Maqnetit

Maqnetit – FeFe2O4 — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Maqnetit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Fe²⁺Fe³⁺₂O₄
Strunz təsnifatı IV/B.02[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya[2]
Zolaq rəngi qara
Sıxlıq 5,175 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

Titanlı-, xromlu-, vanadiumlu- və b. maqnetitlər.

Xassələri

Rəng – dəmiri-qara; Mineralın cizgisinin rəngi – qara; Parıltı – metal, bəzən yarımmetal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9-5,2; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – nadir hallarda {111} üzrə; Başqa xassələr – güclü, bəzən polyar maqnit xassəsi təzahür edir; Morfologiya – kristallar: oktaedrik, nisbətən az rombododekaedrik; İkiləşmə: {111} – şpinel qanunu üzrə; Mineral aqreqatları: dənəvər, sıx, radial -şüalı, böyrəkvarı, hisə (dudaya) bənzər kütlələr, xrizotil-asbest, bitki qalıqları və s. üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

Poligen mineraldır. Ən iri yığınları maqmatik, kontakt-metasomatik və regional-metamorfik proseslər nəticəsində əmələ gəlir. Maqmatik mənşəli maqnetitə əsasən qabbro, norit, piroksenit, anortozitlərdə və aksessor mineral kimi müxtəlif püskürmə süxürlarında (ultraəsasidən turşadək) rast gəlinir. Həmçinin karbonatitlərdə, bəzən peqmatitlərdə qeyd edilir. Nadir hallarda vulkan yamaclarında maqnetitin soyumuş, içərisində hematit və apatit aşqarı olan lava axınları müşahidə edilir. Fumarolların fəaliyyəti ilə əlaqədar olan süxurlarda da maqnetit tapıntıları məlumdur. Maqnetitin kontakt-metasomatik əmələgəlmələri karbonat süxurları ilə qranit və siyenitlərin kontakt zonasında formalaşan kalsiumlu və maqneziumlu skarnlarda qeyd edilir. Maqnetitin regional - metamorfik mənşəli mühüm topluları limonit cisimlərinin və dəmirlə zənginləşmiş çökmə süxur qatlarının dəyişilmə prosesinin məhsulu olub, dəmirli kvarsitlər və roqoviklər içərisində yerləşir. Mineralın hidrotermal əmələgəlmələri, adətən, sulfidlərlə birlikdə müşahidə olunur. Maqnetit həm də ekzogen proseslər nəticəsində əmələ gəlir. Dayanıqlı kimyəvi birləşmə kimi səpintilərdə toplanır. Meteoritlərdə və ay süxurlarında aşkar olunmuşdur. Birlikdə rast gəldiyi minerallar: hematit, ilmenit, pirrotin, pentlandit, xalkopirit, pirit, sfalerit, qalenit, kvars, apatit, qranat, xlorit, epidot, kalsit, skapolit, hersinit və b. Mineralın tapıldığı yerlər: Kirunavaara və Lüssavaara (İsveç); Maqnitoqorski, Kusinski, Kovdorski yataqları, Vısokaya və Blaqodat dağları, Jeleznıy Kryaj (Rusiya); Krivoy Roq (Ukrayna); Filizli Dağlar (Almaniya); Buşveld (CAR); Labrador yarımadası (Kanada); Yuxarı göllər rayonu (ABŞ) və b. Azərbaycanda maqnetitin nəhəng kütlələri Daşkəsən dəmir filizi yatağında toplanmışdır. Habelə Şimali-Daşkəsən dəmir filizi - kobalt, Darvadağ (Novo-İvanovka) dəmir filizi (Gədəbəy rayonu) yataqlarında, Çardağlı və Atabəy hematit təzahürlərində (Şəmkir rayonu) qeyd edilir. Tez-tez çökmə mənşəli dəmir filizi təzahürlərində rast gəlir: Daşkəsən (Tutunsar, Bayansar, Göylük, Zəylik və b.) və Şəmkir (Çinarlıdərə, İrmaşlıdərə, Novludərə, Suludərə, Seyfəlli və b.) rayonlarında titanlı-maqnetitli qumdaşlarında, Xəzər dənizinin Lənkəran-Astara sahillərində avqit-titanlı-maqnetitli qumlarda yayılmışdır. Maqnetit həmçinin bir sıra kolçedan, polimetal, mis- və molibden-porfir, qızıl filizi obyektlərində də (Ağdərə, Mehmana, Göydərə, Filizçay, Katsdağ, Ağduzdağ filiz sahəsi və b.) qeyd edilir.

Tətbiqi

Mühüm dəmir filizidir.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Magnetite // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
  2. mineralienatlas.de (ing.).

Xarici keçidlər

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.