Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974).[1]
Mirəli Qaşqay | |
---|---|
Mirəli Seyidəli oğlu Qaşqay | |
Doğum tarixi | |
Doğum yeri | Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Elm sahəsi | geologiya-mineralogiya elmləri |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru (1942) |
Elmi adı | akademik (1945) |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür.[2] Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Geokimyəvi tədqiqatlarının nəticələri ona "Azərbaycanın geokimyəvi xəritəsi"ni tərtib etməyə əsas vermişdir.
Elmi fəaliyyəti
Onun elmi fəaliyyəti çoxcəhətli olub, mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə etmişdir. O, Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçısıdır. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqları kəşf etmiş (A. Məmmədovla birgə) və filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir. O, respublikada 220-yə mineral və termal mənbələrin olduğu müəyyən etmişdir.
1938-ci ildə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu), 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olmuşdur. Bir neçə illər ərzində Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda filiz yataqlarının mineralogiyası, petroqrafiyası və geokimyası şöbəsinə rəhbərlik etmişdir. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır.[3]
Uzun illər ərzində Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaratmışdır. Rəhbərliyi altında 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilmişdir. 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.[4]
Leninqrad (1946), Moskva (1955), Lvov (1955) mineralogiya və geologiya cəmiyyətlərinin üzvü, Böyük Britaniya və İrlandiya (1958), ABŞ (1959) mineralogiya cəmiyyətlərinin həqiqi üzvü, Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri üzvü (1971) seçilmişdir.[1] İran (1945), Meksika (1956), İngiltərə (1957), İsveçrə (1958, 1960), Çexoslovakiya (1968), Danimarka, Norveç (1960), Hindistan (1964), Bolqarıstan (1967), Türkiyə (1968), ABŞ (1969) və b. ölkələrdə beynəlxalq geoloji konqreslərdə və simpoziumlarda çıxış etmişdir. İsveç sülh konfransının (1968) iştirakçısı olmuşdur. Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı", Oktyabr İnqilabı ordenləri və medallarla təltif olunmuşdur.[5]
M. Ə. Qaşqay böyük elmi irs qoymuşdur. Onun 600-dən çox elmi əsəri və 35 monoqrafiyası çap olunmuşdur. "Azərbaycanın əsas və ultraəsas süxurları", "Azərbaycan mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı" kimi fundamental əsərlərin müəllifidir. 10 elmlər doktoru və 50 elmlər namizədi hazırlamışdır.
M. S. Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat etdi. Mərhum akademik Bakıda I Fəxri Xiyabanda dəfn olunub.
- Tanınmış tarixçi-alim Solmaz Qaşqay və coğrafiya elmləri doktoru Rəna Qaşqayın əmisidir.
Mükafatları
- "Qırmızı əmək bayrağı" ordeni;
- "Oktyabr inqilabı" ordeni (1977);
- "Şərəf nişanı" ordeni (1952);
- "Qafqazın müdafiəsinə görə" medalı;
- "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalları.
Filmoqrafiya
- Qaşqayın son proqnozu (film, 2007) (Mirəli Qaşqayın 100 illik yubileyi ilə bağlı rejissor Elçin Musaoğlunun quruluşunda akademikin həyat və yaradıcılığından bəhs edən sənədli film).
Əsərləri
- Azərbaycan alunit yataqları/M. Qaşqay, Ə. Babayev.-Bakı: Elm, 1976,
- Минеральные источники Азербайджана. 1952,
- Из истории древней металлургии Кавказа. 1973,
- On the Alpientype veins of Caucasus, Just. Lugas Mallada. C. S. L. O. (Espana), Madrid, 1960, fasc. 7.
İstinadlar
- Azərbaycan Sovet Ensiklopediyası, III cild, Bakı-1979. səh. 106–107
- "Arxivlənmiş surət" (PDF). 2012-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-01.
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-29.
- http://xezer.libmks.az/home/438-ggrkymli-azyrbaycan-geoloqu-miryli-qaeqay.html%5B%5D
- "Arxivlənmiş surət". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-29.