Meydantəpə yaşayış yeri
Meydantəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndi ərazisində, Naxçıvan şəhərindən 14 km şimalda, Naxçıvançayın sağ sahilində qədim yaşayış yeri.
Meydantəpə yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Babək rayonunun Cəhri kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Sahəsi təqribən 10 ha, mədəni təbəqənin qalınlığı bəzi yerlərdə 4 metrə yaxındır. Alt təbəqə İlk Dəmir dövrünə, üst təbəqə Antik dövrə aiddir.[1]
Əlverişli şəraitdə yerləşməsi burada əkinçilik və maldarlığın güclü olduğunu söyləməyə imkan verir. Bir tərəfdən Naxçıvançayın sahilində yerləşməsi, digər tərəfdən Cəhri çayından ayrılan Novkeçən arxının, eyni zamanda Cin dərəsi ilə gələn suların buranı tutması ərazinin iqtisadi inkişafında ciddi rol oynamışdır. Arxeoloq V.Əliyevə görə bir zamanlar Cəhriçay bu dərədən keçərək Naxçıvançaya qovuşmuşdur. Tədqiqatlar zamanı yaşayış evlərinin qalıqları aşkar edilmişdir. Onların aşağı hissəsi daşla, yuxarısı çiy kərpic və möhrə ilə işlənmişdir. Qazıntılar zamanı buradan çəhrayı və boz rəngli gil qab qırıqları, dəmir məmulatı, daşdan əmək alətləri və s. tapılmışdır. Meydantəpədə Antik dövrə aid küp qəbirlər aşkar edilmişdir.[1]
Əldə edilmiş arxeoloji materiallara əsasən məlum olmuşdur ki, Meydantəpədə ərazisində yaşayış e.ə. I minillikdən bizim eranın əvvəllərinə qədər davam etmişdir.[1]
İstinadlar
- Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.297-298 (az.)
Ədəbiyyat
- Bədəlov Ə.H. Meydantəpə abidəsi. S.M.Qazıyevin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiyanın materialları, Bakı: 1994;
- Qədirzadə H.Q. Cəhriçay vadisi: m.ö.4 minillikdən günümüzədək. N.: 2007.