Melburn Universiteti

Melburn Universiteti (ing. University of Melbourne) — Avstraliyanın Viktoriya ştatında, Melburn şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə yerləşən ali təhsil müəssisəsi. Bu ali məktəb Avstraliyanın ikinci, Viktoriya ştatının isə birinci ən qədim universitetidir.

Melburn Universiteti
UniMelb, 墨大
37°47′46″ c. e. 144°57′41″ ş. u.
Əsası qoyulub 1853
Tip Dövlət
Tələbə sayı 45800
Şəhər Melburn şəhəri
Ölkə
Sayt unimelb.edu.au
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1853-cü ildə dövlət xadimi Hyu Çaylders Viktoriya ştatının parlamentinə Melburn Universitetinin yaradılması haqqında akt təqdim edir və bu təklif qəbul edilir. Universitetdə ilk dərslər 3 professor və 16 tələbənin iştirakı ilə 1855-ci ildə keçilir. Universitet binasının rəsmi açılışı 1855-ci il oktyabrın 3-də ştatın vitse-qubernatoru Çarlz Hothemin iştirakı ilə baş tutur. Ali məktəbin ilk kansleri Redmond Barri təyin edilir və o, bu vəzifədə ömrünün sonuna qədər, 1880-ci ilədək qalır.

Universitetdə ilk vaxtlar yalnız hüquq elmi tədris olunur, lakin şəhər sakinlərinin tələbi nəticəsində 1857-ci ildə burada tibb, 1860-cı ildə isə mühəndislik fakültələri açılır. 1881-ci ildə universitetə qızlar qəbul olunmağa başlayır. Sonrakı illər Melburn Universitetində gərginlik yaşanır, 1902-ci ildə isə ali məktəb faktiki olaraq müflis olur. 1886-cı ildən 1901-ci ilə qədər universitetin xəzinədarı vəzifəsində çalışmış Frederik Diksonun dələduzluq edərək külli miqdarda vəsaiti mənimsəməsi faktı aşkarlanır və o, yeddi il müddətinə azadlıqdan məhrum edilir. Universitetdə kral komissiyası təşkil olunur, nəticədə yeni maliyyə, tədris, təsərrüfat, təhsil strukturları yaradılır, önəmli islahatlar həyata keçirilir.

I Dünya müharibəsi zamanı universitetdə yenə idarəolunma ilə bağlı problemlər yaranmağa başlayır. 1923-cü ildə rəhbərlik universitet Senatına həvalə olunur. Tələbələr iki Senat üzvü seçmək hüququna malik olur. Həmin dövrdə isə tələbələrin əksəriyyəti varlı ailələrin övladları idi, istedadlı və təqaüd alan tələbələr azlıq təşkil edirdi. Universitetin vitse-kansleri Reymond Pristli ilk olaraq burada maaş tətbiq edir. 1922-ci ildə Melburn Universiteti Mətbuatı yaradılır, bu, Avstraliyada ilk ali məktəb mətbuatı olur.

II Dünya müharibəsindən sonra Avstraliya dövləti Melburn Universitetinə maliyyə yardımlarını artırır, tələbələrin sayı artır və bir sıra təhsil islahatları aparılır. Universitet sürətli inkişaf yoluna qədəm qoyur. 1955-ci ildə Avstraliyada ilk kompüter hazırlanır və Melburn Universitetində quraşdırılır. 1989-cu ildə Melburn Universiteti AARNET-ə birləşərək İnternetə ilk qoşulan Avstraliya universiteti olur.

2003-cü ildə Melburn Universiteti təntənəli surətdə 150 illik yubileyini qeyd edib. 2008-ci ildə universitetdə yeni tədris proqramı qəbul olunub. Həmin proqram hazırda Melburn təhsil modeli kimi tanınır.

Müasir vəziyyəti

Melburn Universitetinin əsas kampusu Melburn şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə yerləşir. Müxtəlif üslublarda inşa edilmiş tikililər, fontanlar, parklar kampusa xüsusi gözəllik bəxş edir. Kampusun binaları ilk vaxtlar qotik və Renessans üslublarda tikilsə də, 1950-ci ildən inşa edilən tikililər modern üslubdadır. Bundan irəli gələrək, hazırda kampusda müxtəlif görünüşlü binalara rast gəlmək olar. Kampusdan Melburn şəhərinin mərkəzi aeroportuna 30 dəqiqəlik məsafə var. Kampus daxilində tələbə və müəllimlərə xidmət göstərən çoxlu sayda avtobus və tramvay mövcuddur.

