Mariya Stüart (kraliça)
Mariya Stüart (ing. Mary, Queen of Scots) (8 dekabr 1542 və ya 1542[1][2] – 8 fevral 1587[3][4][…] və ya 1587[1]) — Şotlandiyanın Stüart sülaləsindən olan kraliçası.
Mariya Stüart | |
---|---|
ş.german Marie Stuart | |
| |
Şotlandiya monarxı[d] | |
14 dekabr 1542 – 24 iyul 1567 | |
Əvvəlki | V Ceyms |
Sonrakı | I Yakov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 dekabr 1542 və ya 1542[1][2] |
Vəfat tarixi | 8 fevral 1587[3][4][…] və ya 1587[1] |
Vəfat səbəbi | baş kəsmə |
Dəfn yeri | |
Sülalə | Stüartlar |
Atası | V Ceyms[5] |
Anası | Fransalı Mariya[5] |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Şotlandiya kralı V Ceymsin həyatda qalan yeganə övladı Mariya Stüart anadan olandan 6 gün sonra atası anidən vəfat etdi və o, Şotlandiya kraliçası elan edildi. Dövlət taxt naibləri tərəfindən idarə olunmaqda idi. Mariya isə təhsili ilə əlaqədar olaraq uşaqlığının böyük bir qismini Fransada keçirdi. 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evləndi. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olundu və ərinin ölümünə qədər bu ünvanı daşıdı.
Bir il sonra ərinin ölümü ilə dul qalan Mariya Stüart 1561-ci ilin avqustunda vətəninə geri döndü. 4 il sonra o, əmisi oğlu Darnley lordu Henri Stüartla evləndi. Ancaq bu evlilik bədbəxt sonluqla bitdi. Belə ki, 1567-ci ilin fevral ayında yaşadıqları köşkdə baş verən partlama nəticəsində Henri Stüart yaralandı və onun cəsədi bağçada yanmış şəkildə tapıldı. Yayılan şayələrə görə, Henri Stüartın ölümü Boutvil lordu Ceyms Hepbörn tərəfindən tərtib edilmişdi. Ancaq 1567-ci ilin aprel ayında baş tutan məhkəmədə Ceyms Hepbörn günahsız görüldü. Hətta məhkəmədən bir ay sonra Mariya Stüart Ceyms Hepbörnlə evləndi.
Ancaq bu evlilik Şotland əsizadələr və zadəganlar tərəfindən qəbul edilməz idi. Nəhayət cütlüyə qarşı başlayan üsyan nəticəsində Mariya Stüart ələ keçirildi və Lock Leven qalasına həbs olundu. Bir müddət sonra — 24 iyul 1567 tarixində Mariya Stüart Darnley lordu Henri Stüartdan olan oğlu 1 yaşlı Ceymsin lehinə zorla taxtdan əl çəkdirildi. Taxtı yenidən ələ keçirmək üçün göstərdiyi uğursuz cəhdin ardından Mariya Stüart İngiltərə kraliçası olan qohumu I Elizabetdən kömək istəmək məqsədilə gizlicə cənub sahillərinə qaçdı. Ancaq daha sonra Mariya İngiltərə taxtında haqq iddia etdi və "Şimalın yüksəlişi" adı verilən üsyanı başladaraq ölkədəki bütün katoliklərin liderliyini ələ keçirdi. Ardından I Elizabet onu İngiltərənin müxtəlif qalalarına həbs etdi. Təqribən 18 illik həbs həyatının ardından Mariya Stüart I Elizabetə sui-qəsd təşkil etməklə təqsirləndirildi və ardından 8 fevral 1587 tarixində edam edildi.
