Mirseyfəddin Kirmanşahlı
Mirseyfəddin Kirmanşahlı (1892, Kirmanşah-1933, Tehran, İran) — azərbaycanlı aktyor, rejissor, tərcüməçi və dramaturq.
Mirseyfəddin Kirmanşahlı | |
---|---|
Digər adı | Mir Kirmanşahlı |
Doğum tarixi | |
Doğum yeri | Kirmanşah, Qacarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Vəfat səbəbi | intihar edib |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
IMDb | ID2151283 |
Həyatı
1892-ci ildə Tehran yaxınlığındakı Kirmanşahda doğulmuşdur. 1908-ci ildə Rusiyaya gəlmişdir.
İlk təhsilini Tiflisdə almış, sonra Moskva Teatr Texnikumunda oxumuşdur. Yaradıcılıq fəaliyyətinə Tiflisin Azərbaycan teatrında başlamışdır. Burada o, C. Məmmədquluzadənin "Ölülər"ində İsgəndəri, M. F. Axundovun "Hacı Qara"sında Heydər bəyi, Ş. Saminin "Dəmirçi Gavə"sində Gavə, N. Qoqolun "Müfəttiş"ində bələdiyyə rəisini və başqa rolları böyük ustalıqla ifa etmişdir. Onun gözəl səsi, hərəkətləri böyük səhnə mədəniyyəti tamaşaçılarda rəğbət hissi ilə qarşılanırdı. O, rejissor kimi bu teatrda E. Molyerin, "Jorj Danden", H. Cavidin "Uçurum", C. Cabbarlının "Aydın", F. Şillerin "Qaçaqlar", N. Vəzirovun "Hacı Qənbər", Şekspirin "Hamlet" əsərlərini böyük ustalıqla tamaşaya qoymuşdu. 1919-cu ildə Ş. Kirmanşahlı Tiflisdəki Azərbaycan teatrının kollektivi ilə İstanbulda böyük müvəffəqiyyətlə çıxış etmişdi.
Mirseyfəddin Kirmanşahlı Bakı və Tiflis teatrlarında uzun müddət aktyor, rejissor, tərcüməçi və dramaturq işləmişdir. O, həm də "Bismillah" və "Gilan qızı" filmlərində çəkilmiş və mətbuat səhifələrində teatr sənəti haqqında çoxsaylı məqalələrlə çıxış etmişdir. 1919-cu ildə Tbilisi Azərbaycan Teatrı truppasının aktyorları ilə birlikdə İstanbulda qastrolda olmuşdur. Kirmanşahlı 1920-ci illərdə həmçinin Bakı Azad Tənqid-Təbliğ Teatrında, Azərbaycan Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmiş, Bakı Teatr Texnikumunda dərs demişdir. Kirmanşahlının tamaşaları kütləvi səhnələrin dolğunluğu, aktyor oyununun təbiiliyi ilə fərqlənmişdir. O, 1930-cu ildə İrana qayıdır. Təbrizdə teatr truppasına rəhbərlik edir, İran teatr səhnələrində Ü. Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasını "Leyli və Məcnun" operasını, M. F. Axundovun "Lənkəran xanının vəziri", Ə. Haqverdiyevin "Pəri cadu" və başqa əsərləri tamaşaya qoyur. Tehranda "Dramaturji Studiya" açaraq burada səhnə ustalığından dərs keçirdi. Onun yaradıcılığı İran və Cənubi Azərbaycan teatrı tarixində əhəmiyyətli yer tutur. Kirmanşahlı mütərəqqi ictimai görüşləri və siyasi əqidəsinə görə polis tərəfindən aramsız təqib olunduğundan 1933-cü ildə Tehranda intihar etmişdir.
Filmoqrafiya
- Bismillah (film, 1925) — rol: bəy (tammetrajlı bədii film)
- Gilan qızı (film, 1928) (tammetrajlı bədii film)