Mehdi Bazərgan

Mehdi Bazərgan (fars. مهدی بازرگان) — İranlı pedaqoq, alim, aktivist və siyasətçi. 1979-1980-ci illərdə İran İslam İnqilabından sonra İranda qurulan İran Müvəqqəti Hökumətinin sədri və İslam İnqilabından sonra İranın ilk baş naziri.

Mehdi Bazərgan
Mehdi Bazərgan
bayraq
İranın 46-cı baş naziri
04.02.1979 06.11.1979
ƏvvəlkiŞapur Bəxtiyar
SonrakıMəhəmmədəli Rəcai
Şəxsi məlumatlar
Doğum adı مهدی بن عباسقلی تجارتی تبریزی
Doğum tarixi
Doğum yeri Bazərgan
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Sürix İsveçrə İsveçrə
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Partiya
  • İran Azadlıq Hərəkatı[d]
Fəaliyyəti siyasətçi, mühəndis
Atası Hacı Abbasqulu Təbrizi
Dini islam[1], On iki imam şiəliyi[1]
Elmi fəaliyyəti
Elm sahəsi islam[2], siyasət[2]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və təhsili

Mehdi Bazərgan 1907-ci il sentyabrın 1-də Tehranda azərbaycanlı[3][4] ailəsində dünyaya gəlib. Onların nəsli İranın şimal-qərbində yerləşən, Türkiyə sərhədindən 3 km-lik məsafədəki Bazərgan məntəqəsindədir. Atası Hacı Abbasqulu zəngin tacir idi. Buna görə gənc Mehdi mükəmməl təhsil almaq imkanına malik olub. İlkin təhsildən sonra o Rza şah hökumətinin göndərişi ilə 1926-1936-cı illərdə Parisdə termodinamika mühəndisi ixtisasına yiyələnir və ölkəsinə dönür. 1939-cu ildən İranı məşhur Təbatəbai nəslindən olan Mələk xanımla evlənməsi onun əlaqələrini daha da genişləndirir.

Fəaliyyəti

İkinci dünya müharibəsində Bazərgan ona təhsil vermiş Fransanın köməyinə getməyi özünə borc bilir və de Qollun rəhbərlik etdiyi Müqavimət hərəkatında iştirak edir. 40-cı illərin ikinci yarısında isə Tehran Universitetinin mühəndislik fakültəsinin ilk dekanı olur. 1949-cu ildə islahatçı siyasi xadim Məhəmməd Müsəddiq İranın milli, liberal, sosial-demokrat yönümlü bir çox siyasi təşkilatlarını Milli Cəbhədə birləşdirir. 1950-ci ildə keçirilən parlament seçkilərində Milli Cəbhə deputat yerlərinin əksəriyyətini qazanır. Bu da Müsəddiqə çoxdan arzuladığı aksiyanı – İranın neft yataqlarını milliləşdirilməsini həyata keçirməyə imkan verir. Müvafiq qanun 1951-ci ilin martın 15-də qəbul olunur. Aprelin 28-də isə Məhəmməd Müsəddiq İranın baş naziri seçilir. Mehdi Bazərgan isə yeni yaradılan İran Milli Neft Şirkətinin ilk rəhbəri təyin olunur. Lakin Müsəddiqin şah hakimiyyətini məhdudlaşdırmaq, feodal münasibətlərini ləğv etmək yolundakı islahatları daxili irticanın, neft yataqlarını milliləşdirmək kursu isə İngiltərəABŞ-nin maraqlarına uyğun gəlmirdi. Bu iki ölkənin xüsusi xidmət orqanlarının planlaşdırdığı və daxili irticanın köməyi ilə həyata keçirilən "Ayaks" əməliyyatı nəticəsində 1953-cü ilin avqustunda Müsəddiq hökuməti devrildi. İran demokratları qeyri-leqal şəraitdə mübarizəni davam etdirsələr də, yalnız 1960-cı ildə yenidən təşkilatlana bildilər. Tarixşünaslıqda İkinci Milli Cəbhə adlandırılan bu təşkilatın rəhbərliyində artıq Bazərgan da təmsil olunurdu. Ondan əlavə Şapur Bəxtiyar, Kərim Səncabi, Dariuş Forouhar, Qulamhüseyn Sadiqi, Allahyar Saleh və digər liberallar Milli Cəbhənin liderləri idilər. Lakin daxili fikir ayrılıqları səbəbindən Mehdi Bazərgan bir il sonra Milli Cəbhəni tərk etdi. O 1961-ci ildə ayətullah Taleqani ilə birlikdə İran Azadlıq Hərəkatı adlı təşkilat yaradır. Liberal, dünəvi Milli Cəbhədən fərqli olaraq İAH demokratik, lakin İslam qaydalarının əhəmiyyətli rol oynayacağı cəmiyyətin qurulmasını hədəfləyirdi. 60-cı illərdə Bazərgan bir neçə dəfə həbs olunur. 1964-cü ildə şah məhkəməsi onu 10 il azadlıqdan məhrum edir, lakin 3 il sonra siyasətlə məşğul olmamaq şərti ilə azad olunur. Sonrakı 10 il ərzidə Mehdi Bazərgan tikinti biznesi ilə məşğul olur.[5]

İran inqilabı və sonrakı fəaliyyəti

1978-ci ildə İranda etiraz hərəkatının vüsət alması ilə Bazərgan yenidən siyasətə qayıdır. O, daha çox müstəqil şəxs kimi davranaraq Fransada yaşayan ayətullah Xomeyni və Milli Cəbhə arasında vasitəçilik edir, monarxiyaya qarşı vahid müqavimət düşərgəsinin yaranmasına çalışır.