Melburn Universitetinin Viktoriya ştatında bir neçə kampusu var. Bunlar Burnli, Kresvik, Duki, Uerrib, Soutbank, Şipperton, Houtorn, Viktoriya İncəsənət Kolleci kampuslarıdır. Həmçinin universitetin Avstraliya Funksional Genomika Zavodu, Qoulbern Valli regionunda kənd təsərrüfatı, səhiyyə və təhsil mərkəzləri mövcuddur.

Melburn Universiteti tələbələrin burada qalmaları üçün çoxlu sayda variant təklif edir. Tələbələrin əksəriyyəti kampus daxilindəki yataqxanalarda, bir qismi kampusda onlar üçün ayrılmış xüsusi evlərdə, digər qismi isə şəhərdə universitetə yaxın yerləşən evlərdə kirayə və ya ailələrdə qalmağa üstünlük verir. Tələbə Yataqxana Xidmətinin köməyi ilə gənclər şəhərdə istədikləri şəraitə uyğun yaşayış yeri tapa bilərlər.

Ormond Kolleci

Kampus daxilindəki böyük yataqxanalardan Triniti, Ormond, Kuins, Nyumən, Müqəddəs Meri, Müqəddəs Hilda, Uitli kollecləri, Cenet Klark, Midli, Beynəlxalq və s. rezidensiyaları qeyd etmək olar. Yataqxanalarda 52 həftəlik qalmağın qiyməti otağın sayından və şəraitdən asılı olaraq 14700–35000 Avstraliya dolları arasında dəyişir. Ailələrdə 40 həftə qalmaq tələbəyə 14800–19200 Avstraliya dollarına başa gəlir. Birillik qidalanmaq, kommunal, telefon, nəqliyyat, şəxsi xərcləri ödəmək üçün isə tələbəyə 500–750 Avstraliya dolları lazımdır.

Melburn Universitetinin nəzdində memarlıq, inşaat və planlaşdırma fakültəsi, Melburn Dizayn Məktəbi; incəsənət fakültəsi, Humanitar və Sosial Elmlər Ali Məktəbi (magistr və doktorantlar üçün) biznes və iqtisadiyyat fakültəsi, Biznes və İqtisadiyyat Ali Məktəbi; Melburn Təhsil (pedaqogika) Ali Məktəbi, Tədris, Ali Təhsil məktəbləri; Melburn Mühəndislik Məktəbi, Mühəndislik Ali Məktəbi; Yer və Ətraf Mühit Elmləri Məktəbi, Yer və Ətraf Mühit Elmləri Ali Məktəbi, Ekoloji Proqramlar Ofisi; Hüquq Məktəbi, hüquq doktorluğu, magistrı fakültələri; tibb, stomatologiya və səhiyyə, tibb, stomatologiya və səhiyyə sahələri üzrə tədqiqatlar magistraturası; Melburn Tədqiqatlar Ali Məktəbi, Melburnda tədqiqatlar magistraturası; dəqiq elmlər fakültəsi, Melburn Elmlər Ali Məktəbi; baytarlıq elmləri fakültəsi, baytarlıq elmləri sahəsi üzrə tədqiqatlar magistraturası; VCA və musiqi fakültəsi, Tədqiqatlar Ali Məktəbi, Melburn Biznes Məktəbi, Mt Eliza İdarəedici Təhsil Məktəbi fəaliyyət göstərir. Burada fakültələrdə bakalavrlar, ali məktəblərdə isə magistr və doktorantlar təhsil alır. Universitet 340-dan çox magistr və doktorluq proqramı təklif edir.