Uşaqlıq illəri
Mariya Stüart Şotlandiya kralı V Ceyms və onun ikinci xanımı olan Fransalı Mariyanın qızı olaraq 8 dekabr 1542 tarixində Şotlandiyanın Linlithgou qalasında dünyaya gəlmişdir. Vaxtından əvvəl dünyaya gəlmiş, bu səbəbdən yaşaması möcüzə olaraq görülmüşdür. Doğumundan 6 gün sonra, yəni 14 dekabr tarixində atası V Ceyms anidən vəfat etdi. Əfsanəyə görə, Kral V Ceyms qızının doğumunu ölüm döşəyində ikən eşitmiş və səltənəti qızına vəsiyyət etmişdir.
Kiçik Mariya qısa müddət sonra yaxınlıqdakı Müqəddəs Mikail Kilsəsində vəftiz edildi. Yayılan şayələrə görə uşaq olduqca çəlimsiz və xəstə idi. Ancaq ingilis diplomat Ralph Sadler 1543-cü ilin mart ayında Linlithgou Sarayına gəlmiş və körpə vəliəhdi öz gözləriylə görərək sağlam olduğu haqda məlumat vermişdir.
Mariya hələ körpə ikən taxta çıxdığı üçün Şotlandiya taxt naibləri tərəfindən idarə olunurdu. İlk taxt naibi protestant olan Ceyms Hamilton seçildi və Mariyanın anası hakimiyyəti ələ alana qədər — 1554-cü ilədək bu vəzifədə qaldı.
Qrinviç sülhü
İngiltərə kralı VIII Henri İngiltərə və Şotlandiya taxtlarını birləşdirmək məqsədilə vəliəhdi Şahzadə Eduardla Şotlandiya kraliçası 6 aylıq Mariyanın evlənməyini istədi. 1 iyul 1543 tarixində imzalanan Qrinviç sülhünə görə, Mariya 10 yaşına çatanda Şahzadə Eduardla evlənməli və İngiltərəyə gətirilməli idi. Bu müqavilə iki ölkənin qanuni olaraq ayrı qalmasını və əgər cütlüyün uşağı olmasa, ölkələrin yenidən ayrılacağını özündə ehtiva edirdi. Ancaq katolik olan Kardinal Beaton taxt naibi olaraq hakimiyyəti ələ keçirdi və Katolik Fransa lehinə siyasət yürütməyə başlatdı. Bu isə Fransa və Şotlandiya arasındakı əlaqələri qırmaq istəyən İngiltərə kralı VIII Henrini qəzəbləndirdi. Kardinal Beaton Mariyanı daha təhlükəsiz olan Stirlinq qalasına aparmağı təklif etsə də, Ceyms Hamilton buna qarşı çıxdı. Ancaq Linlithgou Sarayında toplanan məşvərət məclisində silahlı dəstələrin də təkidi ilə bu təklif qəbul edildi. Lennoks lordunun 3500 nəfərlik silahlı dəstəsinin müşayiəti ilə Mariya və anası 27 iyul 1543 tarixində Stirlinq qalasına gətirildi. Ralph Sadler'in qeydlərinə görə, 9 sentyabr 1543 tarixində 1 yaşlı Mariyanın tacqoyma mərasimi keçirildi.
Tacqoyma mərasimindən qısa müddət öncə, Fransaya gedən şotland tacirləri VIII Henri tərəfindən həbs edilmiş, buna cavab olaraq taxt naibi Ceyms Hamilton da digərləri kimi İngiltərəyə qarşı sərt siyasət yürütməyə başladı. Beləliklə, 1543-cü ilin dekabr ayında Şotlandiya parlamenti Qrinviç sülhünü ləğv etdi. Evlilik təklifinin qəbul edilməməsi və Fransa-Şotlandiya sülhünün yenilənməsi VIII Henrini qəzəbləndirdi. İngilis orduları və Fransadakı bəzi bölgələrə hücumlar etdi. 1544-cü ilin may ayında Hertford lordu Eduard Seymur (Ceyn Seymurun qardaşı) Edinburqa hücum etmiş, bu səbəblə Mariya daha təhlükəsiz olan Dunkeld qalasına qaçırıldı.
