Mehdiqulu xan Şamlı
Mehdiqulu xan Hüseynqulu sultan oğlu Kəramətli-Şamlı(?-?) — Şamlı elinin əmirlərindən, Gilan, Luristan və Xuzistanın valisi.
Mehdiqulu xan Şamlı | |
---|---|
Mehdiqulu xan Hüseynqulu sultan oğlu Kəramətli-Şamlı | |
Gilan bəylərbəyliyi | |
1592 – 1593 | |
Əvvəlki | Xan Əhməd Xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | XVI |
Atası | Hüseynqulu sultan |
Uşağı | Əliqulu xan |
Rütbəsi | general |
Həyatı
Mehdiqulu bəy Hüseynqulu sultan oğlu Şamlı elinin Kəramətli oymağındandır. O, əvvəlcə II Şah İsmayıla, sonra Şah Sultan Xudabəndəyə, daha sonra I Şah Abbasa xidmət etmişdi.Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. 1592-1593-cü illərdə Gilan əyalətinin hakimi olmuşdu. İskəndər bəy Münşi yazır: "Şahın bütün səfər və yasaqları müddətində sübhdən axşama kimi qızılbaşlarla birlikdə olan və yaşadıqları yerləri tərk etmək halında olmayan başqa yığma adamlar (mötəcənde və ləyam) canbaşla öz rəiyyətçilik etmələrində qaldılar. Zəfər ayəli ordu bir neçə gün Lahicanda dayandı, [şah] gilanlıların mətləb və iddialarını onların istəklərinə uyğun şəkildə həll etdi, seyidlərin, üləmaların, zahidlərin, məzarıstan müttəvəllilərinin hərbi qulluqdan azad olma sənədlərini (məafiyyat) imzaladı, Lahican ülkasını və Gilan əmirülüməralığını Mehdiqulu xan Şamlıya, Gilan vəzarətini Xacə Məsih Gilaniyə, Ləştə Nişa ülkasını Mir Abbasa, Lahıcan sərkərdəliyini (sepahsalari) Talişə Kuliyə, bütün Gilanın ağsaqqallığını sadiq, doğru danışan və xeyirxah adam olan Kiya Fəriduna, Deyləman ülkasını Kiya Cəlaləddin Məhəmmədə, Vərankuhu isə Buli Sultan Sufiyə verdi"[1].
I Şah Abbas onu hakimlikdən kənarlaşdırıb, Əhməd bəy Bəydili-Şamlını təyin etdi. Mehdiqulu xan Luristan hakimi təyin edildi.
İskəndər bəy Münşi yazır: "Dərviş Məhəmməd xan müzəffər qoşunda hazır vəziyyətdə olan bir dəstə müzəffər əsgərlə dövlət ordusuna gəlib çatdı və onlar Luristana yürüşə başladılar. Hümayun ordunun hücumu xəbəri Şahverdi xana çatdıqda, məskəni olan Xürrəmabaddan fərar etdi, Sədmərəyə tərəf getdi. Luristan əmirlərinin və tayfa başçılarının bəziləri ondan ayrılıb, hümayun məiyyətə birləşdilər, Xürrəmabad qalası bu güclü dövlət övliyalarının əlinə keçdi. Adı çəkilən ülka Mehdiqulu xan Şamlıya inayət olundu, şah qalanı ona tapşırdı".[2].
