Mikroskop

Mikroskop (yun. μικρός — kiçik və σκοπέω — baxıram) və ya Xürdəbin[1] — baxılan obyektin təsvirinin böyüdülməsi, həmçinin gözlə görünə bilinməyən hissənin ölçülməsi üçün cihaz. Linzaların xüsusi prinsiplə qurulması nəticəsində yaranır

Mikroskop. 1876-cı il

Mikroskopların hazırlanması texnologiyası və praktiki istifadəsi mikroskopiya adlanır.

Tarixi

Əyri səthlərin bir sıra optik xüsusiyyətlərə malik olması hələ çox qədim zamanlardan Evklid (miladdan əvvəl 300-cü il) və Ptolomeyə (miladdan əvvəl 127–151-ci illər) də məlum idi. Ancaq mikroskopun ixtirası XVI-XVII əsrlərdə optikanın sürətli inkişafından sonra mümkün oldu. XVI əsrdə Leonardo da Vinçi kiçik obyektləri xüsusi böyüdücünün köməyi ilə daha yaxşı görmək mümkün olması ideyasını irəli sürdü. İlk mikroskopu isə 1590-cı ildə hollandiyalı Zaxari Yansen icad etdi. Bu cihaz borunun içərisinə yerləşdirilmiş iki linzadan ibarət idi. Onlardan biri obyekti böyüdür, digəri isə böyüdülmüş obyekti yenidən böyüdürdü. Zaxari Yansenin mikroskopu 3 dəfədən 10 dəfəyə qədər böyütmək qabiliyyətinə malik idi. Ancaq "Yansen mikroskopu"nun təkmilləşdirilməsində Qalileo Qaliley, Leonard Eyler, Ernst Abbe kimi məşhur alimlərin də böyük rolu oldu. 1674-cü ildə isə məşhur ingilis alimi Robert Huk (1635–1703) daha güclü bir mikroskop icad etdi. O, öz mikroskopu ilə mantar kəsiyinə baxanda onun arı pətəyinə oxşar ayrı-ayrı gözcüklərdən ibarət olduğunu gördü və Robert Huk bu gözcükləri "hüceyrə" adlandırdı.

Mikroskopun tarixində ən böyük addımı isə hollandiyalı Anton van Levenhuk (1632–1723) atdı. Levenhuk atası və babası kimi yun ticarəti ilə məşğul idi və yəqin ki, onun elmi axtarışları olmasaydı, bu gün adi bir yun tacirini heç kim yada salmayacaqdı.

Levenhuk hər gün boş vaxtlarında yaşadığı evin arxa otağında oturur və burada böyüdücü şüşələri — linzaları cilalayaraq onların köməyi ilə ağac qabıqlarına, bitki yarpaqlarına baxırdı. Bir gün qabarıq linzanın altında gölməçədən götürülmüş bir yağış damcısına baxanda onun qarşısında bütöv bir canlı aləm açıldı. Burada külli miqdarda kiçik "heyvanlar" var idi. Levenhuk gördüklərinin hamısını təkcə dəqiq təsvir etmədi, həm də dəqiq şəklini çəkdi.

Levenhuk insanlara məlum olmayan, ancaq təbiətdə (hətta insan həyatında da) mühüm rol oynayan canlı aləmi — mikroorqanizmləri kəşf etdi. Hollandiyalı bir yun ticarətçisinin bu kəşfi Avropanın məşhur alimlərinin də böyük marağına səbəb oldu. Əvvəllər də gözlə görünməyən və təhlükəli yoluxucu xəstəliklərə səbəb olan kiçik varlıqların mövcudluğu barədə fikirlər var idi. Ancaq Levenhuk mikrobları gözlə görən ilk alim idi. Əlbəttə bu, hələ mikroskop deyildi və bir neçə linzadan ibarət olan mürəkkəb cihazlar — mikroskoplar sonralar kəşf edildi. Levenhukun "Mikroskopu" isə əslində 300 dəfə böyüdə bilən çox güclü bir böyüdücü idi. 1933-cü ildə isə alman alimləri Maks KnollErnst Ruska elektron mikroskopu icad etdilər. Bu mikroskopun köməyi ilə ən kiçik zərrəcikləri belə görmək mümkün oldu.Virusların bəziləri nəhəng,bəziləri isə çox kiçikdir.

Tələb olunan ölçüdən asılı olaraq mikroskopun əsas növləri isə aşağıdakılardır:

Mikroskopun quruluşu

Mikroskopun əsas kütləsini ştativ təşkil edir. Ştativə tubus, əşya kürsüsü, kremalyer adlı dişli çarx və oturacaq birləşmişdir. Tubusun yuxarı hissəsində okulyar, aşağı hissəsində revolverobyektivlər yerləşir. Əşya kürsüsünə əşya masası, onun altında kondensor, onun da altında apertur diafraqması, ən altda isə çıxarılıb-qoyula bilən güzgü yerləşir. Kremalyer dişli çarxı 2 vintdən — makrovint və mikrovintdən ibarətdir. Vintlərlə əşya masası arasında onları əlaqələndirən mikrometrik mexanzimli qurğu yerləşir. Mikroskopun ən aşağı hissəsini oturacaq təşkil edir. Oturacağın üstündə, çıxarılıb-qoyula bilən güzgünün aşağı hisəsində hərəkətedici güzgü yerləşir.

