din sahəsinə və monarxın təhqir edilməsi ilə bağlı olan cinayət əməlləri dairəsinin) xeyli məhdudlaşdırılmasının qızğın tərəfdarı olmuşdur.
Monteskyoya görə hərəkətlərlə müşayiət edilməyən sözlərə və fikirlərə görə şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Onun fikrincə, cinayət hesab edilən hər bir əməl qanunda dəqiq müəyyən olunmalıdır ki, hakim qanundan kənara çıxa bilməsin.
Monteskyo cinayət cəzasının şəxsin törətdiyi cinayətə uyğunluğu prinsipini də işləyib hazırlamışdır. Bu prinsipin pozulmasının hansı nəticələrə səbəb olduğunu O, Çinin (məsələn, Çində quldurları şaqqalayırlar, oğruları isə yox. Bu fərqin nəticəsində orada adam öldürmür, yalnız oğurluq edirlər) və Moskva dövlətinin (məsələn, Moskva dövlətində oğruları və quldurları eyni bir cəza ilə cəzalandırdıqlarından, orada soyğunçuluq həmişə adam öldürmə ilə müşayiət olunur) nümunəsində göstərmişdir. Eyni zamanda, Monteskyo, cəzaların ümumən yüngülləşdirilməsinin tərəfdarı olmuş və ölüm cəzasının tətbiq dairəsinin məhdudlaşdırılması zərurətini xüsusilə qeyd etmişdir.
Monteskyo cinayət hüququ ilə bağlı aşağıdakı prinsipləri təklif edirdi: - cinayətkarlıqla mübarizəyə qanunun sərtliyi deyil, məsuliyyətin labüdlüyü kömək edə bilər; - cinayət və cəza vəzifəli şəxslərin mülahizələrinə görə deyil, xalqa bəlli olan mövcud qanunvericiliklə təsbit edilməlidir; - baxışlara, inamlara və sözlərə görə şəxs cinayət məsuliyyətinə cəlb edilməməlidir və şəxsə cəza yalnız zahiri aləmdə təzahür edən hərəkətlərə görə verilməlidir. Monteskyo cinayətkarlığın səbəbləri probleminə dair özünün metodoloji konsepsiyasını da hazırlamışdır. Bu konsepsiyada o, cinayətlərin baş vermə səbəblərini iqlimin təsirindən asılı olduğunu sübut etməyə çalışırdı. Onun fikrincə, şimaldan cənuba hərəkət etdikcə etiraslar və cinayətlər də artır. Monteskyo cinayət hüququnun əsas vəzifəsini cəzalandırmaqdan daha çox cinayətkarlığın qarşısını almağın zəruriliyində görürdü. "Qanunların ruhu" sivil dünya ölkələrində dövlət hakimiyyətinin demokratik sisteminin inkişafına böyük təsir etmişdir. Bu əsərin Monteskyonu daha da məşhurlaşdırmasına baxmayaraq, əsər katolik kilsəsi tərəfindən narazılıqla qarşılandı. 1749-cu ildə "Qanunların ruhu" kilsə tərəfindən, bəzi dini ehkamları rədd edən əsər kimi ittiham edilərək hücumlara məruz qaldı. Bu ittihamlara qarşı 1750-ci ildə Monteskyo "Qanunların ruhunu müdafiə" adlı əsərini yazdı. Buna baxmayaraq, 1751-ci ildə "Qanunların ruhu" əsəri kilsə tərəfindən qadağan edildi. Filosof ömrünün son illərini atalarının malikanəsi olan Le Brede qalasında yaşayırdı, lakin o, ilin bir neçə ayını Parisdə keçirməyə vərdiş etmişdi. Yenə belə bir səfərdə ikən Monteskyo, 10 fevral 1755-ci ildə, 66 yaşı olarkən dünyasını dəyişdi. Bu böyük insan dünya işığına gözlərini yumarkən tarixdə iz buraxan digər məşhur şəxsiyyətlərdən Bekkariya 17, Holbax 18, Russo 42, Didro 42, Volter isə 61 yaşında idi. Bu dahi şəxsiyyətin ictimai, siyasi, hüquqi və iqtisadi görüşləri bu gün də öz əhəmiyyətini və təsirini itirməmişdir.
