Mirzə Sadıq Fani
Mirzə Sadıq Axund Əsədulla oğlu - şair, maarif xadimi.
Mirzə Sadıq Fani | |
---|---|
Mirzə Sadıq Axund Əsədulla oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Həyatı
Mirzə Sadıq Fani 1840-cı il fevralın 5-də Cənubi Azərbaycanın Təbriz şəhərində doğulmuşdur. İlk təhsilini atası Axund Əsədulladan almışdır. Ərəb və fars dilini mükəmməl bilməsi ona klassik Şərq ədəbiyyatını dərindən öyrənməsinə imkan vermişdir.
Gəncədə yaşamış, məktəbdarlıq etmişdir. Ona görə el arasında Mirzə adı ilə çağırılmışdır. Mollaxana və mədrəsələrdə sadə, anlaşıqlı yazmaq və oxumaq üçün Azərbaycan dilində dərslik yaratmışdır (1893). Onun "Xəmseyi-ədəbiyyə" dərsliyi də mədrəsələrdə tədris olunmuşdur. Şerlərini Fani təxəllüsü ilə qələmə almışdır. "Ağıl, bəxt və dövlət" adlı mənzum əsəri, "Divani-Fani" əlyazma şerlər toplusu, mənzum məktubu və məsnəvisi onu xoştəb maarifpərvər şair kimi səciyyələndirir.
Mirzə Sadıq Molla Əsədulla oğlu "Fani" təxəllüs əslən təbrizlidir. Bu halda qırx ildən ziyadədir ki, Gəncədə iqamət edir. Elmi Təbrizdə öz atasından təhsil edibdir. Hicrətin 1255-ci ili zilhiccə ayının 18-ci günü anadan olubdur. Əlan Gəncədə məktəbdarlıq ilə iştiğal edir və lakin məktəbin qaydası və üsuli-təlimi əski qayda üzrədir.
Fani cənabları farsca və türkcə yaxşı bilir və özünün də qüvveyi-şeriyyəsi fövqəladədir. Hər iki dildə çox gözəl şerləri var. Faninin yazdığı şerlər ələlümum tərbiyəyə, əxlaqa və həkəmiyyata dairdir. Divanı var və lakin çap olunmayıbdır, haman divan "Divani-Fani" adlanır. Faninin gözəl hüsnxətti var.
Şairin öz iddiasınca yeddinci babası məşhuri-afaq Şeyx Bəhai əleyhirrəhmədir. Gəncədə evlənibdir və iki oğlu var. Fani müsinn bir şəxs ikən yenə zövqü şövqdən düşməyibdir. Məktəb şagirdləri üçün "Xəmseyi-ədəbiyyə" adlı bir məcmuə tərtib qılıbdır. Bu məcmuə beş cüzdən ibarətdir: 1) Lazımdır, 2) Ədəbiyyə, 3) Təmsilat, 4) İqbaliyyə və idbariyyə, 5) Əxlaqiyyədir. Üç əvvəlinci mətbudur. Bundan əlavə cənab Faninin "Ağıl, bəxt və dövlət" ünvanlı mənzum bir əsəri də var. Məzkur əsərdə bu üç şeyin hansı birisinin qeyrilərinə tərcihi var isə, məlum olur.