Mirzə Saleh Axundov

Axundov Mirzə Saleh Molla Məhəmmədalı oğlu (1870, Quzanlı, Şuşa qəzasıQuzanlı, Şuşa qəzası) – həkim, şair, tərcüməçi.[1]

Mirzə Saleh Axundov
Doğum tarixi 1870
Doğum yeri
Vəfat yeri
Fəaliyyəti şair

Həyatı

Mirzə Saleh Axundov 1870-ci ildə Şuşa qəzasının Quzanlı obasında doğulmuşdu. O, ilk ibtidai təhsilini Axund Molla Hüseynin yanında almışdır. O, burda ərəb əlifasında yazıb-oxumağı, fars və ərəb dillərini öyrənmişdir. Sonra 1884-cü ildə Quzanlı obasına yaxın olan Şuşa qəzasının Hindrax kəndində açılmış kənd natamam orta məktəbində oxumuşdur. Atası Salehi ruhani təhsili almaq üçün Təbrizə göndərmişdir. Lakin Saleh Təbriz ali ruhani məktəbinə daxil olmaq əvəzinə, Tehran şəhərinə gedib, Fransa dövləti tərəfindən açılmış tibb məktəbinin hazırlıq sinfinə daxil olmuşdur. Hazırlıq sinfində dörd il oxuyub, orta təhsilini artırmaqla bərabər, fransız dilinə yiyələnmiş, fars və ərəb dillərində olan biliyini daha da genişləndirmişdir. Sonra fransız tibb məktəbinə daxil olmuş və altı il təhsil alaraq həkimlik peşəsini hərtərəfli öyrənmiş, mütəxəssis həkim diplomuna layiq görülmüşdür.

Mirzə Saleh tibb təhsili aldıqdan sonra bir neçə il TehranTəbriz şəhər xəstəxanalarında həkim kimi çalışmışdır. O, özünün qısa tərcümeyi-halında göstərmişdir ki, İranda olan zaman 1905–1911-ci illərdə Səttar xanın rəhbərliyi altında baş vermiş İran inqilabında-Cənubi Azərbaycanın Milli Azadlığı üğrunda döyüşlərdə yaralanmış mücahidlərə tibbi yardım göstərərək onları ölümdən xilas etmişdir. Tehranda xəstəxanada işlədiyi zaman yerli bir qız il ailə həyatı qurmuşdur. Mirzə Saleh 1910–1911-ci Qarabağa qayıtmağa məcbur olmuş və həyat yoldaşını götürüb, Quzanlı obasına qayıtmışdır. Ana babası Məşədi İskəndərin onlara verdiyi torpaq sahəsində özünə iki mərtəbəli, dördotaqlı ev tikdirərək, həkim məntəqəsi açmış və xəstələrə tibbi yardım göstəmişdir.

Mirzə Saleh Şuşada çalışan həkimlərdən Kərim bəy Mehmandarov, Mirzə Hüseyn, Ağdamda çalışan Bahadur bəy Əliverdibəyov, Fərrux bəy Ağakişibəyov, Ağcabədidə həkim işləyən Seyidlə birgə Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Ağdərə, Laçın bölgələrinin kəndlərinin və şəhərlərinin əhalisinə tibbi yardım göstərmiş və ağır xəstəliklərin müalicələrini aparmışdır.

Mirzə Saleh Axundov 1918–1920-ci illərdə Dağlıq Qarabağda və Zəngəzurda gedən daşnak-erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə yaralanmış, Qarabağ könüllülərinə, Azərbaycan Milli Ordusunun əsgərlərinə ilk tibbi yardım göstərərək, onların müalicəsinin aparılmasında iştirak etmişdir.[2]

Yaradıcılığı

Mirzə Saleh türk, fars, ərəb, fransız və rus dillərini sərbəst bilirdi. Bir çox dillərdən tərcümələr etmişdir. Mirzə Saleh Tehranda təhsil aldığı zaman ədəbi yaradıcılıqla da məşğul olmuşdur.

Mirzə Saleh Quzanlı 1930-cu ildə tərtib etdiyi altı cildlik "Azərtürkcə yeni dolu sözlük" adlandırdığı əlyazma şəklində lüğətini 1940-cı ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və ədəbiyyat İnstitutuna təqdim etmişdir. Müəllif lüğətin müqəddiməsində qeyd etmişdir ki, o, onomasik sözləri Azərbaycan dilindən götürüb və latın əlifbası ilə (1929–1939-cu illərdə işlənmiş latın qrafikalı əlifba) sıralamışdır.

Mirzə Saleh Quzanlının yazdığı "Divan"da şairin qəzəlləri və rübailərindən başqa, klassik şairlərdən, xüsusilə Məhəmməd Füzulinin fars dilində yazılmış şeirlərinin və digər əsərlərinin tərcümələri var. "Azərtürkcə yeni dolu sözlük" lüğətinin əlyazması hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılır.[3][4]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.