Midhəd Abbasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992),[3] AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990).
Midhət Abbasov | |
---|---|
Midhət Teymur oğlu Abbasov | |
9 dekabr 1991[1] – 1992 | |
Əvvəlki | Tofiq İsmayılov |
Sonrakı | Pənah Hüseynov[2] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 iyul 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 23 aprel 2012 (85 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | geoloq |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Həyatı
Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub.
1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub.[3]
Elmi fəaliyyəti
1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur.[3] 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir. 1960-cı ildən Abasov M.T. Azərbaycan EA sistemində işləyib: 1960–2003-cü illərdə Azərbaycan EA DNQYPİ-da laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, direktor işləyib. 2003-cü ildən ömrünün sonuna kimi — Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi olub. 1962-ci ildə Moskva şəhərində ÜETNSİ-da "Qaz-neft və qaz-kondensat yataqlarının işlənilməsinin hidroqazodinamik məsələləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1968-ci ildə Abasov M.T. Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü, 1984-cü ildə isə SSRİ EA-nın (hazırda REA) müxbir üzvü seçilib. 1976–1990-cı illərdə Azərbaycan EA-nın Yer haqqında elmlər bölməsinin akademik-katibi, 1990–1997-ci illərdə isə vitse-prezidenti olub. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Şurasının üzvü, Dövlət katibi olmuşdur. O, Beynəlxalq geoekologiya akademiyasının və Beynəlxalq təbiət və cəmiyyət elmləri akademiyasının üzvü, Ümumrusiya elmi-tədqiqat geoloji-kəşfiyyat institutunun (ÜETGKİ) (Sankt-Peterburq ş.) fəxri doktoru idi. 1982–1992-ci illərdə neft və qaz yataqlarının işlənilməsi problemləri üzrə SSRİ EA Elmi Şurasına rəhbərlik etmişdir. O geologiyanın və neft-qaz yataqlarının işlənilməsi problemləri üzrə REA-nın elmi şurasının sədr müavini olmuşdur.
Abbasov M.T. — neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində görkəmli alimi və bu sahədə tanınmış elmi məktəbin banisi və rəhbəri olmuşdur. Abbasov M.T. neft elminin yeni perspektiv istiqamətlərinin inkişafının proqnozu üzrə dəfələrlə tədqiqatlar aparmışdır. Onun müxtəlif illərdə əldə etdiyi bir çox elmi nəticələr ən əhəmiyyətli elmi nailiyyətlər kimi SSRİ EA və Azərbaycan EA-nın illik hesabatlarına daxil edilmişdir. Abbasov M.T. Azərbaycanda bir sıra karbohidrogen yataqlarının ilk kəşfiyyatçılarından biri olmuşdur.
Elmi tədqiqatların sahəsi: neft və qaz yataqlarının işlənilməsi və onların layihələndirilməsinin əsas prinsiplərinin inkişafı; qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin nəzəri əsaslarının və üsullarının yaradılması; neft və qaz yataqlarının, onların istismarının müxtəlif texnoloji şəraitlərində və çoxsaylı yataqlar üçün ilk dəfə olaraq işlənilməsinin texnoloji göstəricilərinin müəyyən edilməsinin hidroqazodinamiki əsaslarının və yeni üsullarının inkişafı; quyuların yüksək səmərəli hidrodinamiki tədqiqat üsullarının yaradılması; süzülmə nəzəriyyəsinin yüksək dərəcəli fəza məsələlərinin həllinin yeni üsullarının və yollarının işlənilməsi; layların neft veriminin artırılmasının yeni texnologiyalarının yaradılması və quyuların məhsuldarlığının artırılması; neft və qaz yataqlarının yetkin mərhələdə işlənilməsinin səmərəliliyinin artırılmasına yeni yanaşmaların (üsulların) yaradılması; neft-qaz hasilatının müxtəlif proseslərinin riyazi modelləşdirilməsi prinsipləri və üsullarının müəyyənləşdirilməsi; neft-qaz resurslarının mənimsənilməsinin çoxvariantlı və çoxfaktorlu layihələrinin həyata keçirilməsi zamanı qərar qəbul edilməsi prosesinin optimallaşdırılmasının iqtisadi-riyazi modellərinin işlənilməsi.