Melburn Universitetinin təhsil modeli Avropanın, Asiyanın, Şimali Amerikanın təhsil sisteminin ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirən tədris proqramıdır. Bu model üç nəticədən (əmək fəaliyyəti, ali ixtisas, yüksək tədqiqat dərəcələri) birinə gətirən 87 əsas sahə üzrə 6 yeni səviyyədən ibarətdir: incəsənət, biotibb, kommersiya, ətraf mühit, musiqi, elmlər bakalavrı səviyyələri. Böyük təcrübə nəticəsində universitet elmi-tədqiqat layihələrini daha da genişləndirir, yeni-yeni tədris proqramları qəbul edir, doktorluq tədqiqatlarını və akademik mobilliliyi gücləndirir. Melburn Modeli tələbənin şəxsi keyfiyyətlərinin inkişafı, onun magistratura və doktorantura pilləsinə daha da hazırlıqlı olması, gələcəkdə uğurlu karyera əldə etməsi məqsədilə işlənilib.

Melburn Universiteti ilə əlaqəli elmi-tədqiqat mərkəzlərindən Piter Doherti İnfeksiya və İmmunitet, Flori Neyroelmlər, Bio21 Molekulyar Tədqiqatlar və Biotexnologiya, Melburn Tətbiqi İqtisadi və Sosial Tədqiqatlar, Viktoriya ştatının Əqli Sağlamlıq Tədqiqatları, Merdok Uşaq Tədqiqatları, Müqəddəs Vinsent Tibbi Tədqiqatlar, Makfarleyn Bernet Tibbi Tədqiqatlar və Səhiyyə, Yaşlaşma Milli Elmi-Tədqiqat, Bionik Qulaq, Postkolonial Elmlər, Piter MakKallem Xərçəng, Volter və Eliza Tibbi Tədqiqat, Tasmaniya-Asiya-Sakit okean və Tasmaniya, Nossal Qlobal Səhiyyə institutları, Avstraliya Göz Tədqiqatları Mərkəzi, Avstraliya və Yeni Zellandiya Hökumət Məktəbini qeyd etmək olar.

Melburn Universitetinin kitabxanası Avstraliyanın ən zəngin kitabxanalarından biridir. Hər gün kitabxanaya minlərlə oxucu gəlir. Kitabxanaya 3,5 milyon cild kitab, DVD və fotoslayd, not, xəritə, dövri və çaplı nəşr, eləcə də 32000 elektron kitab, yüzlərlə verilənlər bazası, 63000 ümumi və xüsusi rəqəmsal jurnal və s. daxildir. Kitabxananın kataloqunda 111000 ingilis dilində kitabının disk yazısı mövcuddur. Bunlar İngiltərə, İrlandiya, Şotlandiya, Uels, Şimali Amerikanın Britaniya müstəmləkəsi olduğu dövrdə çap edilmiş kitablardır. Kitabxana sistemində Memarlıq, Beylye İncəsənət, Braunless Biotibbi, Kimya, Yer Elmləri, Şərqi Resurs Mərkəzi, Giblin İqtisadiyyat və Ticarət, Torpaq və Qida Resursları, Hüquq, Lenton Parr Musiqi, Təsviri və İfaçılıq İncəsənəti, Luiza Hanson-Dayer Musiqi, Riyaziyyat, Fizika, Baytarlıq kitabxanaları fəaliyyət göstərir. Kitabxananın personalı oxuculara müəlliflik hüququ, informasiya və bilik idarəetməsi, informasiya arxitekturası və layihəsi, eləcə də digər məsələlərlə bağlı məsləhətlər verir.

Hazırda Melburn Universitetinin kansleri ixtisasca hüquqşünas olan Aleks Çernov, vitse-kansleri isə Qlin Devisdir. Universitetdə 6500-dən çox əməkdaş çalışır. Onların əksəriyyəti dünya üzrə tanınmış alimlər, Nobel mükafatı laureatları (Mikrobiologiya və immunologiya şöbəsinin əməkdaşı, professor Piter Doerti, iqtisadçılar Ceyms Mirrlis və Klayv Qrencer), Rods təqaüdçüləridir. Melburn Universiteti bütün sahələr üzrə beynəlxalq seminarlarda, konfranslarda iştirak edir və fərqli tədqiqat nümayiş etdirir.

Melburn Universitetində ümumilikdə 45800 tələbə təhsil alır. Onların 11000-dən çoxu dünyanın 120-yə yaxın ölkəsindən olan əcnəbi tələbələrdir. Əcnəbi tələbələrin əksəriyyəti Asiyadan, xüsusilə Çin, Malayziya, Sinqapur və İndoneziyadan olan gənclərdir.

