Marlıqtəpə yaşayış yeri

Abidə Gilan vilayətindəki, Qızılüzən (Səfidrud) çayının aşağı vadisində yerləşir. Mərlik ərazisində arxeoloji qazıntılar Tehran Universitetinin professoru Ə.O.Negahban tərəfindən aparılmışdır.

Mərlikdən tapılmış üstü çərxifələk (svastika) naxışlı (bəzi tədqiqatçılar çərxifələyin hansısa dini anlam daşıdığını güman edirlər) qızıl boyunbağı (İran Milli Muzeyi)

Abidə ərazisindən yaşayış yeri ilə yanaşı qəbristanlıq da aşkar edilmişdir. Buradakı qəbirlərdəki zəngin dəfn avadanlığına görə Ə.O.Negahban bu qəbirləri hökmdar nəslinə və əyanlara aid etmişdir. Ölülər sağlıqlarında istifadə etdikləri hər şeylə – içərisində su və yemək qoyulmuş adi məişət əşyalarından tutmuş, gözəl ayin qabları və bəzək əşyalarınadək, ovçular və döyüşçülər isə hətta silahlarla təchiz olunmuşlar. Bundan başqa Mərlik qəbristanlığının özəlliklərindən biri də atların hər cür əsləhə ilə birgə, ayrıca dəfn edilməsidir. Görünür at Mərliyin qədim sakinlərinin həyatında mühüm rol oynamışdır. Mərlikdən aşkar edilən keramika və zərgərlik məmulatı o dövr sənətkarlarının zövq və məharətləri, yüksək sənətkarlıq texnikası haqqında çox şey deyir.

Çoxlu zərif və zəhmət edən sənət əsərlərini özləri ilə basdırmağa razı olan bu yerli əyanların yetərincə zəngin olduqlarını da güman etmək olar.

Ə.O.Negahban qəbirləri e.ə. IX əsrə aid edir. Lakin belə hesab edir ki, onlardan tapılmış bəzi əşyalar daha əvvəl hazırlanmışdır. Mərlik tapıntıları MitanniUrartu incəsənəti, həmçinin Talış, Qərbi Azərbaycan, Gilan, Mazandaran əyaləti materialları ilə oxşarlıq təşkil edir.

Mənbə

  1. S.Qaşqay-Manna dövləti,Bakı,1993
  2. E.O.Negahban-A.Preliminary report of Marlik Excavations,Tehran,1964
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.