I Şah Abbas onu hakimlikdən kənarlaşdırıb, Şahverdi xan Abbasini təyin etdi. Mehdiqulu xan Xuzistan hakimi təyin edildi. İskəndər bəy Münşi yazır: "...Güclü dövlətin qüvvəti ilə həmin aşırımı sağ-salamat arxada qoyub Xuzistana və Ərəbistana qədəm basdılar. Qızılbaş ləşkərinin gəliş xəbərini eşidən Seyid Mübarəkin canına titrəmə düşdü, Dizfulda olan adamların bir hissəsi isə qızılbaşların uzaqdan gələn qaraltısını görüb onlara birləşdilər. Qalibiyyətli əskərlər Şüştərə yaxınlaşdıqları vaxt Mübarək qəm-kədərə qərq olub qala ayağından ayağını çəkdi, özünün iqamət yerləri olan Həvizəyə və Kəmalabada getdi, müzəffər əsgərlərsə gəlib Şüştərə çatdılar, orada dayandılar. Fərmana görə o vilayətin idarə olunması Mehdiqulu xan Şamlıya tapşırıldı".[3]. 1594-cü ildə Avşar elinin Araşlı və Gündüzlü oymaqları Mənsur bəyin nəvəsi Əmir xan Araşlı-Avşara yağı oldular. Ancaq avşarlar onu vali kimi tanımayaraq Xəlil xanın nəvəsi Əbülfət bəyi özlərinə başçı seçdilər. Şah Abbas avşarların bu itaətsizliyinə qəzəblənərək, Fars əyalətinə qul nəsildən Allahverdi xanı göndərdi. Allahverdi xan Farsa gələrək üsyankar avşarları cəzalandırdı və özü kimə qul nəslidən olan bir adamı Guhgiluyə valisi təyin etdikdən sonra geri qayıtdı».[4] Mehdiqulu xan bu işə qarışanda avşarlar Seyid Mübarəkin yanına getdilər. İskəndər bəy Münşi yazır: "Şüştər hakimi Mehdiqulu xan sədaqət və sufiliyinə görə bu yaramaz halı qəbul etmədi, aralarında yaxın məsafə olan onların fitnəsini dəf etməyə yollandı, azacıq miqdar şamlı qaziləri ilə onların üstünə yürüdü, Şüştər və Ram hörmüzün arasında hərb başlandı. Əfşar tayfası o məhdud saylı şamlılar tərəfindən əzilərək, Ərəbistan valisi Seyid Mübarəkə pənah apardılar. Seyid Mübarəki həmişə bu güclü dövlətin müxaliflərindən biri hesab edən Mehdiqulu xan [hərdərbir] Həvizə ərəblərinə qarşı hücuma keçir, Seyid Mübarəklə bir o qədər də hesablaşmır, onunla qalib tərzdə davranırdı. Seyid Mübarək də Mehdiqulu xanın pis rəftarından şəkkə düşmüşdü. O, dəfələrlə ali dərgaha ərizələr yazıb onlan şikayətlənir, istəyirdi ki, Mehdiqulu xana qulaqburması verilsin və o, təkəbbür və qürur badəsinin məstliyindən ayılsın. Bu vaxt əfşar tayfası bu vəziyyəti qızışdıraraq onu Mehdiqulu xanla hərb etməyə rəğbətləndirdi. O da əfşarlara kömək üçün bir dəstə ərəb döyüşçüsü ilə Mehdiqulu xan üzərinə hücuma keçdi. Xan Ram hörmüzdən qayıdıb Şüştərə gələn vaxt ərəblər onun yolunu kəsdilər, aralarında kiçik bir cəng oldu. Ərəblər Mehdiqulu xanm zəif ləşkərindən də zəif olduqları halda, xan səhra döyüşünü sərfəsiz zənn edib, özünü yaxınlıqdakı bir qalaya çaldı, ərəblər də gəlib oranı mühasirə etdilər. O qala bir o qədər də möhkəm olmadığından, həmçinin ərzaq ehtiyatının yoxluğundan, xan məcbur olaraq Seyid Mübarəklə sülh bağlamaq istədi. Əlahəzrət zilləllah şahdan bərk qorxan Seyid Mübarək də sülhə meylləndi və aralarında sülh bağlandı. Belə qərara gəldilər ki, Seyid Mübarək oradan qayıdıb Həvizəyə, Mehdiqulu xan isə qaladan çıxıb Şüştərə getsin".[5].
Mənbə
- Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009.
İstinadlar
- İskəndər bəy Münşi, Tarixi-aləm-arayi-Abbasi, Bakı, "Şərq-Qərb", 2010, 999 səh. s.768
- İskəndər bəy Münşi, Tarixi-aləm-arayi-Abbasi, Bakı, "Şərq-Qərb", 2010, 999 səh. s.798
- İskəndər bəy Münşi, Tarixi-aləm-arayi-Abbasi, Bakı, "Şərq-Qərb", 2010, 999 səh. s.843
- F. Sümer, Oğuzlar, Bakı, 1992, s.252.
- İskəndər bəy Münşi, Tarixi-aləm-arayi-Abbasi, Bakı, "Şərq-Qərb", 2010, 999 səh. s.875