Mehman Qafarov
Mehman Qafarov (azərb. Qafarov Mehman Yəhya oğlu) - Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, Qarabağ müharibəsinin iştirakçısı və şəhidi.
Mehman Qafarov | |
---|---|
azərb. Qafarov Mehman Yəhya oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lerik, Azərbaycan SSR |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Avşar, Ağcabədi |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | Ceyhun Qafarlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Cəmşid Naxçıvanski liseyi |
Qoşun növü | Azərbaycan Silahlı Qüvvələri |
Hərbi hissə | 704 saylı hərbi hissə |
Xidmət illəri | 1984-1993 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
Həyatı
Qafarov Mehman Yəhya oğlu 1970-ci ilin 2 yanvar tarixində Azərbaycan SSR-nin Lerik rayonunun Siyov kəndində anadan olub. 1977-ci ildə Siyov kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1984-cü ildə həmin məktəbin yeddinci sinfini bitirib, elə həmin ildə də Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
1987-ci ildə Naxçivanskini bitirib, 1988-ci ildə Kazan Ali Tank Qoşunları Komandirləri Məktəbinə daxil olub, 1991-ci ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirib. 1991-ci ilin avqust ayından 1992-ci ilin oktyabr ayına qədər Minsk hərbi dairəsində xidmət edib.
Mehman Qafarov Qarabağ müharibəsinin başlanmasından sonra Minskdə davam etməkdə olan xidmətinə xitam verərək Azərbaycana qayıdır, qərargahı Lənkəranda yerləşən 704 saylı hərbi hissənin tərkibində, 743 saylı tank alayının tərkibində hərbi əməliyyatlarda iştirak etməyə başlayır.
Qarabağ müharibəsi müddətində Laçın, Goranboy, Füzuli, Beyləqan və Ağcabədi cəbhələrində döyüşmüşdür. Azərbaycan Müdafiə Nazirinin müvafiq sərəncamı ilə Mehman Qafarov 1993-cü il 4 aprel tarixində qərərgah rəisi, həmin ilin 22 iyul tarixində isə alay komandiri təyin edilmişdir.
Döyüş aparması zamanı göstərdiyi yüksək peşəkarlığı ilə tanınan Mehman 1993-cü ilin 20 avqust tarixində Ağcabədi rayonunun Avşar kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lerik rayonunun Siyov kənd orta məktəbi şəhid Mehman Qafarovun adını daşıyır.
Mehman Qafarovun yeganə oğul övladı, 2016-cı ilin aprel ayında baş vermiş dördgünlük müharibənin iştirakçısı, hərbçi Ceyhun Qafarlı xidmət etdiyi hərbi hissəyə qayıdarkən baş vermiş qəzada həlak olmuşdur. Hadisə 2020-ci ilin 26 may tarixində Sahil-Hacı Zeynalabdin avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən birinci km-də baş verib.