Mirzə Səfər (hekayə)
Mirzə Səfər (hekayə) — Əsl adı "Şair" olan, Sovet illərində Mirzə Səfər olaraq tanınan bu hekayə ilk dəfə 1918-ci ildə Tiflisdə "Tartan-Partan" jurnalında çap edilmişdir. Hekayə "Mirzə Səfər" adı altında ilk dəfə 1938-ci ildə “Revolyusiya i Kultura” jurnalında çap edilmişdir[1].
Mövzusu
Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir[2].
Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında "Evlənmək istəyirəm" filmi lentə alınmışdır.
Xalq rəssamı Davud Kazımovun bədii irsində Ə.Haqverdiyev mövzusu geniş yer tutur. Əsasən ötən əsrin altmışıncı illərində qara tuşla ərsəyə gətirilmiş əsərləri milli kitab qrafikası saxlancımıza layiqli töhfələr hesab etmək olar. Müəllifin məşhur “Mirzə Səfər” hekayəsinə çəkdiyi üç illüstrasiya (1967) bu qəbildəndir[3].
Surətlərin təhlili
Mirzə Səfər - Hеkayədə açıqgözlü, namuslu bir ziyalının surəti vеrilir. Mirzə Səfər idarədə katib vəzifəsində çalışır. Yuxarı təbəqə işçilərinin çоxu rüşvətlə baş girlədikləri halda, Mirzə Səfər insanı başı aşağı еdən bu çirkin əmələ nifrət еdir. Оnun vəzifəsi ərizə yazmaqdır. Ərizə yazdİranın dövlətli və ya kasıb оlması оnu maraqlandırmır. О, az gəlirlə kifayətlənir. Mirzə Səfərin yaltaqlardan da zəhləsi gеdir. Оnun uşaqlarını məktəbdən çıxardırlar. Bu hadisə Mirzə Səfərə ağır təsir еdirsə də, Həsən ağa kimi murdar adama baş əymir. О sınır, amma düşmən qabağında əyilmir, çünki əyilmək xasiyyəti Mirzə Səfərin təbiətinə yaddır. Hekayənin baş qəhrəmanı Mirzə Səfər mütərəqqi dünyagörüşü ilə də diqqəti cəlb edir. O, elmə, savada böyük əhəmiyyət verir və övladlarının ali təhsil almaları üçün hər bir çətinliyə dözür.
Bu əsərlə əlaqədar ədəbiyyatşünas alim Mir Cəlal yazırdı: "Mirzə Səfər insanlıq şərəfini hər şeydən uca tuturdu. Bunun özü bir xidmətdir. Bütün insanlar Mirzə Səfər kimi düşünsəydilər, Həsən ağa kimi nanəcib insanlar cəmiyyətdə yuva salmağa imkan tapmazdılar"[4].
Usta Zeynal - Əsərdə müəllifin oxuculara rəğbətlə təqdim etdiyi surətlərdən biri də Mirzə Səfərin dostu usta Zeynaldır. Yazıçı, onun timsalında zəhmətə bağlı, dostluğa sadiq təmiz bir insan obrazı yaratmışdır. Hekayədə Mirzə Səfər həyatın çətin sınağı ilə üz-üzə qalır. O, oğlanlarının gimnaziyada təhsillərini davam etdirmələri üçün ildə səksən manat pul ödəməlidir. Mirzə Səfər bu qədər pul tapmaq iqtidarında olmadığına görə bərk narahatlıq keçirir. Lakin usta Zeynal dostunun çətinliklə üz-üzə qalmasına imkan vermir, onun övladlarının təhsil haqqının yarısını öz öhdəsinə götürür...
Həsən ağa - Mirzə Səfərlə usta Zeynaldan tamamilə əks qütbdə dayanan Həsən ağa obrazı mal, pul sarıdan nə qədər varlıdırsa, mənəvi cəhətdən bir o qədər rəzildir. Kasıblara münasibətdə hədsiz dərəcədə qəddar olan Həsən ağa həm də yaltaqdır. O tez-tez cilddən-cildə girir və bu yolla daxili eybəcərliklərini pərdələməyə çalışır. Həsən ağanın siması onun Mirzə Səfərin övladlarına münasibətində aydın görünür. Vaxtilə Mirzə Səfərin oğlanlarının gimnaziyada pulsuz təhsil almalarına imkan verməyən Həsən ağa onları ali təhsil alıb geri döndükdən sonra özünü canıyanan ağsaqqal kimi göstərməyə çalışır. Lakin onun bu ikiüzlülüyü oxucuda əks reaksiya doğurur, ona qarşı ikrah hissi oyadır[2]
Həmçinin bax
İstinadlar
- "Abdurrahim Bey Hakverdiyev Hayatı-Sanatı ve Tiyatro Eserleri" (PDF). 2020-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-08.
- "Ə.Haqverdiyevin «Mirzə Səfər» hekayəsindəki surətlərin təhlili". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-31.
- "Magik realizmin gülüş və düşüncə yükü". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
- "Ömür itmir, bitmir, davam edir". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-31.