Onun rəhbərliyi altında bir çox neft şirkətləri ilə birgə ETİ aparılmışdır. 1992-ci ildə YUNOKOL şirkətinin elmi mərkəzi ilə birgə (şərikli) icra edilmiş iş, Azərbaycanın tarixində Azərbaycan və ABŞ-nın elmi təşkilatlarının ilk elmi layihəsidir.
Midhət Abbasov 1991-ci ilin dekabrından AXC hakimiyyəti dövrünədək dövlət katibi vəzifəsini tutub[4].
1997-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirən M.Abbasov ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləyib.
1982-ci ildə Abbasov M.T. "Azərbaycanın dəniz qaz-kondensat yataqlarının ehtiyatlarının qiymətləndirilməsi və işlənilməsinin layihələndirilməsinin elmi üsulları kompleksinin işlənilməsi və istehsalata tətbiqi" işinə görə Azərbaycan Dövlət mükafatı, 1985-ci ildə isə "Mürəkkəb dağ-geoloji şəraitlərdə çoxlaylı neft və qaz yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik üsulları kompleksinin yaradılması və tətbiqi" işinə görə akad. İ.M.Qubkin adına mükafatın laureatı olub. O, "Azərbaycanın əməkdar elmi xadimi", "SSRİ fəxri neftçisi", "SSRİ qaz sənayesinin fəxri işçisi" adlarına layiq görülüb, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, "SSRİ İxtiraçısı" döş nişanı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
23 aprel 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, keçmiş dövlət naziri, akademik Midhət Abbasov uzun sürən ağır xəstəlikdən 86 yaşında vəfat edib. 24 aprel 2012-ci ildə dəfn olunmuşdur[5].
Elmi naliyyətləri
M.Abbasov bir sıra elmi-texniki cəmiyyətlərin üzvü olmuşdur. Uzun illər ərzində AbBasov M.T. SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri bölməsinin bürosunun, Dünya neft konqreslərində iştirak üzrə komitənin və SSRİ Milli geoloqlar komitəsinin, Neft yataqlarının işlənilməsi üzrə Mərkəzi komissiyanın və SSRİ Neft Sənayesi Nazirliyi Texniki şurasının bürosunun, SSRİ Qaz Sənayesi Nazirliyi Texniki şurasının, Yanacaq-energetika kompleksi üzrə SSRİ Nazirlər Soveti bürosunun elmi-texniki şurasının, SSRİ Lenin və Dövlət mükafatları üzrə komitənin dağ elmləri seksiyasının tərkibinə daxil olub, SSRİ Neft Sənayesi Nazirliyində SSRİ EA-nın daimi nümayəndəsi, bir neçə elmi nəşrlərin redkollegiyalarının üzvü olub. Abasov M.T. 660-dan artıq elmi məqalənin və 16 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir[6]. Onun rəhbərliyi altında 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanıb.
Mükafatları
- Azərbaycan Dövlət Mükafatı.
- "Qırmızı Əmək Bayrağı" ordeni.
- Akademik İ.M.Qubkin adına mükafat.
- Azərbaycan SSRİ Ali Sovetinin Fəxri fərmanı.
- "Azərbaycanın Əməkdar elm xadimi" fəxri adı.
- "SSRİ Fəxri neftçisi".
- "SSRİ qaz sənayesinin fəxri işçisi".
- SSRİ ixtiraçısı adı.
İstinadlar
- "M.T.Abasovun Azərbaycan Respublikasının dövlət katibi təyin edilməsi haqqında" Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1991-ci il tarixli, 487 nömrəli Fərmanı. e-qanun.az (az.)
- "P.Ç.Hüseynov Azərbaycan Respublikasının Dövlət katibi təyin edilməsi haqqında" Arxivləşdirilib 2019-10-09 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 may 1992-ci il tarixli, 763 nömrəli Fərmanı. e-qanun.az (az.)
- "Görkəmli azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-07.
- Midhət Abbasov vəfat edib. gunxeber.com saytı
- Azərbaycanın keçmiş dövlət naziri vəfat edib
- Midhət Teymur oğlu Abbasov: biblioqrafiya / ed. D.R. Mirzəyeva, A.A. İsrafilova; red. Z.A. Kərimov, T.Ş. Kazımova. Bakı: Nafta-Press, 2006. 220 s. / Митат Теймур оглы Абасов: Библиография / сост. Д. Р. Мирзоева, А. А. Исрафилова. Баку: Nafta-Press, 2006. 220 с. (Деятели науки и культуры Азербайджана)