Migel Anhel Asturias

Migel Anhel Asturias Rozales (isp. Miguel Ángel Asturias Rosales; 19 oktyabr 1899[1][2][…], Qvatemala[3]9 iyun 1974[1][4][…], Madrid[5]) — qvatemalalı yazıçı, şair, jurnalist, ictimai xadim, diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1967), "Xalqlar arasında sülhün möhkəmləndirilməsi" Beynəlxalq Lenin mükafatı laureatı (1966).

Migel Anhel Asturias
isp. Miguel Ángel Asturias Rosales
Doğum adı Miguel Ángel Tejada Peñuela
Doğum tarixi 19 oktyabr 1899(1899-10-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 iyun 1974(1974-06-09)[1][4][…] (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti şair, yazıçı, diplomat, jurnalist, siyasətçi, şair-vəkil[d]
Əsərlərinin dili ispan dili
İstiqamət sürrealizm, magik realizm
Janr roman
Mükafatları ədəbiyyat üzrə Nobel mükafatı
Order of Augusto César Sandino
Lenin sülh mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Migel Anhel Asturias Qvatemalanın paytaxtı Qvatemala-siti şəhərində zəngin və geniş əlaqələrə malik ailədə doğulmuşdu. Məhkəmə sistemində yüksək mövqe tutan atası 1898-ci ildə hakimiyyətə gələn diktator Kabrera Estrada ilə siyasi opponent olduğundan paytaxtı və vəzifəsini tərk etmək məcburiyyətində qalmışdı.

Qvatemaladakı San Karlos universitetinin tələbəsi Migel Asturias ailə ənənəsini davam etdirərək diktatura rejiminə qarşı mübarizənin fəallarından biri kimi tanınmışdı. Estradanın hakimiyyətdən uzaqlaşdırılmasından (1920) sonra o, ölkədə xalq universitetinin yaradılmasının əsas təşəbbüskarlarından biri kimi çıxış etmişdi. "Hinduların sosial problemləri! adlı dissertasiyası ilə Asturias hüquq doktoru dərəcəsini qazanmışdı.

Estrada rejimi devrilsə də, ölkədəki vəziyyət yaxşılığa doğru dəyişməmişdi. Migelin dostlarından biri siyasi baxışlarına görə vəhşicəsinə döyüləndən sonra Asturias ailəsi övladlarını təhlükədən uzaqlaşdırmaq üçün təhsilini davam etdirmək məqsədi ilə onu Avropaya göndərmək qərarına gəlmişdi. Migel əvvəlcə Londonda iqtisadiyyatı öyrənmək istəyirdi. Sonra fikrini dəyişmiş və Sorbonnada hindu mifologiyası üzrə tanınmış mütəxəssis Jorj Raynonun rəhbərliyi ilə mayya mədəniyyəti ilə məşğul olmağa başlamışdı.

Parisdə sürrealistlərin təsiri altında Asturias şeir və nəsr yaradıcılığına başlamışdı. Onun ilk əsəri Madriddə çap olunan və mayya mədəniyyətinin poetik şərhini ehtiva edən "Qvatemala əfsanələri" (1930) idi. Bu kitaba görə müəllif Silla Monsequra mükafatı almışdı. Fransa paytaxtında yaşadığı on ilə yaxın müddətdə mayya müqəddəs mətnlərini fransız dilinə çevirmiş və "Yeni zaman" ("Tiempos Nuevos") jurnalını nəşr etmişdi. Latın Amerikası diktatorları haqqındakı sürrealist "Sinyor Prezident" romanını da Asturias Parisdə yazmışdı. Lakin siyasi mülahizələrə görə əsər çox sonralar – yalnız 1946-cı ildə Madriddə işıq üzü görmüşdü.

Yazıçı 1933-cü ildə vətəninə qayıda bilmişdi. Həmin dövrdə Qvatemalada digər diktator – Xorxe Ubiko hakimiyyətdə idi. Migel Asturias siyasi proseslərə qarışmadan jurnalistika və bədii yaradıcılıqla məşğul olmağı daha üstün tutmuşdu. 1936-cı ildə onun vətənə qayıdandan sonra yazdığı əsərlərin toplandığı "Sonetlər" kitabı çap edilmişdi. Şair Qvatemala Senatına üzv seçilmiş (1942), dörd ildən sonra isə diplomatik fəaliyyət sahəsinə keçmişdi.

1946-1954-cü illərdə o, ölkəsinin Meksika, Argentina və Salvadorda səfiri olmuşdu. Prezident Yakob Arbensin süqutundan sonra növbəti diktator Karlos Kastella Armas yazıçını səfir ranqından və Qvatemala vətəndaşlığından məhrum etmişdi. "Qvatemalada həftəsonu" (1956) kitabında toplanan hekayələr ölkə həyatının bu çətin və ziddiyyətli dövrünü təsvir edirdi.

Migel Asturias 1954-1966-cı illərdə əvvəlcə Argentina və Çilidə, sonra isə İtaliyada siyasi mühacir həyatı keçirməli olmuşdu. Səfirlik və mühacirət illərində o, "Mayya xalqı" (1946), "Fırtına" (1950), "Yaşıl Papa" (1954), "Dəfn olunmuşların gözləri" (1960, sonuncu üç roman bəzən birlikdə "Banan» trilogiyası" da adlandırılır), "Əsl mulat" (1963) romanlarını yazmışdı.