1546-cı ilin may ayında Beaton şotland zadəganları tərəfindən qətlə yetirildi və 10 sentyabr 1547 tarixində şotlandlar ingilislər tərəfindən ağır məğlubiyyətə uğradı. Mariyanın qoruyucuları təhlükəsizliyi üçün onu İnchmahome Kilsəsinə qaçırdı və Mariya 3 həftədən artıq burada qaldı. Bu müddət ərzində Fransadan kömək göndərildi.
Fransa kralı II Henri isə Fransa və Şotlandiya taxtlarını birləşdirmək üçün gənc kraliça ilə 3 yaşlı oğlu Şahzadə Fransisklə evləndirməyi təklif etdi. Fransadan gələcək hərbi yardıma inanan taxt naibi Ceyms Hamilton bu evliliyə razılıq verdi. 1548-ci ilin fevral ayında Mariya öz təhlükəsizliyini qorumaq məqsədilə Dambarton qalasına gətirildi. İngilislər isə hücumlarını davam etdirir, bu dəfə də Haddinqtonu ələ keçirmişdi. İyun ayında çoxdandır gözlənən Fransız ordusu Edinburqun şimalına gəldi və Haddinqton qalasını mühasirəyə aldı. 7 iyul 1548 tarixində Şotlandiya Parlamenti şəhər yaxınlığındkı bir rahibə evində çağırıldı və Fransa ilə evlilik sözləşməsi bağlamağı qəbul etdi.
Fransadakı həyatı
Sarayda bağlanan evlilik sözləşməsinin ardından 5 yaşlı Mariya növbəti 13 ilini keçirəcəyi Fransa sarayına göndərildi. Nikolay de Villegagnon'un rəhbərlik etdiyi dəniz donanması Mariya ilə birlikdə 7 avqust 1548 tarixində Dambartondan hərəkətə keçdi və Bretana gəldi. Mariya özü ilə birlikdə 2 ögey bacısını və Şotlandiyanın zadəgan ailələrinin Mariya adlı 4 qızını da Fransaya aparmışdı. Atasının ögey bacısı olan Mariya Fleming isə körpə Mariyaya dayə təyin olundu.
Cazibədar və olduqca gözəl olan Mariya Stüart Fransa sarayında bir nəfər istisna olmaqla hər kəsin göz bəbəyi olmuşdu — II Henrinin xanımı Ketrin Medici. Mariya ud və piano çalmağı, xəttatlığı, at çapmağı və əl işini çox sevir, yerli şotland dili ilə yanaşı fransız, italyan, latın, ispan və yunan dillərində də səlis danışa bilirdi. Bu illərdə gələcək baldızı Elizabet Valois'lə yaxın rəfiqə oldu.
Mariyanın portretlərinə nəzər salsaq görərik ki, onun balaca, yumru üzü, uzun və zərif boynu, parlaq yumşaq saçları, qəhvəyi gözləri, incə qaşları, hamar və solğun dərisi olub. Körpəlik vəya gənclik illərində çiçək xəstəliyi keçirsə də, bədənində bu xəstəliyə dair heç bir əlamət saxlamamışdı.
Mariyanın qüsursuz gözəlliyinə baxmayaraq gələcək əri olan Şahzadə Fransisk kəkələyirdi və olduqca balacaboy idi. Bütün bu uyğunsuzluqlara baxmayaraq 4 aprel 1558 tarixində Mariya Stüart gizli bir saziş imzaladı. Bu sazişin şərtlərinə görə, əgər Mariya Stüart övladı olmadan vəfat edərsə, onun İngiltərə və Şotlandiyadakı taxt haqqı Fransaya verilməli idi. Bundan 20 gün sonra o, Paris Məryəm ana Kilsəsində Fransa vəliəhdi ilə evləndi və Şahzadə Fransisk Şotlandiya kraliçasının əri elan olundu.
