Minirə Qarayeva

Qarayeva Minirə Gülməmməd qızı (14 aprel 1937, Qutqaşen23 yanvar 2022) — professor, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini, Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidentidir.

Minirə Qarayeva
Minirə Gülməmməd qızı Qarayeva
Doğum tarixi
Doğum yeri Qəbələ, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Ürək çatışmazlığı
Dəfn yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı İmran Abbasov
Atası Gülməmməd Qarayev
Elmi dərəcəsi Professor
Elmi adı Professor
İş yeri Təqaüdçü

Həyatı

Minirə Qarayeva 1937-ci ildə Qutqaşın rayonunun (indiki Qəbələ rayonu) Qutqaşın şəhərində ziyalı ailəsində anadan olmuşdur[1]. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. Minirə Qarayeva 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri olmuşdur. 23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir.[2]

Fəaliyyəti

Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir. Ayrı-ayrı ölkələrdə bir çox elmi dərnəklərin, eləcə də ECA-nın (Avropa Topluluğu Assosiasiyası) üzvüdür. Bu cəmiyyətlərin dəvəti ilə Kiprdə (Qazimağusa, Lefkoşa), Yunanıstanda (Selanik), Almaniyada (Münhen), Türkiyədə (Ankara, İstanbul, Ərzurum, Kayseri, İsparta, Sivas və s.) konfranslarda, assembleya və konqreslərdə məruzə etmişdir.

İngilis dilinin fonetikasına həsr olunmuş üç kitab, əlliyə yaxın məqalə müəllifidir. Hələ tələbə ikən ali təhsil nazirinin imzası ilə "Fəxri fərman"a, müəllim işlədiyi dövrdə isə səmərəli əməyinə qiymət verilərək bir medal, fəxri fərmanlarla təltif olunmuşdur.

1994-cü ildə Türkiyənin Sivas şəhərindəki Cumhuriyyət Universitetində dərs deməyə dəvət olunmuş və Ali Təhsil Nazirliyinin icazəsi ilə işə başlamışdr. Eyni universitetdə on il professor, bölüm başqanı olaraq işləmiş və bu müddətdə də bir çox fəxri adlarla təltif olunmuşdur.

Mimirə Qarayeva İngiltərənin Kəmbric Universiteti tərəfindən "20-ci əsrin qabaqcıl elm adamları" arasında "Müvəffəqiyyət şərəf Diplomu"na layiq görülmüşdür. Eyni zamanda o, "Dünya Bioqrafik Mərkəzi" tərəfindən "Milleniumun Beynəlxalq Qadını Naminatoru" və "2003-cü ilin ən yaxşı beynəlxalq qadın pedaqoqu" fəxri adlarına layiq görülmüşdür.

Professor Minirə Qarayeva 2013-cü ildə Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidenti seçilmişdir.

İstinadlar

  1. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. modern.az. "Məşhur azərbaycanlı professor vəfat edib". modern.az (az.). 2024-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-23.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.