Latın Amerikası nəsrinə xas keyfiyyətlər – təhkiyə özünəməxsusluğu, mifologiqzmdən istifadə, nağıl və əfsanə ünsürləri, irreallıqlar Asturias nəsrində də müşahidə edilir. Sənətkarlıq xüsusiyyətlərinə və bədii təxəyyül orijinallığına görə bəzi tənqidçilər onun adını dünya ədəbiyyatının Frans Kafka, Ceyms Coys, Uilyam Folkner, Xorxe Luis Borxes kimi tanınmış simaları ilə yanaşı çəkirlər.

Qvatemalada siyasi rejimin dəyişməsi və demokratik yolla seçilmiş prezident Xulio Monteneqronun hakimiyyətə gəlməsi nəticəsində 1966-cı ildə Asturias yenidən vətəndaşlığa qəbul edilmiş və ölkəsinin Fransada səfiri təyin edilmişdi. Eyni ildə o, "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Lenin mükafatına layiq görülmüşdü.

1967-ci ildə isə Migel Asturias "əsasında Latın Amerikası hindularının adət-ənənələrinə böyük maraq dayanan parlaq ədəbi nailiyyətlərinə görə" Nobel mükafatı almışdı. Müəllif qısa Nobel mühazirəsində Avropa və Latın Amerikası ədəbiyyatları arasındakı fərqlərə toxunaraq onların hər şeydən öncə mövcud həyat şərtlərindən, ictimai-siyasi reallıqlardan qaynaqlandığını göstərmişdi: "Bizim romanlarımız avropalılara məntiqdən və sağlam ağıldan məhrum əsərlər təsiri bağışlayır. Amma nəzərə alın ki, bu romanlar bizim oxucunu qorxutmaq istədiyimiz üçün qorxulu deyillər. Başımıza dəhşətli işlər gəldiyinə görə onlar belə qorxuludurlar".

Migel Asturias 1970-ci ildə sonra yalnız yaradıcılıqla məşğul olmaq məqsədi ilə diplomatik xidmətdən uzaqlaşmışdı. O, Madriddə vəfat etmiş, Parisdə, Per-Laşez məzarlığında dəfn olunmuşdu.

Sağlığında iki dəfə vətənindən didərgin salınan, vətəndaşlıqdan məhrum edilən Migel Asturias bu gün öz ölkəsinin rəmzlərindən birinə çevrilmişdir. Qvatemalanın ali ordeni və ən yüksək ədəbi mükafatı, habelə milli teatr onun adını daşıyır. Latın Amerikası romanının çağdaş yetkinlik mərhələsinə qədəm qoymasında mühüm rolu olan yazıçılar içərisində isə adı birincilər sırasında çəkilir.

Əsərləri

Əsərin növü Orijinal adı Azərbaycanca adı Yayımlandığı il
Romanlar El señor presidenteCənab prezident1943
Hombres de maízQarğıdalı adamlar1949
Viento fuerteFırtına1950
El papa verdeYaşıl Papa1954
Los ojos de los enterradosDəfn olunmuşların gözləri1960
El alhajadito1961
Mulata de talƏsl mulat1963
Maladrón (Epopeya de los Andes verdes)1969
Viernes de Dolores1972
Hekayələr Rayito de estrella1925
Leyendas de GuatemalaQvatemala hekayələri1930
Week-end en GuatemalaQvatemalada həftəsonu1956
Clarivigilia primaveral1965
El espejo de Lida Sal1967
Tres de cuatro soles1971
Teatr əsərləri Soluna; comedia prodigiosa en dos jornadas y un final1955
La audiencia de los confines; Crónica en tres andanzas1957
Teatro: Chantaje, Dique seco, Soluna, La audiencia de los confines1964
El Rey de la Altaneria1968
Opera əsərləri Emulo Lipolidón: fantomima1935
Imágenes de Nacimiento
Şeirləri Rayito de estrella; fantomima1929
Emulo Lipolidón: fantomima1935
Sonetos1936
Alclasán; fantomima1940
Con el rehén en los dientes: Canto a Francia1942
Anoche, 10 de marzo de 15431943
Poesía: Sien de alondra1949
Ejercicios poéticos en forma de soneto sobre temas de Horacio1951
Alto es el Sur: Canto a la Argentina1952
Bolívar: Canto al Libertador1955
Nombre custodio e imagen pasajera1959
Clarivigilia primaveral1965
Sonetos de Italia1965
Esseləri Sociología guatemalteca: El problema social del indio (tesis)1923
La arquitectura de la vida nueva1928
Carta aérea a mis amigos de América1952
Rumania; su nueva imagen1964
Latinoamérica y otros ensayos1968
Comiendo en Hungría (relato de viajes, co-escrito con Pablo Neruda) 1969
América, fábula de fábulas y otros ensayos1972

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Miguel Angel Asturias // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. Астуриас Мигель Анхель // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Itaú Cultural Miguel Angel Asturias // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
  5. Deutsche Nationalbibliothek Record #118504797 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Mənbə

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.