İngiltərə taxtına iddia
1558-ci ilin noyabr ayında VIII Henrinin böyük qızı Kraliça Mariya vəfat etdi və bacısı I Elizabeta taxta çıxdı. 1543-cü ildə İngiltərə parlamenti tərəfindən qəbul edilən Üçüncü Vərasət Qanununa görə Elizabet bacısının varisi olaraq elan olundu və Stüartlar İngiltərə taxtından məhrum edildi. Buna baxmayaraq bir çox katolik üçün I Elizabeta hələ də rəsmi varis hesab olunmurdu və sülalənin ən böyük nümayəndəsi olan Mariya Stüart İngiltərə taxtının yeganə varisi olaraq görülürdü. Nəhayət Fransa kralı II Henri böyük oğlunu və gəlinini İngiltərə kral və kraliçası elan etdi. Beləliklə, İngiltərə taxt 2 yerə bölündü. Məhz bu taxt mübarizəsi I Elizabeta və Mariya Stüart arasındakı əlaqələri qızışdırdı.
II Henri isə 10 iyul 1559 tarixində vəfat etdi. 15 yaşlı oğlu II Fransisk kral, onun xanımı Mariya isə kraliça elan edildi. Mariya Stüartın dayıları olan Guise hersoqu və Lorreyn hersoqu Fransa siyasətində önəmli rol oynadı.
Şotlandiyada protestant olan məşvərət məclisinin lordları Mariyanın anasının səylərinə baxmayaraq getdikcə gücləndi. Protestant lordlar protestantlığı qorumaq məqsədilə ingilis ordularını Şotlandiyaya dəvət etdi. 11 iyun 1560 tarixində Mariyanın anası Fransalı Mariya vəfat etdi. Bu səbəbdən Fransa-Şotlandiya əlaqələri bir müddət kəsildi. 6 iyul 1560 tarixində Mariyanın təmsilçiləri tərəfindən imzalanan Edinburq sülhünə görə, Fransa və Şotlandiya İngiltərədəki Elizabet hakimiyyətini tanımalı oldu. Buna baxmayaraq hələ də Fransada olan və anasının yasını tutan 17 yaşlı Mariya Stüart bu sülhü imzalamaqdan imtina etdi.
Şotlandiyaya dönüşü
Kral II Fransisk 5 dekabr 1560 tarixində anidən vəfat etdi və 18 yaşlı Mariya dul qaldı. Qaynanası Ketrin Medici digər oğlu 10 yaşlı IX Karlı taxta çıxardı və özünü yeni kralın taxt naibi elan etdi.
Mariya ərinin ölümündən 9 ay sonra Şotlandiyaya geri döndü və 19 avqust 1561-ci ildə Linlithgou Sarayına gəldi. 5 yaşından bəri Fransada yaşayan Mariya Şotlandiyadakı qarışıq siyasi vəziyyəti başa düşə bilmirdi. Dindar bir katolik olaraq atasını qohumu olan I Elizabetlə tamamilə ziddiyyət təşkil edirdi. Şotlandiya katolik və protestant qruplar arasında parçalanmış, Mariyanın ögey qardaşı olan Moray lordu isə protestantlığı qəbul edərək dini liderliyi ələ almışdı. Bütün ölkə ona qarşı birləşmiş, rəngli həyat tərzi səbəbilə vətən xaini olaraq anılmağa başlanmışdı.
