Maral düşərgəsi
Maral düşərgəsi — Qobustan ərazisində arxeoloji abidə.
Qobustan dövlət tarixi-bədii qoruğu | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Qaradağ və Abşeron rayonları |
Əsas tarixlər | 1966 - Qoruq idarəsi yaradılıb |
Üslubu | ibtidai incəsənət |
Sahəsi | 3096 ha |
Vəziyyəti | stabil, muzey kimi fəaliyyət göstərir |
Rəsmi adı: Gobustan Rock Art Cultural Landscape | |
Tipi | Mədəni |
Kriteriya | iii |
Təyin edilib | 2007 |
İstinad nöm. | 1076 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 26 |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Etimologiyası
Böyükdaş dağı yuxarı səki sahəsinin şimal hissəsində, dağın üstünə qalxan yolda 40–50 m qərbdə, 137 və 138 №-li qayadakı çox real çəkilmiş maral təsvirinin şərəfinə “Maral" düşərgəsi adlandırılmışdır.
Arxeoloji tədqiqatlar
Düşərgədən ilk dəfə qısa müddətdə daş, sonralar isə orta əsrlər dövründə maldarlar tərəfindən istifadə olunmuşdur. Burada 1990 və 1993-cü illərdə 60 kv.m sahədə arxeoloji qazıntı aparılmışdır. Burada Daş dövrünə aid material əsas 137 №-li şəkilli daşın şimal-qərb tərəfində və 138 №-li (maral şəkli) daşın cənub tərəfində yerləşir. Səviyyəsindən 80-100 sm dərinlik arasında, cəmi 11-12 kv.m-lik sahədə, 5-15 sm qalınlıq arasında aşkar edilmişdir.
Maddi-mədəniyyət tapıntıları
Buradan çaxmaqdaşı və çaydaşından 1200-ə yaxın qəlpə, lövhə və qırıq, 120-dən çox üzərində müxtəlif məqsədli xüsusi dişəkləmə aparılmış alət nümunəsi aşkar edilmişdir. Çaxmaqdaşından hazırlanmış alətlər kiçik ölçülüdür. Onlar bıçaqvari lövhədən olan qaşov (30), seqment (9), itiuclu (8), şatelperron tipli bıçaq (3), iskənə (14), ox ucluğu (3), biz (1), kəsər (1) və s. ibarətdir. Xüsusi kolleksiya təşkil edən (32) çox kiçik ölçülü çaxmaqdaşı qəlpəsi forma və qopardılma texnikasına görə levallua qəlpəsinin tam oxşarıdır. “Maral” düşərgəsindən (10) nüvə də tapılmışdır. Onlar (3-4) konus və prizma (4) şəkillidir. Çaydaşından rəsm döymə aləti (4), zərb aləti (3), çopper (5), çapacaq (5), kərki tipli alət (2), ilk qəlpədən kobud qaşov (2) tapılmışdır.
Düşərgənin maraqlı materiallarından biri yerli əhəngdaşından düzəldilmiş və qırmızı rəngdə (oxra) boyanmış qadın fiqurunun beldən aşağı hissəsidir. O, “Kənizə” düşərgəsindən tapılmış son Paleolitdən Mezolitə keçid dövrünə aid fiqurun oxşarıdır. Bu fiqurun oxşarı qadın təsvirinə Qobustanda Böyükdaş dağı yuxarı səki üzrə 29 №-li daşın şimal üzündəki qadın təsvirləri arasında, aşağı səki sahəsində 2 №-li daşda, Kiçikdaş dağında "Ceyranlar" düşərgəsinin divarlarını təşkil etmiş 49, 49a və 48 №-li qayalarda təsadüf olunur.
Qazıntılar zamanı torpaq altından 6 ədəd də şəkil (4 öküz, 1 keçi və dairədən ibarət) aşkar edilmişdir. “Maral” düşərgəsinin əldə edilmiş daş məmulatının ümumi səciyyəsi, mədəni təbəqənin tutduğu sahə və qalınlığı burada Neolit dövründə qısa müddətdə istifadə olunduğunu göstərir.
İstinadlar
Mənbə
- Azərbaycan arxeologiyası. İ cild. Bakı,2008.
- Rüstəmov C.N. Qobustan dünyası. Bakı,1994.
- Rüstəmov C.N. Oobustan petroqlifləri. Bakı,2003.
- Rüstəmov C.N., Muradova F.M. Oobustan petroqlifləri. Bakı,2003.