MiQ-29 təyyarəsinin qəzası (2019)
MiQ-29 təyyarəsinin qəzası — Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Uzun sürən axtarışlardan sonra pilotun nəşi tapılmışdır.
MiQ-29 təyyarəsinin qəzası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Yer | Xəzər dənizi |
Komanda | 1 |
Ölü sayı | 1 |
Təyyarə | |
Təyyarə modeli | "MiQ-29" |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisə
24 iyul 2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı Xəzər dənizində qəzaya uğrayıb. Təyyarə suyun üzərinə düşərkən parçalanıb.[1] Təyyarənin qəzaya uğradığı yer Bakıdan 65 km şimalda yerləşən Zarat kəndindən 9 km şərqdə olub.[2] Xəzər dənizində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir. Hərbi hissə komandirinin müavini olan Atakişiyev tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir.[3] Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.[4][5] MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib və təyyarənin bəzi hissələri dənizin dibindən çıxarılıb.[6]
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılmışdır.[7] 20 avqustda pilot Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin bütün qalıqları dənizin 27 metr dərinliyində tapılaraq çıxarılıb.[8] İnternetdə yayılan məlumatlara görə təyyarənin qara qutusu araşdırma üçün Rusiyaya göndərilib.[9] Lakin Müdafiə Nazirliyi bunu inkar edərək təyyarənin qara qutusunun Azərbaycanda yaradılmış laboratoriyada araşdırıldığını bildirib. “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Təyyarə sonuncu dəfə Ukraynada təmirdən keçib. Qəzanın səbəbi təyyarənin havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşması və nəticədə pilotun ağır bədən xəsarəti alaraq huşunu itirməsi olub. Pilot toqquşmadan sonra qəzanın qarşısını almaq məqsədi ilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib, lakin tezliklə huşunu itirdiyi üçün buna nail ola bilməyib və nəticədə təyyarə qəzaya uğrayıb, pilot isə katapult edə bilməyib.[10] Rəşad Atakişiyevin nəşi 21 avqust tarixində ikinci Fəxri xiyabanda dəfn edilmişdir.[11]
Həmçinin bax
İstinadlar
- ""MiQ-29 suyun üzərinə düşərkən parçalanıb" - Axtarışlar davam edir". 2019-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-14.
- MiQ-29 təyyarəsinin "qara qutusu" Azərbaycanda araşdırılacaq
- "General itkin düşən pilotun ailəsinə baş çəkib". 2019-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10.
- ""MİQ-29"un və pilotun axtarışına rusiyalı mütəxəssislər cəlb olunur". 2019-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10.
- "Pilotun axtarışları üçün Türkiyədən xüsusi avadanlıqlar gətirilib". 2019-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10.
- Qəzaya düşən hərbi təyyarəmiz tapıldı, dənizdən çıxarılır - VİDEO
- "Qəzaya uğrayan MİQ-29-un 'qara qutu'su tapılıb". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
- "Pilot Rəşad Atakişiyevin nəşi tapıldı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
- "Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29-nun "qara qutu"su Lyubertsidə şifrələnir". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
- "Müdafiə Nazirliyi: MiQ-29 Xəzərin üstündə quşla toqquşub, pilot xəsarət alıb və..." 2019-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.
- "Hərbi pilot Rəşad Atakişiyev dəfn edilib". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.