Daha sonra Mariya yeni qurulmuş protestant məclisinin fəaliyyətinə göz yumdu və ögey qardaşı olan Moray Lordunu özünün baş məsləhətçisi seçdi. 6 sentyabr 1561 tarixində tərtib olunan 16 nəfərlik bu məclis isə həmin illərdə dövlətin müxtəlif strukturlarında olan protestantları qorumaqla məşğul idi. Məclisin yalnız 4 üzvü katolik idi. Bəzi tarixçilərə görə katolik dindar olan Mariyanın bu məclisin fəaliyyətinə göz yummasında əsas məqsədi günün birində protestant olan İngiltərədə hakimiyyəti ələ keçirmək istəyi idi. 1563-cü ilin dekabr ayında Mariyanın düşməni olan daha bir protestant bu məclisə üzv seçildi. Bütün bunlara baxmayaraq Mariya Stüart ölkədəki protestant-katolik ziddiyyətini azaltmaq üçün əlindən gələni edirdi. Bu məqsədlə hətta taxt mübarizəsi apardığı İngiltərə ilə belə siyasi əlaqələr qurdu. Məhz bu səbəbdən ölkədəki bəzi katolik kütlələrin nifrətini qazandı. Belə ki, 1562-ci ildə ona qarşı üsyan qaldıran ölkənin katolik liderini aradan qaldırmaq üçün Mariya ögey qardaşının başçılıq etdiyi protestant casuslardan istifadə etdi.
Mariya daha sonra Uilyam Maitland adlı şotland siyasətçini İngiltərəyə göndərdi və ona öz adından İngiltərə taxtı uğrunda mübarizə aparmaq üçün səlahiyyət verdi. İngiltərəyə gələn Maitland ilk növbədə kraliça ilə görüşdü. I Elizabet özündən sonra taxta çıxacaq vəliəhdi elan etməkdən imtina etsə də, öz qohumu Mariyadan daha yaxşı bir varis tanımadığını bildirdi. 1562-ci ilin əvvəllərində İngiltərənin York şəhərində hər iki kraliçanın görüşü üçün hazırlıqlar görülməyə başlandı. Ancaq iyul ayında Fransada başlayan vətəndaş müharibəsi səbəbilə I Elizabet bu görüşə gələ bilmədi.
Mariya isə daha vacib məsələlər üzrə düşünürdü. Avropanın kral ailələrindən özü üçün münasib olan bir ər axtarmağa başlamışdı. Lotaringiya kardinalı olan dayısı isə ondan xəbərsiz Avstriya hersoqu II Karlla evlilik məsələləri üzrə danışığa başlasa da, Mariya bundan xəbər tutan kimi dərhal müzakirələri sonlandırmışdır. Çünki onun evlənmək istədiyi şəxs başqası idi. Həm gələcəkdə taxt iddia etməməsi üçün, həm də güclü bir müttəfiq qazanmaq üçün İspaniya kralı II Filippin ruhi xəstə olan varisi Don Karlos'la evlənmək istədi. Ancaq bu evlilik təklifi vəliəhdin atası II Filipp tərəfindən qəbul edilmədi. I Elizabet isə Mariyaya özünün ən yaxın adamı olan Lester hersoqu Robert Dudley ilə evlənməyi təklif etdi. Bu evlilik təklifini qəbul etdiyi halda, Mariyanın İngiltərə taxtındakı haqqını tanıyacağını söyləyən I Elizabet əslində Mariyanı öz tərəfinə çəkmək və zərərsizləşdirmək istəyirdi. Ancaq bu təklif bir nəticə vermədi. Bunun bir çox səbəbi olsa da, bunlardan ən önəmlisi ər namizədinin istəksizliyi idi.