Fikirləri
Dünyagörüşü etibarilə deist olan Monteskyö teologiya və kilsənin kəskin tənqidini vermişdir. Doğrudur, Monteskyö ictimai əxlaqın qorunmasında dinin müəyyən rol oynadığını göstərmişdir. Monteskyö təbiət və cəmiyyət hadisələrinin tabe olduğu ən ümumi qanunauyğunluluq ideyasını inkişaf etdirmişdir. O, providensializmi rədd edərək qanunu "şeylərin təbiətindən irəli gələn zəruri münüsibət kimi" başa düşmüşdür. Monteskyö təbii hüquq nəzəriyəsinin ümumi müddəalarını qəbul edərək ardıcıl rasionalist konsepsiyaların tərəfdarlarından fərqli olaraq bu nəzəriyyə əsasında ictimai qnunların universal sisteminin yaradılmasını qeyri-mümkün saymışdır, çünki xalqların mövcudluğunun şəraiti müxtəlifdir. Monteskyöyə görə idaretmə qanunları və formalarının rəngarəngliyi buradan irəli gəlir. Monteskyö sosiologiyada coğrafi cərəyanın banilərindən biridir; ictimai quruluşun və adətlərin formalaşmasında iqlimə, torpağa, səthə və s. xüsusi əhəmiyyət vermişdir. Bununla belə Monteskyö ictimai mühitin rolunu göstərmişdir; Monteskyödə ictimai mühit siyasi quruluş və qanunvericilik anlayışı ilə uyğun gəlir. Monteskyö feodal-mütləqiyyət qaydalarını kəskin tənqid edərək burjuaziyanın və zadəganlığın siyasi kompromis ideoloqu kimi mötədil konstitusiyalı monarxiya ideyasının və hakimiyyətlərin bölünməsi prinsipnin müdafiəsində durmuşdur.
Moteskyö 1748-ci ildə "Qanunların ruhu haqqında" əsərini yazmışdı. Onun fikrincə siyasi xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması ola bilər. Bu ideyalar Fransa burjua inqilabı qanunvericiliyinə böyük təsir göstərmişdir.
"…Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə tatarlarla yarışa bilməz… İranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə oturan onlardır. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, ədəbi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır". Şarl Lui Monteskyö ("İran məktubları" 1721)
Monteskyö Con Lokkun ənənələrini davam etdirərək Tomas Hobbsun, sonralar isə Jan Jak Russonun güclü və totalitar sistemindən fərqlənən liberal-demokratik dövlət quruluşunun prinsiplərini formalaşdırdı. Hobbs İngiltərə inqilabını izləyərək cəmiyyətin vətəndaş iğtişaşlarından xilas edilməsi problemini həll etməyə çalışırdı, Monteskyö isə Avropada mütləq monarxiyaları müşahidə edərək kral hakimiyyətinin vətəndaşa qarşı özbaşınalığını məhdudlaşdırmaq üçün səmərəli vasitələr axtarırdı. Bu məqsədlə Monteskyö hüquqi dövlət və hakimiyyətin bölünməsi konsepsiyasını irəli sürür.
Monteskyö yazırdı ki, hüquqi dövlətdə hamı qanun qarşısında bərabər olmalı və qanuna ciddi şəkildə riayət edilməlidir: "Azadlıq qanunun imkan verdiyi hər şeyi etmək hüququdur. Hakimiyyət tərəfindən özbaşınalığın qarşısını almaq üçün dövlət hakimiyyəti bir əldə cəmləşdirilməməlidir; hakimiyyət dövlətin qanunverici, icraedici və məhkəmə orqanları arasında bölünməlidir və qoy onlardan hər biri digərinə nəzarət etsin və yanlış addımlardan saxlasın."
Əsərləri
- İran məktubları (fr. Lettres persanes; 1721)
- Romalıların əzəmətinin və süqutunun səbəbləri haqqında düşüncələr (1734)
- Qanunların ruhu haqqında (1748)
Mənbə
- Yunis Xəlilov. "Monteskyönun həyatı və hüquqi görüşləri". "Qanun" ictimai-siyasi, elmi hüquq jurnalı, № 08 (112), Bakı. 2003. səh. 39–40
- Yeni tarix 9. II fəsil Fransa burjua inqilabı. § 4. Maarifçilik və onun görkəmli nümayəndələri.
- Hikmət Hacızadəm — " Demokratiya — Gediləsi uzun bir yol"
- Yusif Rüstəmov — "Sosial-Siyasi və hüquqi təlimlər tarixi"
- Montesquieu // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Montesquieu // GeneaStar.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.