Melburn Universitetinin Tələbə Təşkilatı burada oxuyan gənclərə geniş xidmətlər təklif edir. Təşkilat hər tələbəyə görə universitet rəhbərliyi qarşısında cavabdehlik daşıyır. 1925-ci ildən universitetdə "Farrago" tələbə qəzeti dərc olunur.

Universitetdə tələbə həyatı çox maraqlı təşkil olunub. Tələbələr müxtəlif laboratoriyalara, institutlara, zavodlara, xəstəxanalara, fermalara və digər müəssisələrə ekskursiyalar təşkil edir, şəhərcikdə keçirilən tədbirlərdə, tamaşalarda, sərgilərdə, seminarlarda, kütləvi mühazirələrdə, idman yarışlarında iştirak edir, özlərinə yeni-yeni dostlar qazanırlar.

Melburn Universiteti ölkə universitetləri arasında təşkil olunan idman yarışlarında çox zaman ölkə çempionu olub. Universitetdə 39-dan çox idman klubu fəaliyyət göstərir. Universitetin kampusunda fitnes və sağlamlıq üzrə Boreper Mərkəzi var. İkimərtəbəli mərkəzdə açıq və örtülü fitnes zalları, hovuz, masaj və fizioterapiya klinikaları, yoqa və pilates guşələri yerləşir. İdman kompleksində isə stadion, voleybol, basketbol, hokkey, velosiped, qaçış meydançaları, skvoş, kriket zalları, tennis kortları və s. var. Ali məktəbin futbol klubu 1859-cu ildən fəaliyyət göstərir. Universitetin reqbi futbol klubu bu sahə üzrə Avstraliyanın ən güclü komandalarından biridir. "Mugars" qadın reqbi komandası, Kriket Klubu (onları sadəcə "Universit" də adlandırırlar), hokkey, velosiped komandaları da idman yarışlarında böyük nailiyyətlər əldə ediblər.

Melburn Universiteti tələbələrə zəngin və hərtərəfli təhsil verməklə yanaşı, onlara tədqiqatlara və tədrisə sərbəst yanaşmaq, şəxsi fikirlər irəli sürmək imkanı yaradır. Tələbələr universitetin müəllim və tədqiqatçıları ilə əməkdaşlıq əlaqələri quraraq hər hansı bir nəticənin əldə olunmasına birlikdə nail olurlar. Beləliklə, effektli tədris təcrübəsinin əldə olunması və inkişaf etdirilməsində tələbənin də rolu olur. Bununla yanaşı, tədris prosesi zamanı tələbələr başqa universitetlərin tələbələri ilə əlaqələr yaradır, ali təhsil ocağının məktəbdənkənar həyatında, diskussiya və debatlarda fəal işirak edir, universitetin akademik şərtlərinə, xüsusilə müəlliflik hüquqlarına hörmətlə yanaşır və onlara riayət edir. Bir sözlə, Melburn Universiteti gənclərin arzuladıqları təhsili ala biləcəyi ən mükəmməl elm ocaqlarından biridir.

Büdcəsi

2009-cu ildə Melburn Universitetinin illik gəlirləri ümumilikdə 1530601000 Avstraliya dollarına bərabər olub. Həmin məbləğin 676565000 Avstraliya dollarını Avstraliya dövlətinin qrantları, 412354000 Avstraliya dollarını təhsil haqqı və rüsumlar, 83179000 Avstraliya dollarını investisiya gəlirləri, 23069 Avstraliya dollarını məsləhətləşmə və müqavilələr, 6516 Avstraliya dollarını ticarət nişanı və lisenziyalar, qalanlarını isə digər gəlirlər təşkil edib.

Həmin ildə universitetin illik xərcləri isə ümumilikdə 1525329000 Avstraliya dolları olub. Bu vəsaitin 765662000 Avstraliya dollarını işçi heyətin maaş və məvacibləri, 87067000 Avstraliya dollarını qiymətdən düşmə və amortizasiya, 54663000 Avstraliya dollarını investisiya xərcləri, 51190000 Avstraliya dollarını təmir və xidmətlər, qalanlarını isə digər xərclər təşkil edib.

