Marketinq
Marketinq – bir şirkətin xidmət və ya malın alqı-satqısını təşviq etmək üçün həyata keçirdiyi fəaliyyətlər cəmidir.[1]
Mahiyyəti
Marketinq – ingilis dilində “market” sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi “bazarda fəaliyyət”dir. Fərdi və ya təşkilati məqsədlərə çatmağa istiqamətli mal, xidmət, fikir və ya hadisələrlə əlaqədar alış-verişi təmin məqsədilə məhsula, paylamaya, qiymətə və saxlamağa bağlı fəaliyyətlərin planlaşdırılması, həyata keçirilməsi və nəzarət müddətidir.
Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.
Başqa sözlə, bu, buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Marketinqin fəlsəfəsi çox sadədir: “elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun”. Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.
Bəzi mütəxəssislərin fikrincə, marketinq müasir müəssisələrdə, firmalarda əmtəələrin təkrar istehsalı prosesində fəaliyyətin təşkili sistemidir. Bir zaman təsərrüfat fəaliyyəti üzrə olan qərarların əsasını bazarın tələbləri, alıcıların real ehtiyacları, onların əmtəələrə və xidmətlərə olan tələbatı, həmin müəssisələrin, firmaların istehsal-satış imkanları təşkil edir.
Marketinq sahəsində aparıcı mütəxəsislərdən hesab edilən P. Drükerin fikrincə: “Marketinqin məqsədi, satış üzrə qüvvə sərfini lüzumsuz etməkdir. Onun məqsədi, müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun, yəni məhsulu özü-özünü satsın”.
Marketinq XX əsrin əvvəllərində Amerika Birləşmiş Ştatlarında meydana gəlmiş, məhsulların satışında olan problemlərlə əlaqədar olaraq son beşilliklərdə bir çox inkişaf etmiş kapitalist ölkələrində geniş yayılmışdır. Bu üsulun tətbiqinin son məqsədi firmaların maksimum gəlirlərini təmin etməkdir. Marketinqin tətbiqi tələbatın və qiymətin intensiv öyrənilməsi və satışının təşkili, reklamdan geniş istifadə edilməsini, istehsalın həvəsləndirilməsini, malların saxlanılması və daşınması proseslərinə müasir və mütərəqqi üsulların geniş tətbiqini, istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və s. həyata keçirməyi nəzərdə tutur.
Marketinq mürəkkəb və dinamik sistem olub müəssisə (firma, şirkət və s.) fəaliyyətinin idarə olunmasını, bazara istiqamətləndirilməsini təmin edir. O, təşkilati-texniki, iqtisadi, sosial və s. sahələri özündə birləşdirən idarəetmənin aparıcı və həlledici funksiyasıdır.
[Marketinq] uyğun məhsulun, uyğun yerdə, uyğun miqdarda və uyğun qiymətə alıcıya çatdırılması üçün aparılan insan fəaliyyətidir və biznesdə uğurun əsas şərtidir.
Ümumilikdə bir çox xarici ölkə iqtisadçılarının fikrincə marketinq sözünün açıqlanması üçün müasir dövrdə 2000-dən çox tərif verilmişdir. Bu təriflərin hər biri bu və ya digər formada marketinqin mahiyətinin açıqlanmasına yönəlmişdir. Bütün bunlar bir daha sübüt edir ki, marketinq iqtisadi kateqoriya kimi təsərüfat fəaliyyətinə elə böyük təsir dairəsinə malikdir ki, onun bütün elementlərini bir tərifdə cəmləmək çox çətindir. Marketinqə səlis tərif vermək üçün ilk növbədə ona hansı prizmada baxıldığını təyin etmək lazımdır.
Hal hazırda I qrup mütəxəsislər hesab edirlər ki, marketinq dedikdə: “müəssisənin fəaliyyətində bazarla əlaqəli bütün qərarların bir-başa olaraq istehlakçıların tələb və istəklərinə uyğun təşkil edilməsi başa düşülməlidir” (marketinq – idarəetmə kimi)
II qrup marketoloqlor hesab edilərlər ki: “marketinq bazarda xüsusi tədbirlər vasitəsi ilə müəssisənin istehsal etdiyi məhsul və xidmətlərin rəqabət qabiliyyətini artırmaq üçün aparılan tədbirlər məcmusudur” (marketinq – vasitə kimi)
III qrup belə hesab edir ki, “marketinq müəssisənin təsərüfat fəaliyyətində düzgün qərarların verilməsi üçün sistematik tədqiqat prosesinin aparılmasıdır” (marketinq – metod kimi) Sadalanan təriflərlə qismən razılaşsaqda hesab edirik marketinq məfhumunu bütün elementləri bu təriflərdə öz əksini tapmırlar.
