Mediasiya Şurası

MEDİASİYA ŞURASI — Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur[3].

Mediasiya Şurası
Ümumi məlumatlar
Ölkə AZE
Yaradılma tarixi 12 fevral 2020
Rəhbərlik
Struktur[1]
  • Ümumi Yığıncaq
  • İdarə Heyəti
  • İntizam Komissiyası
İdarə Heyətinin sədri [2] Nadir Adilov

Rəsmi saytı mediasiya.gov.az

Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır[4]. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdu.

Funksiyaları

Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir:

  1. mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir;
  2. mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir;
  3. mediatorların ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür;
  4. mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır;
  5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır;
  6. mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir;
  7. mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir;
  8. üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür;
  9. mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir;
  10. mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır;
  11. mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir;
  12. mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir;
  13. mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır;
  14. intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir;
  15. mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır[5].

Mediasiya Şurasının fəaliyyəti "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və Nizamnaməsinə əsasən həyata keçirilir.

Üzvləri

Bütün mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurasının hazırda 1 mediasiya təlimi qurumu və 57 mediator olmaqla, 58 üzvü vardır[6] və 300 nəfərdən çox mediatorların ilkin hazırlığı üzrə təlimi başa vuran yeni namizədlərin və mediasiya təşkilatlarının qəbul olunması gözlənilir.

Mediator

Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir[7]:

  1. ali təhsilə malik olmalıdır;
  2. 25 yaşı tamam olmalıdır;
  3. ən azı 3 illik iş stajına malik olmalıdır;
  4. mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir.

Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər:

  1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
  2. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
  3. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.

Mediasiya təşkilatı

Mediasiya təşkilatı qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir[8]:

  1. ən azı iki mediatorla (onlardan əz azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsi olmalıdır;
  2. mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır;
  3. istifadəsində ən azı iki otaqdan ibarət ofisi olmalıdır.

Mediasiya təlimi qurumu

Mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir[9]:

1. Aşağıdakı göstərilən şəxslər kateqoriyasından ən azı ikisi ilə əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqaviləsi olmalıdır:

  • son 2 il ərzində ən azı 10 mediasiya işi aparmış ən azı 1 mediatorla;
  • son 6 ildə mediasiya üzrə (o cümlədən, mübahisələrin alternativ həlli fənninin tərkib hissəsi olaraq) azı 2 il pedaqoji staja malik və ya son 3 il ərzində beynəlxalq layihələr çərçivəsində ən azı 2 mediasiya təlimi aparmış 1 təlimçi ilə;
  • beynəlxalq mediasiya qurumlarının mediasiya sahəsində təşkil etdiyi mediasiya təlimçilərinin təlimindən keçməsi barədə müvafiq sertifikatı olan ən azı 1 təlimçi ilə;

2. İlkin hazırlıq və ixtisasartırma mediasiya dərsləri üzrə təfsilatlı proqrama malik olmalıdır.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  2. "Arxivlənmiş surət". 2021-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  3. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  4. "Arxivlənmiş surət". 2021-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  5. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  6. https://mediasiya.org/mediasiya-reyestri/mediatorlar%5B%5D
  7. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  8. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  9. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.