Rəcəbəli Təbrizi
Molla Rəcəbəli Təbrizi (1669–1701) — islam alimi, müctəhid, Azərbaycanlı filosof
Rəcəbəli Təbrizi | |
---|---|
رجبعلی تبریزی | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | İsfahan |
Dini | İslam |
Fəaliyyəti | filosof, yazıçı |
Həyatı
Molla Rəcəbəli təxminən 1669-cu ildə Təbriz şəhərində dünyaya gəlmişdir. Həyatı haqqında məlumatlar çox azdır. Bağdadda ictihad dərəcəsinə çatdıqdan sonra riyazətlərə və nəfsin təzkiyəsinə başlamışdır. Onun mürşidinin kimliyi barədə məlumat yoxdur. Təhsilini bitirdikdən sonra İsfahana getmiş, ömrünün axırınadək orada yaşamışdır. Buna görə bəzən ona İsfəhani də deyilmişdir.
Molla Rəcəbəli dövrünün hökmdarları yanında böyük hörmət və izzətə malik olmuşdur. II Şah Abbas Səfəvi və Şah Süleyman Səfəvi ona xüsusi ehtiram bəsləmişlər. Nəql olunur ki, İkinci Şah Abbas daim onun yanına gəlir, ondan məsləhətlər alırdı. Molla Rəcəbəli Məhəmməd Hüseyn, Qazi Səid Qumi, Əmir Qivaməddin Məhəmməd İsfəhani, Molla Məhəmməd Şəfi İsfəhani, Məhəmməd Rəfi Pirzadə, Mir Məhəmməd Yusif Taliqani kimi alimlər yetişdirmişdir. Məhəmmədrəfi onun mənəvi övladı olmuş, yaşlı vaxtında yazmağa qüdrəti olmadığı yaşlarında onun bütün sözlərini qeyd etmiş, əsərlərini qələmə almışdır. Molla Rəcəbəli 1701-ci ildə İsfahanda vəfat etmişdir.[1]
Nəzəriyyələri
Molla Rəcəbəli Təbrizi şiə məktəbinin tənzihi ilahiyyat nəzəriyyəçilərindən biri olmuşdur. O qeyd edirdi ki, Vacib və mümkün arasında vücud və mümkün sözləri ləfzidir, yəni söz olaraq deyilir. Belə ki, Allah haqqında deyilən "vücud" sözünün mənası mümkünata şamil olunan vücud ilə eyni olarsa, deməli Allah məxluq olmalıdır. Təbrizi əqli və nəqli dəlillərlə zat və sifətlərin eyniliyini, hətta sifətlərin özünü belə inkar etmişdir. Allaha elm, qüdrət və başqa sifətlərin aid edilməsini şirk hesab etmişdir. Sifətlərin Allaha aid edilməsini İmam Baqirdən (ə) nəql olunan bir rəvayətlə belə izah etmişdir ki, Allahın alim və qadir olması alimlərə elm, qüdrət sahiblərinə qüdrət bəxş etməsidir. Digər bir formada isə belə izah etmişdir ki, sifətlərin Allaha aid edilməsi həmin sifətlərin əksini Allah haqqında inkar etməkdir. Məsələn, Allaha ona görə alim deyilir ki, yəni O cahil deyil. Yaxud ona görə Qadir deyilir ki, o aciz deyil.
Cövhərdə hərəkətin inkarı Molla Rəcəbəlinin başlıca fikirlərindən biri olmuşdur. O, zehni vücudu da inkar etmiş və demişdir ki, nəfsin varlıqlar haqqındakı elmi həmin varlıqların zehni surətlərinə və zehni vücudlarına görə deyil. Bütün əşyaların zatı ya hiss üzvlərilə, ya da onlarsız nəfsə əyan olur. Nəfs cüzvi məsələləri, məsələn soyuq və istini, qaranlıq və işığı hiss üzvləri vasitəsilə dərk edir. Amma mövcudatın külli həqiqətlərini hiss üzvləri olmadan qavrayır. Öz zati elmi ilə onları dərk edir. Bir sözlə, nəfs əşyaların həqiqətini və zatını birbaşa təmasla və öz zati elmilə bilir. Molla Rəcəbəlinin dəlili bu olmuşdur ki, nəfs bütün maddi və mənəvi varlıqların küllü və cəmi olduğu üçün onların həqiqətlərini öz zatının güzgüsündə müşahidə edir və tanıyır. Molla Rəcəbəli nəfsin, varlıqların cüzvi və külli həqiqətlərinin elminə müxtəlif qüvvələrlə yox, vahid bir qüvvə ilə varid olduğunu söyləyirdi.[2]
Yaradıcılığı
Zəngin irfani zövqə malik olan Molla Rəcəbəli Təbrizi şeirlər də yazmışdır. O şeirlərini "Vahid" təxəllüsü ilə qələmə almışdır. Onun dövrümüzə gəlib çatan əsərləri aşağıdakılardan ibarətdir:
- "Vacib əl-vücudun İsbatı traktatı";
- "Əsl-ül üsul", yaxud "Əl Üsul-ul asəfiyyə";
- "Kitab fi-l hikmət";
- "Təfsiri ayət-ül kürsi";
- "Şeirlər divanı".