Meydzi dövrü
Meydzi islahatı (yap. 明治維新, Meydzi isin; eləcə də Meydzi yenilənməsi və Meydzi inqilabı) — Yaponiyada 1868-1889-cu illərdə imperator Meyci tərəfindən həyata keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi.
Samuray-syoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meydzi islahatı ilə bağlıdır. Meydzi illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətli tətbiqi ilə səciyyələnir. Buna görə, Meydzi islahatını bəzən Meydzi inqilabı da adlandırırlar.
İslahatlar
Bu islahatlar nəticəsində feodalizm ləğv edildi, böyük torpaq sahiblərinin əksəriyyəti könüllü olaraq samuraylar və icma adamları üzərindəki nəzarəti imperatora təslim etdilər. Bir imperator fərmanında elan edilmişdi: "Biz klanları ləğv edir və onları prefekturalara dəyişdiririk."
Qanunverici sistem yenidən quruldu və qanun qarşısında bərabərlik tətbiq edildi, bu düşüncəyə görə sinfindən asılı olmayaraq bütün şəxslər eyni hökmdarın təbəələrinə çevrildilər. Müəyyən qədər də ekstra ərazi prinsipindən uzaqlaşmağa nail olmaq ümidi ilə islahatçılar cinayət hüququnu Qərb xətti qaydasında dəyişdirdilər, avropalıların barbarlıq hesab etdikləri qəribə və qəddar cəzaları ləğv etdilər. Prussiya modelində yeni ordu yaradıldı. 1871-ci ildə samuraylar iki qılınc gəzdirmək barədəki tarixi hüquqlarını itirdilər. Bu vaxt onlar ordu zabitləri kimi xidmət edirdilər, artıq klan başçısının silah gəzdirəni deyildilər. Hərbi-dəniz donanması bir qədər sonra Böyük Britaniya modelində quruldu. Orduya və valyutaya nəzarət mərkəzi hökumətə keçdi və onluq sistemdə olan milli valyuta sistemi tətbiq edildi. Milli poçt xidməti fəaliyyətə başladı və hər şeydən əvvəl milli təhsil sistemi tezliklə Yaponiyanı yüksək savadlılıq səviyyəsinə gətirib çıxardı.
Buddizm bəyənilmirdi və buddist monastrlarının mülkiyyəti müsadirə edildi. Şintoizm hökumətin rəğbət bəslədiyi kult idi. Şintoizm milli hisslərə dini çalar verirdi və imperator ailəsinin müqəddəsləşdirilməsini təzələyirdi. 1889-cu ildə konstitusiya dərc olundu. Bu sənəd Qərbdə o vaxtlar ümumi olan vətəndaş azadlıqlarını bərqərar edirdi və parlamenti iki palata ilə təmin etdi. Lakin əsas qanun həmçinin imperatorun "ali" və "əbədi" hakimiyyətini vurğulayırdı. Nazirlər də qanuni qaydada imperator qarşısında cavabdeh idilər. Təcrübədə yeni Yaponiyada imperator heç vaxt aktiv qaydada hökuməti idarə etmirdi. Keçmişdə olduğu kimi, o kənarda qalmışdı və siyasi liderlər heç vaxt tam qaydada parlament qarşısında cavabdeh olmamaqla, dövlətin maraqlarına uyğun qaydada sərbəst idarə etməyə meyl edirdilər.
Sənaye və maliyyə modernizasiyası siyasi inqilabla birgə və hətta ondan da sürətlə gedirdi. 1858-ci ildə Niderlanddan ilk buxar gəmisi alınmışdı. 1859-cu ildə Yaponiya öz ilk xarici istiqrazını yerləşdirdi, İngiltərədə buraxılmış istiqrazlar ilə beş milyon yen məbləğində borc götürdü. 1869-cu ildə ilk teleqraf Yokahoma və Tokionu birləşdirdi. Həmin iki şəhər arasında çəkilən dəmiryolu tikintisi 1872-ci ildə başa çatdırıldı. 1870-ci ildə ölkədə ilk əyirici maşın peyda oldu. 1854-cü ildə demək olar ki, sıfır səviyyəsində olan xarici ticarətin illik dövriyyəsi əsrin sonunda ildə 200 milyon ABŞ dolları həcmində idi. Əhalinin sayı 1872-ci ildəki 33 milyondan 1902-ci ildə 46 milyona qədər artmışdı. Böyük Britaniya kimi bu ada imperiyası öz sıx əhalisini can atdığı həyat səviyyəsində saxlamaq üçün idxal və ixracdan asılı idi.