Bu dövrdə Milli Cəbhə də dünyəvi modeldən imtina edir, din və demokratiyanın sintezi haqqında danışır. Bu da onun daxilində parçalanmaya səbəb olur. Kərim Səncabi Parisə gedib Xomeyni ilə razılaşma axtararkən, Şapur Bəxtiyar konstitusiyalı monarxiya quruluşuna tərəfdar çıxaraq şahin baş nazir postu təklifini qəbul edir. Təşkilat üzvlərinin əksəriyyəti isə Səncabi xəttini dəstəkləyir.

Hələ inqilab qalib gəlməmiş, 1979-cu ilin fevralın 4-də Ruhullah Xomeyni yeni hökumətin qurulmasını Mehdi Bazərgana tapşırır. 1 həftə sonra, inqilabın qələbəsi və monarxiyanın son baş naziri Şapur Bəxtiyarın istefasından sonra ikihakimiyyətlilik sona yetir və Bazərgan İran Respublikasının ilk baş naziri olur. Mömin olmasına və İslam qaydalarına ciddi əməl etməsinə baxmayaraq, Mehdi Bazərgan teokratik dövlət quruluşunun tərəfdarı deyildi. Bu səbəbdən də onunla Xomeyni arasında fikir ayrılıqları ilk günlərdən zühur edir. Baş nazir "vilayəti-fəqih" institituna qarşı çıxır, ölkənin yeni adını İran İslam Demokratik Respublikası olmasını istəyirdi. Lakin Xomeyni "Demokratik" sözünün tətbiqini qəti surətdə rədd edir. Martın son günlərində keçirilən referendumda dövlətin adı rəsmən İran İslam Respublikası olaraq qəbul edildi. Baş nazir həmçinin inqilabdan sonrakı repressiyaların qarşısını almağa çalışır, lakin cüzi istisnalarla bunu bacarmırdı. Məhdud səlahiyyətlər ona çoxsaylı ölüm hökmlərini ləğv etməyə imkan vermirdi. İki dəfə istefa versə də, Xomeyni tərəfindən qəbul olunmadı. Noyabrın 4-də radikallaşmış kütlənin ABŞ səfirliyinə hücumu və diplomatların ailələri ilə birlikdə girov götürülməsi baş nazirin səbrini daşdıran son damla oldu. İki gün sonra o kabineti ilə birlikdə istefa verdi. Mühacirət etmədən mübarizəsini davam etdirirdi. O, 1982-ci ildə Məclisin spikeri Rəfsəncaniyə göndərdiyi məktubda inqilabın nəticələrindən məyus olduğunu bildirir, hökuməti terror və qorxu atmosferi yaratmaqda, həbsxana və məzarlıqları doldurmaqda günahlandırırdı. İran Azadlıq Hərəkatı 1984-cü il seçkilərini boykot etdiyindən Bazərgan yeni Məclisə düşə bilmədi. O, 1985-ci ildə İran prezidentliyinə namizədliyini irəli sürdü, lakin Konstitusiyanı müdafiə şurası "etibarsız element" kimi onu qeydə almadı. Nəticədə tərəfdarları seçkini boykot etdilər. 1986-cı ildə Bazərgan və bir neçə tərəfdarı bir qrup radikal tərəfindən oğurlandı, fiziki təzyiqə məruz qalandan sonra buraxıldılar. Həmin il ABŞ-nin İsrail vasitəsilə İrana gizli silah satışı barədə skandalın (İrangeyt) üzə çıxması da Bazərganın hökuməti sərt tənqid etməsinə səbəb oldu.[5]

Ölümü

1994-cü ildə onun halı qəfil pisləşir. İlk Tehran xəstəxanasına yerləşdirilsə də sonradan müalicə üçün İsveçrəyə göndərilir.Burada isə o 1995-ci ilin 20 yanvar tarixində ürək tutnasından dünyasını dəyişir[6].

İstinadlar

  1. http://setaresobh.ir/fa/print/main/42049.
  2. Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. The Rising Tide of Cultural Pluralism: The Nation-State at Bay?, Crawford Young, p. 127, 1993
  4. "مهدی بازرگان". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.
  5. "Bir demokratın taleyi". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.
  6. "The New York Times, January 21, 1995. Mehdi Bazargan, Former Iran Premier, Dies". January 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 14, 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.