Material
Material - hər hansı bir əşyanın hazırlanmasında tətbiq olunan və ya hər hansı bir prosesə təsir edə biləcək maddə və ya maddələr birləşməsidir. Sonuncu halda material köməkçi və ya israf olunan materiallara bölünürlər. Qida, yanacaq və dərmanlar material sayılmırlar, çünki istismar prosesində onlar kimyəvi reaksiyaya girirlər və qismən və ya tamamilə yox olurlar. Qazları da çox vaxt materiallardan çıxarırlar.
Materialın sürüncəkliyi
Materialın sürüncəkliyi — bərk cismin sabit yük və ya sabit mexaniki gərginlik altında zamandan asılı baş verən deformasiyasıdır. Bütün bərk cisimlər bu və ya digər şəkildə sürüncəklik xassəsinə malikdir.
Metalların və digər materialların sürüncəkliyinin sistematik tədqiqi XX əsrin əvvəllərinə, əsasən də 40-ci illərinə təsadüf edir. Bu vaxtlar texnikanın inkişafı ilə əlaqədar buxar və qaz turbinləri pərlərinin, reaktiv mühərrik və raketlərin, müxtəlif konstruksiyaların disk elementlərinin sürüncəklik məsələlərinin həlli çox vacib idi. Detalların uzun müddət yüksək temperatur şəraitində yükə davamlı olmaları üçün yeni materiallar tələb olunurdu. Hesab edilirdi ki, sürüncəklik yalnız yüksək temperaturda baş verə bilər. Lakin sürüncəklik aşagı temperaturda da baş verir. Məsələn, kadmiumda −269 °С, dəmirdə isə −169 °С temperaturlarda kifayət qədər sürüncəklik müşahidə olunur.
Səbəbləri və xassələri
Materialların sürüncəkliyini təcrübi olaraq əsasən sadə gərginlik vəziyyətlərində - biroxlu darılma, sıxılma, və saf sürüşmə deformasiyalarında, mürəkkəb gərginlik vəziyyətlərində isə adətən nazik divarlı boru təcrübə nümunələri üzərində öyrənirlər.
Sürüncəklik əyrisi
Materialların sürüncəklik xassəsi sabit gərginlik və sabit temperaturda deformasiyanın zamandan asılılığını göstərən sürüncəklik əyrisi deyilən əyri ilə ifadə olunur. Sürüncəklik əyrisi şərti olaraq üç hissəyə və ya mərhələyə bölünür:
• АВ — qərarlaşmamış sürüncəklik sahəsi (I mərhələ),
• BC — qərarlaşmış sürüncəklik sahəsi – sabit sürətlə baş verən deformasiya (II mərhələ),
• CD — təcili sürüncəklik sahəsi (III mərhələ),
• E0 — yükün tədbiq anındakı deformasiya ( IV mərhələ),
• D nöqtəsi — dağılma anı.