Fikrimizcə, marketinq – cəmiyyətin təlabatlarını ödəmək vasitəsi ilə mənfəət qazanmaq üçün istehsal və satış (mübadilə) prosesinin kompleks təşkilidir. Bu tərif marketinq fəaliyyətinin əsas istiqaməti olan, firmanın istehsal və satış prosesinin bazarda baş verən proseslərə uyğun təşkil edilməsinin vacibliyini özündə əks etdirir. Başqa sözlə desək marketinq müəssisənin daxili mühitinin bazar təlabatlarına uyğunlaşdırılması prosesidir.
Marketinqin növləri
- Ekoloji marketinq (Green marketing) - ekoloji təmiz məhsulun təbliği; ətraf mühitə zərər vurmayan və yaxud təbii resursların qorunmasına kömək edən məhsulların marketinqi;
- Qlobal marketinq (Global marketing) - Qlobal marketinq “qlobal əməliyyat fərqlərini, oxşarlıqlarını və qlobal hədəflərə çatmaq üçün imkanları uzlaşdıran və ya dəyərləndirən dünya miqyaslı marketinq” olaraq təyin edilir.Qlobal marketinq eyni zamanda yerli, milli və beynəlxalq müştərilərə məhsullar, həll yolları və xidmətləri bazara çıxaran ümumi iş menecmentində bir tədqiqat sahəsidir.
- Təsir marketinqi (Influencer marketing) - "İnfluencer" marketinqi (təsir marketinqi kimi də bilinir) məhsul yerləşdirmə və təsir sahələri, fərdlər və öz sahələrində mütəxəssis olmaq üçün iddia edilən bir bilik və ya sosial təsir sahibi təşkilatlar tərəfindən təsdiqlənmələri əhatə edən bir formadır[2].Təsirləndirənlər, "Instagram", "YouTube", "Snapchat" və ya digər onlayn kanallar kimi bir növ orijinal (tez-tez sponsorluq edilən) bir məzmun yükləyərək başqalarının alışma vərdişlərini və ya ölçülə bilən hərəkətlərini təsir etmək gücünə sahib birisidir[3]."İnfluencer" məzmunu ifadəsi reklam kimi çərçivəyə salına bilər.
- Əlaqələr marketinqi (Relationship marketing) - Əlaqələr marketinqi, satış əməliyyatlarından çox müştərinin saxlanmasını və məmnunluğunu vurğulayan birbaşa marketinq kampaniyalarından inkişaf etdirilən bir marketinq formasıdır.
- Xidmətlər marketinqi (Services marketing) - Xidmət marketinqi marketinqin xüsusi bir sahəsidir.Xidmətlərin marketinqi ümumiyyətlə həm biznesdən istehlakçıya (B2C) həm də biznesdən biznesə (B2B) xidmətlərə aiddir və telekommunikasiya xidmətləri, maliyyə xidmətləri, hər növ qonaqpərvərlik, turizm istirahəti və əyləncə xidmətləri, avtomobil kimi xidmətlərin marketinqini əhatə edir.
- Sosial marketinq (Social marketing) - Sosial marketinqin əsas məqsədi "ümumi yaxşılığa" nail olmaqdır. Ənənəvi ticari marketinq məqsədləri müsbət sosial təsirləri olsa da, ilk növbədə maliyyə məqsədidir. Bir ictimai sağlamlıq kontekstində sosial marketinq ümumi sağlamlığı təşviq edəcək, məlumatlılığı artıracaq və davranış dəyişikliklərinə səbəb olacaqdır.
- Hədəf marketinq (Destination marketing) - Hədəf marketinq təşkilatı (DMO) bir yeri cəlbedici bir səyahət yeri olaraq tanıdan bir təşkilatdır.
- Ticarət marketinqi və sənaye marketinqi (Business marketing and industrial marketing) - Ticarət marketinqi, fərdlərin və ya təşkilatların (ticarət müəssisələri, hökumətlər və qurumlar daxil olmaqla) marketinq təcrübəsidir.Sənaye marketinqi (və ya işdən biznesə marketinq) malların və xidmətlərin bir işdən digərinə marketinqidir. Sənaye malları, bir və ya daha çox xammaldan son məhsul istehsal etmək üçün istifadə olunan bir sənaye sahəsidir. Sənaye marketinqi termini böyük ölçüdə B2B marketinq termini ilə əvəz edilmişdir (yəni biznesdən marketinqə).
- Kənd təsərrüfatı marketinqi (Agricultural marketing) - Kənd təsərrüfatı marketinqi kənd təsərrüfatı məhsulunun təsərrüfatdan istehlakçıya daşınması ilə əlaqəli xidmətləri əhatə edir.
