Mirzə Məsud xan Gərmərudi
Mirzə Məsud Mirzə Əbdürrəhim oğlu Gərmərudi (12 may 1781, İşlaq, Şərqi Azərbaycan ostanı – fevral 1849) — diplomat, tarixçi.
Mirzə Məsud xan Gərmərudi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1781 |
Doğum yeri | |
Vəfat tarixi | fevral 1849 (67 yaşında) |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Mirzə Məsud Mirzə Əbdürrəhim oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir.
Mirzə Məsud atası Mirzə Əbdürrəhim Təbrizin vəziri olmuşdu. Onun soyu Xacə Abdulla Ənsariyə çatır.
Mirzə Məsud xan Gərmərudi türk, fars, ərəb, ingilis və fransız dillərini bilirdi. Onun fransızca məktubları qalıb.
Mirzə Məsud xan Gərmərudi əvvəlcə Abbas mirzə Qovanlı-Qacarın yanında mustovfi vəzifəsində çalışmışdı. 1829-cu ildə Xosrov mirzə Qovanlı-Qacar ilə birlikdə Rusiyaya yollanmışdı.
Mirzə Məsud xan Gərmərudi 1832-ci ildə Qacarlar dövlətinin Xarici İşlər naziri təyin edilmişdi.
Mirzə Məsud xan Gərmərudi böyük səyyah Hacı Zeynalabdin Şirvani ilə dost idi.
Mirzə Məsud xan Gərmərudi 1849-cu ildə vəfat edib. Nəcəf şəhərində dəfn edilib.
Ailəsi
Mirzə Məsud xan Şahbəyim (Ziyaəssəltənə) xanım Fətəli şah qızı Qovanlı-Qacarla ailə qurmuşdu. Mirzə Həsən xan, Mirzə Hüseyn xan, Mirzə Məhəmmədəli xan adlı oğlanları, Şahənşah bəyim və Şahzadə bəyim adlı qızları vardı.
Mənbə
- Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.
- Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.