İkinci evliliyi
Mariya İngiltərədə yaşayan qohumu Darnley lordu Henri Stüartla hələ əri üçün yas tutarkən — 1561-ci ilin fevralında tanışmışdı. Henri Stüartın Şotlandiyanın adlı-sanlı əsilzadəsi olan valideynləri Mariya ilə aralarında yarana biləcək münasibətə ümidlənərək övladlarını Fransaya göndərmişdi. Həm Mariya, həm də Henri Stüart İngiltərə kralı VIII Henrinin bacısı Marqaret Tüdorun nəvələri idi və hər ikisi Şotlandiyanın adlı-sanlı zadəganlarından idi. Ancaq hər ikisi katolik və birinci dərəcəli qohum idi (Henri Stüart Mariyanın bibisi oğlu idi). Bütün bunlara baxmayaraq onlar 17 fevral 1565 tarixində Şotlandiyada yenidən görüşdülər və bir neçə ay sonra — 29 iyul 1565 tarixində evləndilər. İngilis dövlət adamları Uilyam Cecil və Lester lordu Henri Stüartın Şotlandiyaya getmək üçün lazımlı olan vətəndaşlıq vərəqini İngiltərədəki evindən oğurlamaq üçün cəhd etdilər. Buna səbəb isə I Elizabetin taxt qorxuları idi. Henri Stüart və Mariya Stüart I Elizabetin bibisinin nəvələri idi və əgər övladları olsaydı, bu uşaq İngiltərə taxtında haqq iddia edə bilərdi. Buna görə də həm qohumu, həm də İngiltərəyə bağlı əsilzadə olan Henri Stüarta bu nikahdan çıxmaq üçün təzyiq göstərirdi.
Mariyanın adlı-sanlı bir katoliklə evlənməsi Moray lordu olan qardaşını digər protestantlarla üsyan qaldırmağa vadar etdi. Mariya 26 avqust 1565 tarixində onlarla mübarizə aparmaq üçün Edinburqu tərk etdi və şimala doğru irəlilədi. Bundan istifadə edən protestant dəstələri 30 avqust tarixində Edinburqu mühasirəyə alsalar da, bir neçə gün sonra qalanı ələ keçirə bilmədən geri çəkildilər. Növbəti ay Mariya geridə qalan hərbi dəstələri də öz ətrafında birləşdirmək üçün Edinburqa geri qayıtdı. Tarixdə "üsyankar təqibi" adını alan bu hadisə nəticəsində nə Mariyanın ordusu, nə də Moray lordunun rəhbərlik etdiyi protestant dəstələri itki vermədi. Ancaq Şotlandiyada özünə tərəfdar yığa bilməyən Moray lordu bir müddət sonra İngiltərəyə qaçdı. Mariya isə katoliklər və protestantlar arasında razılığa gələrək şəxsi məşvərət məclisinin səlahiyyətlərini genişlətdi. Bir müddət sonra Darnley lordu öz təkəbbürünə məğlub oldu. Kraliça əri olaraq səlahiyyətlərindən narazı qalmış, kraliçaya səltənət nikahı bağlamağı təklif etdi. Bu nikahla kraliçanın vəfatından sonra belə Henri Stüart kral olaraq Şotlandiyanı idarə edə biləcəkdi. Ancaq Kraliça Mariya bu təklifi qəbul etmədi və cütlük arasındakı münasibətlər pisləşdi. Kraliça və şəxsi müşaviri David Rizzo arasındakı münasibətdən narazı qalan Henri Stüart 1566-cı ilin mart ayında vaxtilə "üsyankar təqibi"ndə Kraliça Mariyaya qarşı vuruşan protestantlarla gizli bir razılığa gəldi. 9 mart tarixində David Rizzo bir qrup protestant sui-qəsdçi tərəfindən hamilə kraliça Mariyanın gözləri önündə qətlə yetirildi. Bundan iki gün sonra tərəflər dəyişdi. Belə ki, bu dəfə protestantların hədəfi Henri Stüart oldu. 12 mart tarixində Darnley lordu və Mariya Stüart saraydan gizlicə qaçdılar. Bundan istifadə edən protestantlar məşvərət məclisinə 3 adamlarını daxil etdilər.
Darnley lordunun qətli
Cütlüyün yeganə övladı olan Şahzadə Ceyms 19 iyun 1566 tarixində Edinburq qalasında dünyaya gəldi. Ancaq David Rizzonun qətli bu cütlük arasında soyuqluq yaratmışdı. 1566-cı ilin oktyabr ayında Şotlandiya sərhəddində yaşayan Mariya Stüart Ceyms Hepbörnə baş çəkmək məqsədilə təqribən 4 saatlıq at belində səfərə çıxdı. Bu səfər Mariyanın düşmənləri tərəfindən istifadə olundu.
