Merkosur
Merkosur və ya Merkosul(isp. Mercado Común del Sur, port. Mercado Comum do Sul, quar. Ñemby Ñemuha, ing. Southern Common Market)-Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela arasında iqtisadi və siyasi müqavilə.
Onun məqsədi sərbəst ticarət, mal, insan və pul axını hərəkətini təşviq etməkdir. Rəsmi dilləri Quarani[1],portuqal və ispan dilləridir.
Üzvlər
Müşahidəçilər
İspan dilindən tərcümədə bu birlik "Cənub konusunun ümumi bazarı" adlanır. Təşkilatın emblemində də cənub xaçının bürcü təsvir olunub. Baş qərargahı Montevideo (Uruqvay) şəhərində yerləşir.
Merkosurun strateji məqsədi-qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması, həmçinin subregionların beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılmasıdır.
Yaranma tarixi
1960-cı illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra Cənubi Amerikada inteqrasiya proseslərinə maraq 1980-ci illərdən başlayaraq yenidən artmağa başladı. Belə ki, 1986-cı ildə Argentina və Braziliya-Latın Amerikasının iqtisadi cəhətdən güclü iki dövləti iqtisadi əməkdaşlıq və davamlı inteqrasiyanın inkişafı haqqındakı birgə layihələrini irəli sürdülər və başqa ölkələrin bura qatılmasının açıq olduğunu elan etdilər. Bundan sonra Uruqvay və Paraqvay da tez vaxtda onlara qoşuldular. 1991-ci ilin mart ayında Paraqvayın Asunsone şəhərində gömrük birliyi və ümumi bazar - MERKOSUR-un yaradılması haqqında dördtərəfli müqavilə imzalandı. Amma ölkələr arasındakı real ticarət bloku 1995-ci ildən qanuni qeydiyyata alındı. Bu vaxta qədər mürəkkəb hazırlıq işləri gedirdi.
1994-cü ildə Asunsone müqaviləsinə əlavə olaraq sərbəst ticarət zonasının yaradılmasını və sonradan onun gömrük birliyi ilə əvəz olunmasını təsdiq edən yeni müqavilə imzalandı. 1995-ci ildə bu müqavilə qüvvəyə mindi və birliyin sərhədləri daxilinə üçüncü ölkədən məhsul idxalına dair ümumi gömrük tarifləri tətbiq olunmağa başlandı.
Təşkilatın prestiji qalxmağa başladıqca Cənubi Amerikanın başqa dövlətləri də buraya qoşulmağa başladılar. 1996-cı ildə Boliviya, 2000-ci ildə isə Çili assosiasiya olunmuş üzvlər kimi təşkilata qoşuldular. 2002-ci ildə isə Venesuela da bu təşkilata üzv qəbul edildi.
Təşkilati strukturu
MERKOSUR-un əsas idarəedici orqanı Ümumi bazar şurasıdır. Onlar periodik olaraq dövlət başçıları və ya xarici işlər nazirlikləri səviyyəsində görüşürlər və inteqrasiyanın inkişafı ilə bağlı siyasi planlarını həyata keçirirlər. Əsas icraedici orqan isə Ümumi bazar qrupudur. Ümumi bazar qrupu Montevideoda (Uruqvay) inzibati katibliyə və eləcə də birbaşa özünə tabe olan 10 texniki komissiyaya malikdir. Bu komissiyalar ticarətlə, gömrük tənzimlənməsi ilə, texniki normalarla, valyuta-maliyyə siyasəti ilə, makroiqtisadi siyasətlə, quru və dəniz nəqliyyatı ilə, sənaye texnologiyaları ilə, kənd təsərrüfatı və energetika ilə bağlı məsələlərlə məşğul olurlar.
