Mehriban Sultanova
Mehriban Sultanova (Mehriban Paşa qızı Sultanova; d. 27 yanvar 1972-ci il, Naxçıvan) — filologiya üzrə fəlsəfə doktoru (2008), Azərbaycan Jurnalistlər Birliyinin (2002), Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin (2004) üzvü.
Mehriban Sultanova | |
---|---|
Mehriban Paşa qızı Sultanova | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Paşa Sultanov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti (1989-1994) |
Fəaliyyət illəri | 1994-hal-hazırda |
Tanınır | filologiya üzrə fəlsəfə doktoru (2008) |
Həyatı
Mehriban Sultanova 27 yanvar 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
Fəaliyyəti
Əmək fəaliyyəti
Mehriban Sultanova əmək fəaliyyətinə 1994-cü ildən Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında başlayıb. O, 2001-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğuldur. 2001–2006-cı illərdə paralel olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı "Nuh Yurdu" qəzetində də çalışıb. 2005-ci ildən Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasında müəllimdir. Mehriban Sultanova 2006-cı ildən universitetin mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərməyə başlayıb.
2008–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri işləyib. Sultanova "Universitet" televiziyasında (UTV) tədris yönlü, ədəbi-bədii, ictimai verilişlərin hazırlanmasında fəal iştirak edib, burada çəkilən sənədli filmlərin ssenari müəllifi və ya rejissoru olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 15 aprel tarixli Sərəncamı ilə "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.[1][2]
O, 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2002-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2004-cü ildən isə Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
Elmi fəaliyyəti
Mehriban Sultanova 2008-ci ildə "Yeni yol" qəzetində ədəbiyyat məsələləri mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Onun 20 elmi və 70-dən çox publisitik məqaləsi respublikanın jurnal və qəzetlərində, eləcə də Türkiyə mətbuatında dərc olunub.
Ədəbi fəaliyyəti
Mehriban Sultanova "Mollanəsrəddinçilər "Yeni yol"da" (2006) və "Milli mətbuat tarixində "Yeni yol qəzeti" (2015), "Mənim universitet dünyam" (2017) kitablarının müəllifidir.
Mükafatları
- 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və 2007 və 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin fəxri fərmanları ilə təltif olunub.
- 2014-cü ildə təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılmasına və media ilə fəal əməkdaşlığına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomuna layiq görülüb.
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 6 mart tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif olunub.
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 21 iyun tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adı ilə təltif olunub.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 27 may tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.
İstinadlar
- ""Şərq qapısı" qəzetinə yeni baş redaktor təyin olunub". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
- "Meriban Sultanova". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.