Təhsil haqqı

2009–2010-cu tədris ilində Melburn Universitetində təhsil alan avstraliyalı tələbələrin təhsil haqqı məktəb və fakültədən asılı olaraq bakalavr pilləsində 17600–47300 Avstraliya dolları (AU$), magistratura və doktorantura pillələrində isə 11300–30650 Avstraliya dolları arasında dəyişir. Əcnəbi tələbələrin təhsil haqqı tələbənin oxuduğu fakültə və proqramdan asılı olaraq bakalavr pilləsində 16000–58700 Avstraliya dolları arasında dəyişir. Əksər fakültələrin qiyməti 29500 Avstraliya dolları təşkil edir. Ən bahalı fakültə tibb elmləri fakültəsidir (58700 dollar). Magistratura və doktorantura pillələrində oxuyan əcnəbi tələbələrin təhsil haqqı isə 21250–44650 Avstraliya dolları arasında dəyişir.

Melburn Universitetinin təqaüd proqramı Avstraliyanın ən böyük və dolğun proqramlarından biridir. 300-dən çox tələbə (yerli, əcnəbi, aborigen və s.) universitetin ayırdığı təqaüddən bəhrələnir. Təqaüd təhsil haqqını qismən və ya tam örtə bilər. Təqaüd almaq üçün tələbələrin qarşısında bir sıra şərtlər qoyulur: ailə büdcəsi, savadlılıq, yaradıcılıq, istedadlılıq, davamiyyət. Tələbə bütün meyarlara cavab verərsə, təqaüd ala bilər. Burada tələbələrə verilən təqaüdün məbləği təxminən ildə 5000–20000, 60000 Avstraliya dolları arasında dəyişir. Melburn Universitetində də, digər dünya universitetlərində olduğu kimi, müxtəlif təqaüdlər təklif olunur. Bundan əlavə, Avstraliya hökuməti ayrıca tələbələr üçün təqaüd ayırıb.

Xarici əlaqələri

Melburn Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun, "Universitas 21"[2] beynəlxalq elmi-tədqiqat, Sakit okean regionu universitetləri assosiasiyalarının üzvüdür.

Reytinqi

Avstraliya ali məktəbləri arasında Melburn Universiteti biznes, pedaqogika, texnologiya, incəsənət, hüquq və tibb sahələri üzrə liderlik əldə edib.

"Academic Ranking of World Universities"dəki yeri:[3]
2003[4]2004[5]2005[6]2006[7]2007[8]2008[9]2009[10]2010[11]2011[12]2012[13]2013[14]2014[15]2015[16]
92828278797375626057544444
"QS World University Rankings"dəki yeri:
2015/16[17] 2014/15[18] 2013/14[19] 2012/13[20] 2011/12[21] 2010/11[22]
423331363138
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[23] 2014/15[24] 2013/14[25] 2012/13[26] 2011/12[27] 2010/11[28]
333334283736

Məşhur məzunları

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  • Alfred Dikin – Avstraliyanın 2-ci Baş naziri;
  • Robert Menzies – Avstraliyanın 12-ci Baş naziri;
  • Harold Holt – Avstraliyanın 17-ci Baş naziri;
  • Cim Keyrns – Avstraliyanın Baş nazirinin müavini;
  • Kris Maksvell – Avstraliya Apelyasiya Məhkəməsinin prezidenti;
  • Baron Riçard Kesi – Avstraliyanın 16-cı general-qubernatoru;
  • İsmayıl Əbdül Rəhman – Malayziyanın Baş nazirinin sabiq müavini;
  • Kirsti Svord Gusmao – Şimali Timorun birinci xanımı;
  • Frank Makfrleyn Burnet – tibb üzrə Nobel mükafatı laureatı;
  • Con Keryu Ekkles – tibb üzrə Nobel mükafatı laureatı;
  • Elizabet Blekburn – tibb üzrə Nobel mükafatı laureatı.

Mənbə

İstinadlar

  1. Directory of Open Access Journals. 2003.
  2. "Universities 21 - Members". 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  3. "ARWU - The University of Melbourne". Shanghai Ranking Consultancy. 2014. 2015-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
  4. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  5. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  6. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  7. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  8. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  9. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  10. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  11. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  12. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  13. "Academic Ranking of World Universities 2012". 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  14. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  15. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  16. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  17. "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
  18. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  19. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  20. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  21. "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  22. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  23. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  24. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  25. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  26. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  27. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  28. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.