1566-cı ilin noyabr ayında Mariya və Şotlandiyanın adlı-sanlı zadəganları Edinburq yaxınlığındakı bir qalada gizlicə toplandılar. Boşanma məsələsi müzakirə olunsa da, son olaraq Henri Stüartın başqa bir yolla aradan qaldırılması qərarı qəbul edildi. Henri Stüart isə hər şeydən xəbərdar idi və miladdan sonra oğlunun vəftiz mərasiminin ardından ata mülkü olan Qlazqoya yola düşdü. Hələ yolda ikən böyük ehtimalla çiçək ya da zəhərlənmə səbəbilə ağır xəstəliyə tutuldu.
1567-ci ilin yanvar ayında Mariya ərini Edinburqa dəvət etdi. Henri Stüart isə hələ də sağalmamışdı. Edinburq yaxınlığındakı bir monastıra gələn Henri Stüart burada yaşamağa başladı. Mariya isə hər gün ərinə baş çəkirdi. Buna görə də hamı onlar arasındakı problemlərin həll olduğunu zənn etdi. 9 fevral 1567 tarixində Mariya ərinə sonuncu dəfə baş çəkdi. Səhərin ilk saatlarında monastırda böyük bir partlayış baş verdi. Kilsənin həyətində tapılan cəsədin üzərində heç bir zədə izi yox idi. Buna baxmayaraq hər kəs Ceyms Hepbörn, Moray və Morton lordlarını və Mariyanı təqsirləndirdi.
Fevralın sonlarına doğru artıq hər kəs cinayətin əsas səbəbkarı olaraq Ceyms Hepbörnü təqsirləndirirdi. Nəhayət, Henri Stüartın atasının istəyilə 12 aprel günü məhkəmə başladı və 7 saat davam edən məhkəmənin sonunda Ceyms Hepbörn günahsız olaraq azadlığa buraxıldı. Bir həftə sonra isə — 20 aprel günü Kraliça Mariya və Ceyms Hepbörn arasında nikaha girmə haqqında saziş imzalandı.
Şotlandiyadakı həbs həyatı və taxtdan endirilməsi
21–23 aprel 1567 tarixində Mariya Stirlinq qalasına getdi və sonuncu dəfə oğluna baş çəkdi. 24 aprel tarixində Edinburqa geri qayıdarkən isə Mariya Ceyms Hepbörn və adamları tərəfindən qaçırıldı. Bu qaçırılma kraliçanın istəyilə baş tutub, ya yox, bu isə hələ də bilinmir. Beləliklə, 6 may tarixində Mariya və Ceyms Hepbörn Edinburqa geri qayıtdı və 15 may tarixində Holirud Sarayında protestant ayinləri ilə evləndilər. Ceyms Hepbörn isə bu nikahdan 12 gün öncə ilk arvadından boşanmışdı.
Öncələri Mariya evliliyinin hamı tərəfindən qəbul ediləcəyinə inanırdı. Ancaq işlər istədiyi kimi getmədi. Katolik bir kraliçanın dinini dəyişərək protestant biri ilə evlənməsi yerli əhali və zadəganlar tərəfindən qəbul edilmədi. Katolik inancına görə, ərinin qatili olan biri ilə evlənməsi Mariyanı gözdən saldı. Məşvərət məclisinin üzvü olan 26 şotland zadəgan Mariya və Ceyms Hepbörnə qarşı böyük bir ordu topladı. Masselboro yaxınlığında 15 iyun tarixində qarşı-qarşıya gələn ordular kraliça Mariyanın təşəbbüsü ilə döyüşə girmədi. Zadəganlar kraliçanı ələ keçirib Edinburqa apardılar və məhkəmədə onu ərinin qatili olması ilə günahlandırdılar. Ertəsi gün Lock Leven qalasına həbs olunan hamilə kraliça 22 iyul tarixində uşağını itirdi. 2 gün sonra isə oğlu Şahzadə Ceymsin lehinə zorla taxtdan əl çəkdirildi. Ceyms Hepbörn Danimarkaya sürgün edildi, daha sonra havalanaraq 1578-ci ildə öldü. Kraliçanın ögey qardaşı Moray lordu isə taxt naibi təyin olundu.