Marketinqdə işlənən bəzi termin və anlayışlar
- Xüsusi brend (private label brand) - məxsusi pərakəndə satış mağazaları üçün araşdırılmış və mağazanın adından brend kimi istifadə edən ticarət şəbəkəsinin öz markasıdır;
- Şayiə marketinqi (buzz marketing) - informasiyanın şifahi formada ötürülməsi hesabına biznesi genişləndirmək cəhdi;
- Mikromarketinq ("nöqtəli" marketinq) - bazarın məxsusi coğrafi, demoqrafik və psixoqrafik seqmentləri, o cümlədən ayrıca mağaza üçün əmtəənin, bazar strategiyalarının və reklam kampaniyalarının araşdırılması;
- Məhsulun differensiallaşdırılması - keyfiyyəti, texniki xüsusiyyətləri, xarici tərtibatı ilə fərqlənən eyni bir məhsulun müxtəlif variantlarının istehsalı;
- Partizan marketinqi (ing.:Guerrilla Marketing) - xırda şirkətlərin bazarda sabit vəziyyət qazanmaq üçün nəhəng rəqib şirkətə müntəzəm olaraq kiçik zərbələr vurmaq üçün istifadə etdikləri marketinq strategiyaları;
- Meta-bazar (metamarket) - real bazarlar, məhsullar, istehsalçılar və satıcılar barədə informasiyanın verildiyi virtual bazar (müxtəlif axtarış saytları);
- Debrendinq - markaların marketinq strategiyalarında markanın adını silməsidir. Bu strategiyanı çox məşhur şirkətlər həyata keçirir;
- "Viruslu" marketinq (viral marketing) - onu maraqlandıran reklam təklifi almış şəxs həmin bildirişi öz dostlarına və tanışlarına göndərərkən reklam informasiyasının "dostdan-dosta" yollanması və yayılması üsulu;
- Kontra marketinq (ing. contra marketing) - Kontra marketinq tərəfin məruz qaldığı hücuma qarşı cavab vermə səyidir. Normal olaraq hər bir şirkət qarşı tərəfin hədəfi olduqda öz markasının dəyərini qorumaq məcburiyyətində olur. Bu bir növ marka mübarizəsinə çevrilir. Buna ən yaxşı nümunə olaraq; "Coca - Cola" - "Pepsi"ni göstərmək olar.
- 4P - İstehlakçı tələbinə təsir göstərmək üçün atılacaq addımların və yaxud imkanların dörd qrup dəyişənlərə görə qruplaşdırılması: məhsul (product), qiymət (price), yer (place) və həvəsləndirmə (promotion).
- 4C - marketinq kompleksinin elementlərinə (4 P - yə) qarşı alıcı baxışlarını əks etdirən elementlər;Müştəri təlabatının həlli(Customer solution);Müştərinin xərci(Customer cost);Rahatlıq(Convenience);Əlaqə(Communication).
Marketinqin planlaşdırılması
Marketinqin planlaşdırılması dedikdə məhsullar səviyyəsində planlaşdırma başa düşülür və bu planların yerinə yetirilmə müddəti bir ilə qədər olur.. H.Armstronq və F.Kotler marketinq planının aşağıdakı bölmələrini qeyd edirlər:
- Xülasə - Bu bölmədə planın məzmununun yüksək səviyyəli menecment üçün qısa xülasəsi verilir.
- Mövcud marketinq vəziyyəti - Bu bölmədə hədəf bazarı və həmin bazarda müəssisənin yeri müəyyənləşdirilir, eyni zamanda məhsulun bazardakı mövqeyi, onun paylanma kanalları, qiyməti təsvir edilir, rəqiblərin fəaliyyətinə aydınlıq gətirilir.
- Təhlükə və imkanların təhlili - Bu bölmədə müəssisənin marketinq strategiyasına təsir göstərə biləcək müsbət və mənfi xarakterli amillər şərh edilir.
- Vəzifələr və problemlər - Planın yerinə yetirilmə müddəti ərzində izlənilən məqsədlər və həmin məqsədlərə nail olma üçün hansı vəzifələrin icra oluncağı bu bölmədə əks etdirilir.
- Marketinq strategiyası - Strateji biznes vahidinin marketinq kompleksinin hər bir elementi üzrə reallaşdırılması nəzərdə tutulan strategiyaları planın bu bölməsində aydınlaşdırılır.
- Fəaliyyət proqramaları - Marketinq strategiyalarında nəzərdə tutulan tədbirlərin kimlər tərəfindən, nə vaxt və necə yerinə yetiriləcəyi marketinq planının bu bölməsində işıqlandırılır.
- Büdcə - Marketinq fəaliyyətinin həyata keçirilməsinə çəkiləcək xərclər marketinq kompleksinin elementləri üzrə bu bölmədə işıqlandırılır.
- Nəzarət - İllik marketinq planlarında nail olunması nəzərdə tutulan göstəricilərin səviyyəsinə necə nəzarət edilməsi məsələləri planın bu bölməsində aydınlaşdırılır
Həmçinin bax
İstinadlar
- "Marketing". investopedia.com (ingilis). Investopedia. 17 avqust 2020. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021.
- Bryan Lipiner. "What Is Influencer Marketing? An Industry on the Rise" (ingilis). babson.edu. Sentyabr 16, 2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- PARIS MARTINEAU. "The WIRED Guide to Influencers" (ingilis). wired.com. 12.06.2019 10:00 AM. 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.