Uzunyarpaq yarpız

Uzunyarpaq yarpız (lat. Mentha longifolia) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü.

Uzunyarpaq yarpız
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Lamiids
Yarımfəsilə:
Triba:
Cins:
???:
Uzunyarpaq yarpız
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  32269
NCBI  38859

Qısa morfoloji xüsusiyyətləri

Hündürlüyü 30-100 sm, sürünən kökümsovlu, gövdəsi düz, dördtilli, sıx yumşaq və qısa tüklüdür, çox vaxt ağımtıl rəngdədir, adətən qollu-budaqlı olan çoxillik ot bitkisidir.

Botaniki təsviri

Hündürlüyü 30-100 sm olan sürünən kokümsovlu çoxillik bitkidir. Gövdəsi düz, adətən budaqlı, kəsikdə dördkünc, yumşaq tüklü, ağımtıl rəngdədir. Yarpaqları oturaq, ucu biz, uzunsovyumurtavari, bəzən uzunsov-lansetvari, qıraqları mişarvari-diş-dişlidir, üstdən bozumtul-yaşıl, tükləşmiş, altdan ağ keçəvaridir. Çiçəkqrupu gövdənin və ya budaqların ucunda sıx, silindrikvari sünbül əmələ gətirir. Kasacığı zəngvari, çox tüklü, tacı 4–5 mm, çəhrayıdır. Qozcuqları yumurtavari, təpəsi tüklüdür. İyun-avqust aylarında çiçəkləyir, sentyabr oktyabrda meyvə verir.[1]

Yarpaq

Yarpaqları oturaq və ya aşağı yarpaqları çox qısa saplaq üzərindədir, yumurtaşəkilli-uzunsov və uzunsov-neştərvari formayadək dəyişir, sivri və ya qısa sivriləşmişdir,

qaidə hissəsi dəyirmi və ya zəif ürəkşəkillidir, demək olar ki, gövdə həcmini artırandır, kənarları qeyri-bərabər mişarvari-dişlidir, üst tərəfdən göyümtül-yaşıl rəngdədir, tüklüdür, alt

tərəfdən ağ keçə-tüklüdür.[1]

Çiçək

Çiçək qrupu sıx silindrik sivriləşmiş sünbül şəklində olub, gövdənin və budağın sonunda yerləşmişdir. Tacın uzunluğu 4-5 mmdir, çəhrayı rənglidir, kasacıqdan iki dəfə uzundur. Bölümləri uzunsovdur, borucuğa bərabərdir, yuxarısı biraz daha enlidir.

Meyvə

Fındıqcalar deşik-deşik və yumurtaşəkilli olub, təpə hissəsi tüklüdür. İyul (İyun) –Avqust (Oktyabr) aylarında çiçəkləyir Sentyabr-Oktyabr aylarında isə meyvə verir.[1]

Mənşəyi və yayılması

Uzunyarpaq yarpız boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Skandinaviya, Atlantik və Orta Avropa, Aralıq dənizi, Balkan-Kiçik Asiya, İran, Əfqanıstan, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanda arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bütün rayonlarda bitir.[1]

Ekoloji qrup və bitdiyi yerlər

Hiqromezofitdir, çal-çəmən, subataqlıq və alaq bitkilik tiplərində rast gəlir. Rütübətli, nəmli talalarda, çay, göl, bulaq və digər su tutarlarının kənarlarında, bataqlıqda, bağ və bostanlarda bitir. Qrup (5-10 fərd) və zolaqlar əmələ gətirir.[1]

Kimyəvi tərkibi

Kumarin, flavonoid, efir yağı, C, K, PP, E vitaminləri, aşı maddələri, steroid, antosian, fenolkarbon və üzvü turşularla zəngindir.[1]

Təsiri və tətbiqi

Uzunyarpaq yarpız müxtəlif ölkələrin farmakopeyasına daxil olan ofisinal dərman bitkisidir. Eksperimental, Çin və xalq təbabətində, farmakologiyada geniş tətbiq edilir, Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Əsasən mədə, dalaq, ürək-damar, əsəb, nevralgiya, hipertoniya, epilepsiya, sarılıq, revmatizm, öd kisəsinin daşı, qadın xəstəliklərində, ishal, kəskin respirator infeksiyalar, köp, həzm prosesinin pozulması, yuxusuzluq, stomatit və diş ağrısı zamanı istifadə olunur. Bəlqəmgətirici, diuretik, ağrıkəsici, hemostatik, sedativ, işlədici, antiseptik, antibakterial, antifunqal, antioksidant təsirə malikdir.

Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri və toxumları cövhər, tinktura, dəmləmələr və efir yağı şəklində istifadə edilir.[1]

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Yerüstü hissəsi əczaçılıq və kosmetik-ətriyyat sənayesində tətbiq edilir, habelə qida və ədviyyə kimi istifadə olunur. Dekorativ, bal və çiçək tozu verən bitkidir.[1]

Azərbaycanda yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Talalarda, rütübətli, nəmli talalarda, çay, göl, bulaq və digər su tutarlarının kənarlarında, bataqlıqda, bağ və bostanlarda bitir.[2] Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti

Meşə talalarında, çay, göl, bulaqların rütubətli sahillərində, suvarma kanalları boyunca, bataqlıqların kənarında, bağ və bostanlarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Qədimdən ədviyyat kimi, eləcədə efiryağlı və balverən bitki kimi əkilir və istifadə olunur. Əczaçılıqda, sabunbişirmə və parfümeriya sənayesində tətbiq olunur.

Yarımnövləri

Bir neçə yarımnövü var[3][4][5][6]:

  • Mentha longifolia subsp. capensis (Thunb.) Briq.
  • Mentha longifolia subsp. grisella (Briq.) Briq.
  • Mentha longifolia subsp. hymalaiensis Briq.
  • Mentha longifolia subsp. longifolia
  • Mentha candicans Mill.
  • Mentha spicata var. longifolia L.
  • Mentha longifolia subsp. noeana (Briq.) Briq.
  • Mentha longifolia subsp. polyadenia (Briq.) Briq.
  • Mentha sylvestris subsp. polyadenia Briq.
  • Mentha longifolia subsp. typhoides (Briq.) Harley
  • Mentha sylvestris subsp. typhoides Briq.
  • Mentha longifolia subsp. wissii (Launert) Codd.

İstinadlar

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
  2. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  3. Genetik Ehtiyyatların İnformasiya Şəbəkəsi saytının məlumatı
  4. Euro+Med Plantbase Project: Mentha longifolia Arxivləşdirilib 2012-03-09 at the Wayback Machine
  5. African Flowering Plants Database: Mentha longifolia Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
  6. Huxley, A., ed. (1992). New RHS Dictionary of Gardening. Macmillan ISBN 0-333-47494-5.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.