MERKOSUR-un təşkilati strukturuna aşağıdakı orqanlar daxildir:
- Ümumi Bazar şurası - İnteqrasiya prosesləri ilə bağlı ümumi rəhbərlik (Xarici işlər nazirləri səviyyəsində)
- Ümumi Bazar qrupu - Əsas icra edici orqan
- Birləşmiş Parlament komisiyyası – MERKOSUR parlamentinin səlahiyyətli orqanı
- Sosial iqtisadi məsləhət formu – İştirakçı dövlətlərin iqtisadiyytlarının social iqtisadi sektoru ilə bağlı səlahiyyətli orqan
- İnzibati katiblik
- Texniki komissiyalar
Uğurları və inkişaf perspektivləri
Cənub konusunun ümumi bazarı Latın Amerikasının ən effektiv inkişaf edən inteqrasiya təşkilatlarından biri oldu. MERKOSUR-un yaradılması iştirakçi ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin artmasına gətirib çıxardı. Belə ki, 1991-1997-ci illər ərzində bu ölkələr arasındakı ticarət dövriyyəsi 6 dəfə artdı, amma buna baxmayaraq onların inkişaf etmiş ölkələrlə aralarında olan məhsul dövriyyəsi dəyişmir. Bu ölkələr arasındakı sərbəst ticarət zonasında bütün gömrük rüsumları, 90 % məhsullarda digər məhdudiyyətlər aradan qaldırılıb və üçüncü ölkələrlə ticarət zamanı 85% idxal olunan mallara eyni daxili tariflər tətbiq olunur. Yaxın vaxtlarda ümumi valyutanın yaradılması haqqında da danışıqlar gedir(Aİ-nın pul vahidi olan euro kimi).
İqtisadçıların fikrinə görə,bu təşkilatın yaradılması ona daxil olan ölkələrə öz iqtisadiyyatlarını stabilləşdirməyə kömək etdi. 1990-ci illərdə inflyasiyanın qarşısını almaq idxalın artırılması ilə həyata keçirildi və qiymət siyasətinin qaydaya salınması iqtisadi düşüşün qarşısını almağa yardımçı oldu: Misal olaraq Braziliya və Argentinanı göstərmək olar. Belə ki, 1991-1993-cü illərdə Braziliyada iqtisadi durğunluq zamanı yerli sənaye o vaxtlar iqtisadi yüksəlişdə olan Argentinanın bazarına çıxış imkanı olduğu üçün ayaqda dura bildi. Argentinaya da 1994-1995-ci illərdəki iqtisadi düşüş zamanı xilasedici qüvvə kimi dinamik inkişaf edən Braziliya bazarı kömək etdi. MERKOSUR-un təcrübəsi göstərdi ki, uğurlu inteqrasiya təşkilatı qurub,inkişaf etdirmək üçün heç olmasa bu təşkilata daxil olan ölkələr içində ikisinin güclü iqtisadi əlaqələri olmalıdır ki, böhran zamanı pis vəziyyətdə olan tərəfdaşlarına yardım edə bilsinlər.
MERKOSUR-un fəaliyyətdə olduğu dövrdə Latın Amerikasının digər təşkilatları ilə ticari iqtisadi tərəfdaşlıq getdikcə böyüməyə başladı. Meksika və Çili özlərinin geosiyasi mövqeyindən istifadə edərək NAFTA və MERKOSUR arasında bağlayıcı bənd rolunu oynamağa cəhd göstərirlər. 1991-ci ildə Mərkəzi Amerikada yaradılmış "Mərkəzi Amerika inteqrasiya təşkilatı-SICA" (6 dövlət - Qvatemala, Honduras, Kosta-Rika, Nikaraqua, Panama, Salvador) 1998-ci ildə öz sərbəst ticarət zonasını MERKOSUR-un sərbəst ticarət zonası ilə birləşdirmək haqqında müqavilə imzaladılar.
Qarşılıqlı investisiya qoyuluşları da nəzərə çarpacaq dərəcədə artmağa başladı. Belə ki, 1995-ci ilin dekabr ayında MERKOSUR və AI arasında "Regionlar arası müqavilə" imzalandı. Bu müqavilədə 2001-ci ilə qədər bu təşkilatlar arasında sərbəst ticarət zonasının yaradılması qarşıya məqsəd qoyulmuşdu. Bu müqavilənin bağlanmasına ən çox təşəbbüs göstərənlərdən biri öz köhnə müstəmləkələri ilə keçmiş ənənəvi əlaqələrini saxlayan İspaniya idi.