İngiltərəyə qaçış
2 may 1568-ci ildə Mariya Stüart Lock Leven qalasından gizlicə qaçdı. 6 minlik bir ordu toplamaq istəyirdi ancaq 13 may tarixində ögey qardaşı və Şotlandiya taxt naibi ilə qarşılaşdı. Məğlub oldu və cənuba doğru irəlilədi. 16 may tarixində körfəzi bir balıqçı qayığı ilə keçərək İngiltərəyə getdi. Bir gün sonra isə yerli dövlət strukturu tərəfindən ələ keçirildi.
Mariya öz qohumundan kömək gözləyirdi. Ancaq I Elizabet çox ehtiyatlı davrandı və Henri Stüart cinayətinin yenidən araşdırılması haqqında əmr verdi. 1568-ci ilin iyul ayında Mariya Bolton qalasına aparıldı. Səbəb isə bu qalanın Şotlandiya sərhəddindən uzaqda yerləşməsi idi. Cinayət araşdırması isə 1568-ci ilin oktyabr ayından başladı və 1569-cu ilin yanvar ayında başa çatdı. Mariyanın dəstəkçiləri isə Şotlandiyada taxt naibi Moray lorduna qarşı üsyan başlatmışdı.
Gizli məktublar
Mariya isə taxtdan endirilən bir kraliça olaraq hansısa məhkəmədə iştirak etməkdən imtina etdi. York şəhərində keçirilən sorğu-sualda şəxsən iştirak etməkdən imtina etdi və öz əvəzinə vəkilini yolladı. Kraliça Mariyaya qarşı sübut isə çox gecikmədi. Belə ki, Mariya Stüartın Moray lordu olan ögey qardaşı bacısına qarşı ən güclü dəlili məhkəməyə verdi. Guya Mariya hələ Fransada yaşayarkən Ceyms Hepbörnə gizlicə yazılmış 8 məktub yollamış, bunlardan ikisi nikah sözləşməsi, digərləri isə Fransa kralı II Fransiskin şəxsi möhürü ilə təsdiqlənmiş sevgi məktubları idi. Ağzı kilidli bir ləl-cəvahirat qutusunda göndərilən bu məktubları inkar edən Mariya yazılardakı xəttin öz əl yazısı olmadığını irəli sürdü. Məhkəmə araşdırmasının rəhbəri olan Norfolk lordu məktubların nüsxələrini I Elizabetə göndərdi və qeyd etdi ki, məktubların həqiqiliyi isbat oluna bilmir.
Məktubun fransız dilində yazılan original nüsxələri 1584-cü ildə Mariyanın oğlu I Ceyms tərəfindən yandırılaraq məhv edildi. Yerdə qalan nüsxələri isə sonralar müxtəlif dillərə tərcümə olundu.
İstinadlar
- Dictionary of Women Worldwide (ing.): 25,000 Women Through the Ages. / A. Commire, D. Klezmer Detroit: Gale, Yorkin Publications, 2006. 2572 p. ISBN 978-0-7876-7585-1
- A Historical Dictionary of British Women. 2 Routledge, 2003. S. 306. ISBN 978-1-85743-228-2
- Fraser A. Mary // Encyclopædia Britannica (ing.).
- Lundy D. R. Mary Stewart, Queen of Scotland // The Peerage (ing.).
- Kindred Britain.
- Дарнлей, Генри Стюарт (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1893. Т. X. С. 146.