Mirzəxan Qaraqoyunlu
Mirzəxan Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Mirzəxan Qaraqoyunlu | |
---|---|
40°23′ şm. e. 47°11′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Bərdə rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Mirzəxanlı adı XVIII-XIX əsrlərdə yaşamış Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır.[1]
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848 illərin siyahıya alınması sənədlərinə əsasən Çar Rusiyası dövründə Qaraqoyunlu Mirzəxanlı Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. Mirzəxanlı adı Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır. Qaraqoyunlu Mirzəxanlıda 1848 ildə ayrıca aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə Əhməd ağa (1783-1848), Mustafa ağa (1788-1848), Əli ağa (1798-1848), İsmayıl ağa (1808-1848), Vəli ağa (1813-1848) adlı beş qardaş yaşamışdır. Bu beş qardaş Mirzəxan ağanın oğludur. Əhməd ağanın 5, Mustafa ağanın 4, Əli ağanın 2, İsmayıl ağanın 1, Vəli ağanın 1 oğlu olmuşdur.[1]
1886 ildə Qaraqoyunlu Mirzəxanlıda aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə beş bəy ailəsi yaşamışdır. Abdulla ağa Əhməd ağa oğlu (1826-...), oğlu Şükür bəy (1861-...), Muradxan bəy Əli ağa oğlu (1848-...), oğlu Adil bəy (1880-...), Süleyman ağa Əli ağa oğlu (1836-...), oğlanları Əhməd ağa (1868-...), Əlipaşa ağa (Ələşrəf ağa) (1870-...), Ziyad bəy Vəli ağa oğlu (1849-...), oğlu Misir bəy (1871-...), Mehdi bəy İsmayıl ağa oğlu (1841-...), oğlu İsmayıl bəy (1866-...), qardaşı Məmməd bəy (1856-...), onun oğlu Dadaş bəy (1878-...), Səfər ağa (Teymur ağa) İbrahim ağa oğlu (1858-...) Qaraqoyunlu Mirzəxanlı kəndinin bəylərindən olmuş, Mirzəxan ağanın nəslinin övladlarıdırlar.[1]
XVIII-XIX əsrlərdə Qaraqoyunlu Mirzəxanlıda Hacı Musa Əfəndi Mirzə Məmməd oğlu (1803-1848), Molla Allahverdi Hacı Məmməd Əfəndi oğlu (1800-1848), Səməd Əfəndi Molla Mustafa oğlu (1811-...), qardaşları Molla Mahmud (1808-1848), Molla Əbdürrəhim (1831-1848), Əhməd Əfəndi Məmməd Əfəndi oğlu (1788-1848) adlı din xadimləri və onların ailə üzvləri yaşamışlar.[1]
1848 ilin siyahıya alınmasında Qaraqoyunlu Mirzəxanlı kəndinin əhalisi Məmməd ağanın rəiyyətləri kimi siyahıya alınmışlar. Qaraqoyunlu Mirzəxanlı 1863 ilin siyahıya alınmasında Cavanşir qəzasının, 1873 ilin siyahıya alınmasında Gəncə qəzasının, 1886 ilin siyahıya alınmasında Cavanşir qəzasının kəndi kimi göstərilmişdir.[1]
Qaraqoyunlu Mirzəxanlı 1842 ildə 83 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 377 nəfərdən ibarət Qaraqoyunlu Mirzəxanlıda 222 kişi, 155 qadın yaşamışdır. 1848 ildə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır. Aparılmış siyahıya alınmaya görə, 339 nəfər kişi sakini olmuş Qaraqoyunlu Mirzəxanlı 136 tüstüdən ibarət idi. 1863, 1873, 1886 illərdə kişilərin adı ardıcıllıqla siyahıya alınmış, qadınların yalnız sayı göstərilmişdir. 1863 ildə aparılmış siyahıya alınmaya əsasən Qaraqoyunlu Mirzəxanlı 129 tüstüdən ibarət olmuşdur. Qaraqoyunlu Mirzəxanlıda əhalinin ümumi sayı təxminən 580 nəfər olmaqla 314 kişi, 266 qadın yaşamışdır. 1873 ilin siyahıya alınmasında 160 tüstüdən ibarət Qaraqoyunlu Mirzəxanlının 648 sakini olmuşdur. 391 kişi siyahıya alınmış, 257 qadının sayı göstərilmişdir. 1886 ilə aid siyahıya alınmaya görə, Qaraqoyunlu Mirzəxanlı kəndi 204 tüstüdən ibarət olmuşdur. 1038 nəfər əhalisi olmaqla 599 kişi, 429 qadın yaşamışdır.[1]
Təhsili
E.Əhmədov adına Mirzəxan kənd tam orta məktəb
İqtisadiyyatı
10 dekabr 2015-ci il tarixdə Bərdə rayonunun Kolayır, Vəliuşağı və Mirzəxan Qaraqoyunlu kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zahid Oruc, "Azəriqaz" İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov iştirak etmişlər.
Mənbə
- Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015