Latın Amerikası ölkələri arasındakı uğurlu iqtisadi və siyasi yaxınlaşma ABŞ-nin qərb yarımkürəsindəki inteqrasiya proseslərini nəzarət altında saxlamasına mane olurdu. Buna gorə də ABŞ 1994-cü ildə Mayamidə Amerika qitəsinin 34 ölkəsinin dövlət başçıları iclasa çağırdı. Burada Latin Amerikasi ölkələrinin iqtisadi inkişafını sürətləndirmək haqqında məsələlər müzakirə olundu və "Amerika qitəsinin sərbəst ticarət zonası (Free Trade Area of Americas-FTAA)"nın yaradılması haqda layihə irəli sürüldü və bəyənildi. Müqavilənin bağlanması 2005-ci ilə qədər yubadıldı. Belə ki, danışıqlar zamanı əsasən 2 layihə müzakirə olunurdu-braziliya və amerika layihələri. Brazilya öz layihəsində inteqrasiyanın MERKOSUR və NAFTA simasında ayrı-ayrı inkişafını təklif edirdi. Amerika isə öz layihəsində NAFTA daxilində Latin Amerikası inteqrasiya təşkilatlarını əritməklə panamerikan sərbəst ticarət zonası yaratmağı təklif edirdi.
NAFTA-nın MERKOSUR-u ərazi və əhali baxımdan 2 dəfə, ÜDM baxımından 7 dəfə, məhsul dövriyyəsi baxımından 28 dəfə üstələdiyini nəzərə alan Latin Amerikası ölkələri Braziliya layihəsinin lehinə səs verdilər.
Bütün bunlara baxmayaraq MERKOSUR Latın Amerikasının ən böyük inteqrasiya təşkilatı olaraq öz yerini saxlayır. Belə ki, Latın Amerikasının əhalisinin 200 milyondan çoxu, ÜDM-nun 50%-i, birbaşa xarici investisiyanın 40%-i, məhsul dövriyyəsinin 60%-dən çoxu və daxili ticarətinin 33%-dən çoxu bu təşkilatın payına düşür.
İnkişaf problemləri
Ortaya çıxan yaxşı nəticələrə baxmayaraq(digər inkişaf etməkdə olan ölkələrin inteqrasiya qrupları ilə müqayisədə) MERKOSUR da digər inteqrasiya təşkilatlarının üzləşdiyi problemlərlə üzləşir. Üzv dövlətlərin müxtəlif tipli olması və onların iqtisadi inkişaflarının nisbətən aşağı səviyyədə olması bu təşkilatın qarşılaşdığı ən əsas problemlərdən biridir.
MERKOSUR çərçivəsində böyük və nisbətən güclü "yeni sənayeləşmiş ölkələr" (Braziliya və Argentina) nisbətən zəif Uruqvay və Paraqvay ilə birləşməyə cəhd edirlər. Vahid sənaye rəqabəti şərtlərinin yaradılması Uruqvay və Paraqvayın sənayeləşməsinin zəifləməsinə gətirib çıxaracaq və bu da onları nisbətən güclü olan qonşulardan asılı vəziyyətə salacaqdır. Buna görə də onlar üçün davamlı olaraq ticarətdə bəzi güzəştlər tətbiq olunur. Bütün bunlara baxmayaraq Cənub konusunun zəif ölkələrində belə təsəvvür yaranır ki, onları "kasıb qohumlar" kimi əldə saxlayırlar və onlara inkişaf etmiş ölkələrə sata bilmədikləri məhsulları satırlar.
İqtisadçıların müşahidələri onu göstərir ki, MERKOSUR ölkələrinin qarşılıqlı ticarətində dünya bazarında rəqabət qabiliyyətliliyi aşağı olan məhsullar üstünlük təşkil edir. Nəticədə qarşılıqlı ticarət istehsalçılar üçün kömək rolunu oynamağa başlayır, amma daha inkişaf etmiş ölkələrin idxal olunmuş məhsullarını seçən istehlakçılar üçün bunun heç bir faydası yoxdur. Başqa inteqrasiya qurumlarının təcrübəsi onu göstərir ki, "ikincidərəcəli məhsullar"la qurulan qarşılıqlı ticarət heç də uzunmüddətli perspektivə malik deyil. Bunu da qeyd etmək lazımdır ki, Cənub konusunun ölkələri arasında regiondaxili məhsul dövriyyəsində yüksək texnologiya məhsullarının payı getdikcə artır: əgər 1970-ci ildə maşınqayırma sahəsindəki hasilat 3,4 % idisə, 1985-ci ildə 12,6%, 1996-ci ildə isə 16,4% olmuşdur.
İstinadlar
- "Mercosur.int". 2013-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- "Nova Zelândia quer tratado de livre comércio com Mercosul". Itamaraty. İstifadə tarixi: 22 November 2011.