Okulyar

Okulyar tubusun yuxarı hissəsində yerləşir. Biz mikroskopda əşyanı izlədiyimiz zaman gözümüzü okulyara söykəyirik. Okulyarın vəzifəsi insanın gözünə dayaq olub mikroskopda alınan xəyalı ona göstərməkdir. Okulyar sözü "okulus" sözündən gəlib "göz" mənasını verir. Okulyar 2 linzadan və onları saxlayan çərçivədən ibarətdir. Bu linzalardan tubusa daha uzaq olanı yuxarı linza və ya "göz linzası", digəri isə aşağı linza adlanır. Okulyar mikroskopun əsas böyüdücü iki hissəsindən biri olub lupa funksiyasını yerinə yetirir.

Obyektiv

Mikroskopun əsas iki böyüdücü hissəsindən biri də obyektivdir. "Obyektiv" sözü "obyektum" sözündən götürülüb "əşya" mənasını verir. Çünki obyektiv böyüdülmüş xəyalını almaq istədiyimiz əşyaya tərəf yönəlib onu böyüdür. Mikroskopa 2–4 (əsasən 3) ədəd obyektiv olur.Hər obyektiv müəyyən böyütmə dərəcəsinə malik olub bir neçə linzadan ibarətdir. Bu linzalardan tədqiq olunan əşyaya ən yaxın olanının vəzifəsi əşyanın xəyalını böyütmək, digərlərinin vəzifəsi isə əvvəlki linzanın nöqsanlarını aradan qaldırmaqdır. Obyektivlər revolverin fırlanan aşağı səthində yerləşir.

Revolver

Revolver mikroskopda tubusun aşağı hissəsində, obyektivlərdən yuxarıda yerləşir. Revolverin obyektiv səthi fırlanmaq qabiliyyətinə malikdir. Əsas vəzifəsi də obyektivi hərəkət etdirib lazım olan yerə gətirməkdir. Revolverin daxilində yay var ki, obyektiv əşyanı görmək üçün uyğun yerə gəldiyində yay açılaraq obyektivə daxil olur. Beləliklə, obyektivin tərpənməsinin qarşısını alır.

Tubus

Okulyarla revolver arasında tubus və ya baxış borusu yerləşir. Tubus istiqamətləndirici funksiyasını daşıyır. Başqa sözlə, xəyaldan gələn işıq dalğalarını gözə doğru istiqamətləndirir. Obyektiv ilə okulyar arasındakı məsafə tubusun optik uzunluğu adlanır.

Əşya masası

Əşya masası mikroskopun üstünə preparat qoyulub tədqiq edilən hissəsidir. Onun üzərində bərkidici yaylar yerləşir. Bu bərkidici yaylar elastiki olub, tədqiq olunan cismi əşya masasına sıxır. Əşya masası mikroskopun mexaniki hissəsinə daxildir.

Mikroskopların göstərmə imkanları

Mikroskopların göstərmə imkanları — mikroskopların iki yaxın nöqtədə yerləşən obyektlərin ayrı-ayrı dəqiq təsvirlə göstərə bilməsidir.

Mikrodünyaya giriş cihazın göstərmə imkanlarından asılıdır. Bu xarakteristika mikroskopda istifadə edilən şüanın uzunluğundan asılıdır. Məhdudiyyət ondadır ki, heç vaxt şüanın uzunluğundan kiçik obyektin təsvirini almaq olmur.

Ona görə də mikrodünyanın təsvirini ancaq daha kiçik ölçülü şüalar vasitəsilə etmək olur.

Mikroskopların növləri

Tələb olunan ölçüdən asılı olaraq mikroskoplar aşağıdakı növlərə bölünürlər:

Optik mikroskop
  • yaxınölçülü optik mikroskop
Elektron mikroskop
  • İşıqlandıran elektron mikroskop
  • Rastrov elektron mikroskop
Köçürən zond mikroskopu
  • Köçürən atom-güc mikroskopu
  • Köçürən tunel mikroskopu
Rentgen mikroskopu
  • Rentgen əksetdirən mikroskopu
  • Rentgen proyeksiya mikroskopu
    • Lazer rentgen mikroskopu (XFEL)
Differensial interferension-kontrast mikroskop

Mikroskop qalereyası

Mikroskopun mexaniki hissələri

Həmçinin bax

Mənbə

İstinadlar

  1. https://archive.org/stream/Seilmisrlri-liByHseynzad/Sechilmish_eserleri_djvu.txt mikroskop, yəni, Xürdəbin “Həyat", 1905-ci il, №112
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.